6 Dekabr 13:04
305

Kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Məhəbbət Namazovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqrdarda narkotik əldə etmə) maddəsini həmin məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) madddəsinə, 228.2.2-ci (qanunsuz silah saxlama) maddəsini isə 228.1-ci maddələrinə tövsif edilməsini istəyib.

Prokuror Məhəbbət Namazovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

İttihama görə, Məhəbbət Namazov 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik aşkar olunub.

Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən xeyli patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhəbbət Namazov kriminal aləmdə Quli Bakinski ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsidir.


Müəllif: Hacı Zeynalov