20 Avqust 2014 15:51

Təhsil Nazirliyində tədris ilinin yekunlarına dair müşavirə keçirilib. Müşavirədə nazirliyin struktur bölmə rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri və digər məsul işçilər iştirak ediblər.

Təhsil nazirliyindən Teleqraf.com-a daxil olan xəbərə görə, müşavirədə təhsil naziri Mikayıl Cabbarov çıxış edib, ötən dərs ilinin əlamətdar hadisələrlə yadda qaldığını və ölkə təhsilinin strateji inkişafı baxımından başlanmış islahatların uğurla davam etdirildiyini deyib.

Ötən dərs ilində təhsilin inkişafı ilə bağlı bir sıra əhəmiyyətli sənədlərin qəbul edildiyini nəzərə çatdıran nazir məktəbəqədər təhsilin əhəmiyyətinə də toxunub. Nazir təhsilin məzmunu, müəllimin fəaliyyətinin səmərəliliyinin artırılması, tədris resurslarının hazırlanması, təhsil müəssisələrinin işinin günün tələbləri səviyyəsində təşkili və mövcud olan mənfi hallara qarşı mübarizə sahəsində aparılan islahatların müsbət nəticələr verməsini təqdirəlayiq hal kimi dəyərləndirmişdir.

Daha sonra müşavirədə çıxış edən məruzəçilər 2013-2014-cü tədris ilinin yekunları, ümumi təhsil məktəbləri məzunlarının buraxılış imtahanlarında göstərdiyi nəticələrin müqayisəli təhlili, respublika fənn olimpiadalarının təşkili, müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu, Bakı şəhərindəki ümumi təhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi, məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil edilmiş təlimlər və məktəb direktorlarının təyin olunması prosesi, növbəti tədris ilinə hazırlıqla bağlı qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

Təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin 24 iyul 2014-cü il tarixli "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən, regional təhsil idarələrinin yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması yönündə deyil, eləcə də digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacağını da bildirib: “Nəticə etibarı ilə müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi sayəsində yerlərdə təhsilin idarəedilməsində şəffaflığın və aşkarlığın artırılmasını təmin etmiş olacağıq. Struktur islahatları təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət edir.

Sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyində xüsusi işçi qrupun yaradıldığını söyləyən nazir bununla bağlı Fəaliyyət Planının hazırlandığını nəzərə çatdırıb. Fəaliyyətdə keçmişə deyil, gələcəyə baxmağın zəruriliyini önə çəkən təhsil naziri qarşıya qoyulmuş vəzifələrin təhsil sisteminin real inkişafına yönəldiyini qeyd edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Müşavirədə, o cümlədən, regional idarələrin formalaşdırılması üçün atılacaq addımlar, qarşıda duran vəzifələr, digər dövlət orqanları ilə fəaliyyətin koordinasiyası və digər məsələlər ətraflı müzakirə olunub.

SEVİL


Müəllif:
Загрузка...