11 Yanvar 16:42
2 572

Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Teleqraf.com-un məlumatına görə, Çingiz Cəlilov ifadəsində deyib ki, Çudo Peçka MMC-ni 2001-ci ildə təsis edib.

MMC qida istehsalı və satışı ilə məşğul olub. İşlə bağlı bir neçə banka kredit üçün müraciət edilib, götürülən kreditlər öz ödənişi ilə vaxtında ödənilib.

Çingiz Cəlilov qeyd edib ki, 2006-cı ildə Yaşar Babayevlə Bakı Biskivit Fabrikini fəaliyyətə gətirmək üçün işləməyə başlayıb: “Yaşar Babayevin sahibi olduğu “ABU holdinq”in baş direktoru işləmiş Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsi ilə də “Standart Bank”ın idarə heyətinin sədri Səlim Kirmanla münasibət qurduq.

Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün əsasən qardaşım Pərviz Səlimlə münasibət saxlayırdı”.

Çingiz Cəlilov bildirib ki, bir müddət sonra qardaşı Pərviz ona Səlim Kirmanın şirkətin 30 faizini almaq istədiyini deyib: “Bu təkliflə razılmaşdıq. 2008-ci ildə iqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona məxsus “Kes holdinqs limited” şirkətinə güzəşt etdik”.

Biznesmen qeyd edib ki, Səlim Kirman bütün şirkəti “Bank Standart”ın təşəbbüsü ilə yaranan “Bakery operatinq Company” MMC-yə kənar idarəçiliyə verib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Səlimlə aralarında bağlanmış ayrıca müqaviləyə əsasən, ona olan 1 milyon 212 min manat borcu silinməli, əlavə olaraq hər ay şirkətin gəlirlərindən başqa, 30 min manat şəxsi xərclərlə bağlı ona ödənməliymiş.

Çingiz Cəlilovun ifadəsinə görə, Səlim Kirman tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirməyib. O, bilidirib ki, Səlim Kirman 1 milyon 212 min borcu ödəməyib, 5 ay sonra isə aylıq müqaviləyə əsasən ödəməli olduğu 30 min manatı da verməyib: “Borcun 800 min manatını ödədim. 400 min manatlıq əmlakı da girov qoydum. Səlim Kirman şirkət gəlirlərindən heç bir ödəniş etmədi. Şirkət 2016-cı ilədək Səlim Kirmanın sərəncamında olub.

Səlim Kirman 2012-ci ildə Çudo Peçka MMC-nin daha da inkişaf etdirilməsini təklif etdi. Bu məqsədlə digər ailə üzvlərimin adına kredit götürülməsini məsləhət gördü. Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələri çox böyük məbləğlərdə idi. Həmin sənədlər arasında kassa məxaric ordeni olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq.

Amma nə biz banka çağırıldıq, nə də sənədi verdilər. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini deyirdi. 2014-cü ilin iyun ayında isə mənə və ailə üzvlərimə Səbail rayon Məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq bank tərəfindən mülki iddia qaldırması ilə bağlı məktub gəldi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb.

Rayon Məhkəməsi bizi cavabdeh kimi qəbul edib, əleyhimə qərar çıxardı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən “Çudo Peçka” şirkətinə yönəldilib. Məhkəmə dövründə nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi. Bildik ki, 150 min manat mənə aid olan hesablara köçürülüb. Amma qalan məbləğlər 3 şəxsin hesablarına köçürülüb. Bunu bank əməkdaşları ifadələrində təsdiq etdilər. Bununla da, birinci instansiya məhkəməsi bizim tələbimizi təmin etdi. Lakin apelyasiya instansiyası qərarı bankın xeyrinə dəyişdi”.

Çingiz Cəlilov qeyd edib ki, 2016-cı ildə isə Binəqədi rayon Məhkəməsinin qərarı ilə şirkət onlara qaytarılıb: “Apardığımız yoxlamalar zamanı bizə məlum oldu ki, ailənin adına götürülən kreditlər şirkətin işlərinə yönədilməyib. Səlim Kirmanın təklifi ilə mən, övladlarım və qardaşımla yanaşı, işçilərimin, qohumlarımın da adına kreditlər götürdük. Götürülən kreditlərlə 2006-2009-cu illərdə "Qara Qarayev", "Neftçilər", "Nərimanov", "Əhmədli", "İnşaatçılar" metrolarının yaxınlığında, eləcə də 3-cü mikrorayon ərazisində olan mağazalar açıldı. Həmçinin “5 Qazan” kulinariya evi işə salındı. Bundan başqa torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılırdı”.

Çingiz Çəlilovun sözlərinə görə, 2009-cu ilədək banka olan borclar vaxtı-vaxtında ödənilib: “Bu illər ərzində banka ümumilikdə 15 milyon manat pul ödənilib. Kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyəti ilə qardaşım Pərviz maraqlanırdı. Səlim Kirmanla danışıqları məhz o aparırdı. 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifi ilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi.

Səlim Kirman şirkəti ələ keçirmək niyyəti ilə yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb məsələni aydınlaşdırmaq, bizi niyə məhkəmə verdiyinin səbəbini öyrənmək istədim. Səlim dedi ki, bu, bankın qeyri-rəsmi rəhbəri, sabiq nazir Heydər Babayevin və xanımın qərarı idi”.

Çingiz Cəlilovun sözlərinə görə, şirkətinin idarəçiliyi Səlim Kirmana veriləndə 14 mağaza var idi, kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə gedib.

Çingiz Cəlilov qeyd edib ki, ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib.

Qeyd edək ki, Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilov və “Bank Standart”ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.


Müəllif: Hacı Zeynalov