31 İyul 2015 11:01
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə odlu silahla cinayət törətməkdə təqsirli bilinən Gülağa Lətifovun məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu ilin fevralın 23-də saat 20.00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib.


Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.

İstintaq araşdırması zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb.

Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Yaranmış münaqişədə Gülağa Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə Gülağa Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib.

Hadisə zamanı güllə yarası alan Akif Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır. Gülağa Lətifov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülağa Lətifov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Gülağa Lətifov apelyasiya şikayəti verərək barəsində təyin olunmuş ömürlük azadlıqdan məhrum etmə cəzasının ləğv edilməsini və cəzasının müddətli cəza ilə əvəz edilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsində, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən ilkin dinləmə zamanı Gülağa Lətifovun apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib.

Məhkəmənin ilkin baxış iclasından kasasiya şikayəti verən Gülağa Lətifovun vəkili qeyd edib ki, apelyasiya instansiyasında işə məhkəmə istintaqı ilə baxılmasını istəyib.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilinin kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: