23 May 2017 13:24
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə qorxu ilə pul tələb etməkdə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Daha sonra dövlət ittihamçısı Elməddin Fərzəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxsə verilən ittihamları absurd adlandırıb: "Zərərçəkmiş Qurbanəli Səfərov yalançı şahidlər tutdu. Həmin şahidlər də məhkəmədə hadisəni görmədiyini dedilər.

Zərərçəkmiş iddia edir ki, Elməddinin kriminal aləmin nümayəndələri ilə sıx əlaqələri var. Avtoritetlik edir. Lakin nə istintaq materiallarında, nə də məhkəmə dövründə o barədə bir cümlədə deyilmədi".

Vəkil çıxışının sonunda müdafiə etdiyi şəxsə narkotik ittihamının də heç nədən verildiyini deyib. O, Elməddin Fərzəliyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Növbəti proses mayın 26-da davam edəcək.

Elməddin Fərzəliyev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) və 234-cü (narkotik vasitələrin qaunusuz əldə etmə) maddələri ilə ittiham edilir.

İttihama görə, zərərçəkmiş Qurbanəli Səfərov şikayətində bildirib ki, Elməddin Fərzəliyev "Neftçilər" metrosu yaxınlığındakı kafedə ondan 1000 manat pul tələb edib. O, 400 manat verdiyini bildirib.

Zərərçəkənin şikayəti əsasında Elməddin Fərzəliyev saxlanılıb.

Elməddin Səfərov kriminal aləmdə "Elməddin Vasmoyski" ləqəbi ilə tanınır.


Müəllif: Hacı Zeynalov