19 Sentyabr 2016 15:44
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Sevinc Elsevərin "Aman ayrılıq" poemasını təqdim edir:

Həcər Qarabağ gözəliydi

kənddə hamıdan
gözəliydi....
çirkinlər ona qibtə edirdi
o, çirkinlərə
onun qədər adları
düşmürdü dillərə deyə...
“gözəl olunca bəxtim olsun”- deyirdi
bu yerin qızları
gözəllikdən bəla çəkirdi
çünki başları...
Həcərin gözəlliyindən qızlar
gəlinlər də danışırdı
çoxu onun dərdindən
yanırdı, alışırdı...

adı yayılmışdı mahala
çox gənci salmışdı məlala
olsa da əri, uşağı
qəm ortağı...

amma bacı deyirdilər ona
ürəklərinə daş basıb
onu gizli-gizli sevənlər
yoluna çıxmazdılar...
dönüb baxmazdılar...

bir gün bulaqdan gəlirdi Həcər
çiynində ağır səhəngi...
qabağına bir atlı çıxdı
Həcər atlını yandırdı-yaxdı...
Qaçdı ayağından üzəngi...
bu elə bir vaxtdı
adamlar sevə bilirdilər ilk baxışdan
bir könüldən min könülə vurula bilirdilər
nağıllardakı kimi...

atdan düşdü gənc oğlan
Həcərə yaxınlaşdı...
Qorxdu Həcər
Birtəhər uzaqlaşdı...
ətrafda kimsə yox idi
sanki hər şey yuxu idi...
çox görmüşdü yuxuda
kəsirlər yolunu
kimsə salır boynuna
zorla-güclə qolunu
Həcər bu yuxulardan
qan-tər içində oyanırdı
gördüyü yuxudan utanırdı
üzü allanır
istidən yanırdı...
yuxuda belə
istəmirdi kimsə ona toxuna
ərinə xəyanət edirmiş kimi
gəlirdi ona...

ləçəyini düzəltdi
üzünü yaşmaqladı
qaçdı Həcər, götürüldü
Çıxdı ayağından başmaqları
Göyçək Fatmanın başmağı kimi
qaldı düzdə başmaqları

adamın adı Əbdül idi
Arazın o tayından gəlirdi
bilmirdi ərdədi Həcər
əri var, uşaqları var
evi var, qəmxarı var....
Əbdül əlində başmaq
dayandı yolun üstdə
payızdı, quşlar köç edirdi
yarpaqlar durmurdu artıq
budaq üstdə...
Əbdül neçə gün
izlədi Həcəri
Həcər bulağa tək gəlmirdi daha
qoşulurdu qızlara, qadınlara
Əbdül baxıb kənardan
gözünü çəkmirdi ondan
Həcərsə soyuqdu qara daş kimi...
dinib-danışmır
başını qaldırmırdı
xırdaca qarışqa boyda gəlmirdi Əbdül eyninə
bu da toxunurdu Əbdülə
bir söz deməsə də uzaqdan
Həcəri ovlamaqçun qururdu plan

Həcərsə öz işindəydi
Uşaqlarının, evinin
ərinin peşindəydi...
Əbdül yadından çıxmış
Əbdül düşərmi yada?
Azmı olub bu kəndin
Oğlanları baxa ona?
Köks ötürə dalınca
İzləyələr evəcən
Ərdə olduğunu bilincə
əl çəkib gedələr

qız-qadın üstündə
az qan axmamışdı bu kənddə
qardaşı, atası, əri amanda olsun deyə
çoxu dərdini özündə saxlayırdı
qız vardı
gözüyaşlı
qəlbi dağlı
eşq odundan yanıqlı
gecə-gündüz bir küncə çəkilib ağlayırdı
özünə qıyanı vardı
özünü odlayanı vardı
özünü çaya atan
göz-görəti suda batan...
odda yanan, suda batan
bu qızların hər biri bir gözəliydi
bir evin çırağıydılar
bir gözün işığıydılar
bir ananın
bir atanın
toxunmağa qıymadığı
əziz uşağıydılar...

Əbdülün işi bitirdi

keçməliydi o taya
Həcərsiz də qala bilmirdi
ayaqları getmirdi...
bir gün düşdü dalınca
Həcərgilə varınca
çatıb arxadan səslədi
axşam atana de
sənə elçiyəm dedi...
Həcərin gözləri bərəldi
bəbəkləri genəldi:
“mən ərdəyəm ərim var
oğlum var, qızım var...
çıxma bir də yoluma
ərim bilsə öldürər
məni səndən əvvəl” - dedi

Əbdülün gözlərini
məhəbbət bağlamışdı
oturub səhərədək
doyunca ağlamışdı
gözündən damla-damla
axıb getsə də göz yaşı
tökə bilməmişdi
ətəyindəki daşı
səhərə yaxın
qəlbinə buraxmışdı yaxın
şeytanı...
silahlı hücum etmişdi
Həcərin evinə...
qıymışdı ərinə
al-qana boyamışdı
Həcərin ağzını bağlayıb
atın tərkinə atmışdı
qalxmışdı ərşə Həcərin fəryadı
ağzı bağlıydı deyə
qonşular duymamışdı
Allah da həmin vaxt
yatıb yuxuya qalmışdı...
Əbdül yuxuda mələk tək yatan
uşaqlara qıymamışdı
Həcərin quru yataqda
bir oğlu, bir qızı qalmışdı.

uşaqlar oyandılar
atalarının qanlı
cəsədini tapdılar
oğlan qızdan böyükdü
qanırdı azdan-çoxdan...
qaçıb qonşulara xəbər saldı
qonşular haraya gəldi...
qanlı günün üstündən
günlər ötdü
Həcərin oğlu Mərdan
bacısıyla meydanda qaldı tək
aclıq, yetimliklə təkbətək
kim gördü başlarını sığalladı
yaşlı qadınlar gizlincə ağladı...
gözlərini yaylığın ətəyinə
silib ağladılar
qırx gün, qırx gecə yas saxladılar...
sonra unuduldu bu əhvalat
az-az düşdü yada
yoxdu uşaqların kimsəsi
bu dünyada...
Mərdanın bircə bacısı
xəstələndi, qızdırdı
Mərdan həkim nədi bilməzdi
qaçdı mollaya
dualar yazdırdı...
köməyi olmadı nə Allahın
nə bir bəndənin
həyat körpə qızı
ölüm səhrasında azdırdı...
Mərdan bacısını itirdi
onu yerdən götürdü...
bacısından bircə yaylıq qaldı əlində
bir də bir layla qaldı dilində
Mərdan o laylanı anasından öyrənmişdi
anası gedəndən
hər gün bacısına
o laylanı demişdi:
“laylay deyim yatasan
qızılgülə batasan
qızılgülün içində
şirin yuxu tapasan...”

Mərdan and içdi: böyüyər
qalxıb İrana gedər
tapar ata qatilin
anasının öcün alar
Mərdan böyüyüncə
çox şey oldu, dəyişdi
Arazın üstündə
quruldu tikanlı məftillər
tamam qoparıldı
bir-birindən ellər
əllər, dillər...

Mərdan böyüdü
hətta qocaldı
uşaqları oldu
qızı saçıyla oynadı
oğlu saqqalın yoldu...
Mərdan unutmadı
o dəhşətli günü...
gözlədi görüş vaxtın...

bilmirdi anası sağdımı
ölübmü yoxsa çoxdan?
indi görüşə bilsələr
nə deyə bilər Mərdan?
nə soruşar ki, ondan?
unudubmu anası
onu da, bacısını da
xəbəri yoxdu yəqin
bacısının acısından...
Mərdan ağlardı gecələr
ən çox sabaha qarşı
heç nə qata bilmirdi
Mərdanın başın...
nə kolxozdakı uğuru
nə aldığı medallar
keçmişi unutdurmurdu
yaddan çıxmırdı olanlar...
Mərdan gizlicə o arzuyla yaşayırdı
İranla açılacaq aralar
Mərdan gedəcək
anasını tapacaq

o taydasa Həcər
canına qəsd elədi
neçə kərə
ölmək istədi...
amma
özünü odlamağa onu qoymadılar...
Həcər günüsünün dizinə
başını qoyub ağladı
sevmirdi o, ərini
Əbdülə nifrət edirdi
sinəsinə daş bağladı...
oturdu, illəri saydı
bu tayda qoyub gəldiyi
balalarını arzuladı...
nə yedilər, nə içdilər
necə yaşadılar
necə böyüdülər
ona nifrət edirlərmi
onu hələ sevirlərmi?
sual etdi min dəfə
onu əritdi bu qəfəs...
Həcərin iki oğlu oldu
Bir qızı
yenə ana oldu
uşaq bələdi,
böyütdü
amma nə Mərdanı,
nə bacısını unutdu...
uşaqlarına qardaşlarından söz etdi
bacılarından danışdı
“bir gün mən olmasam da
tapın qardaş-bacınızı”- dedi
“yoxsa sizə südümü
halal etmərəm”- söylədi
uşaqları söz verdilər ona
Həcər yana-yana
köç etdi bu dünyadan
o taydakı övladları da
doymadılar ondan...

qadın bəxtinin yiyəsi deyildi
qadın özünün sahibi deyildi
hisslərin nədi,
nə istəyirsən sormurdular ondan
sən də sevə bilirsənmi
ürəyin varmı sənin
sormadılar bir kərə
nə birinci dəfə evlənəndə
nə ikinci dəfə
soruşmadı ondan bir kimsə
varırsanmı bu adama
istəyin varmı ürəyində? - deyə...
qadın heç bədəninin də sahibi deyildi...
soruşmurdular qadından
uşaq doğmaq istəyirsənmi?
keçirmi könlündən ana olmaq?
layla demək istəyirsənmi
gecələr səhərəcən?
əlindən uşağını alırdılar...
oyuncaq kimi...
o özü də oyuncaqdı əllərdə
taleyinin açarı ellərdə...
onun yerinə ellər qərar verirdi
qadın insan deyildi...
qadın sanki özgə məxluq idi
Həcər ürək ağrısıyla bunu bilirdi...
taleyinə boyun əyib
yaşamalıydı
ya da özünü öldürüb
bu dünyayla işini bitirməliydi...
Həcər balalarına
qovuşmaq istəyirdi
böyük bir inamla
o günü gözləyirdi...
ömür vəfa etmədi
Həcər şam tək əridi
xiffətdən, dərddən, həsrətdən
gözünü yumdu Həcər
qalmadı gözəlliyindən
bu dünyada bir əsər...
dalınca ağladılar
o taydakı uşaqları
bu tayda Mərdan
anasının öldüyündən xəbərsiz
Həcər də köçdü dünyadan
qızının ölümündən xəbərsiz...

aylar keçdi
illər ötdü...
Arazın bu tayı azad oldu
gediş-gəliş açıldı...
ayrılanlar ayrılıq həsrəti çəkə-çəkə
köçmüşlərdi dünyadan
xatirələrə gömülmüş adamlar da
çıxmışdı yaddan
adamlar sevinirdilər
yadlar da doğmalar kimi görüşürdülər
Arazın üstdə...
Mərdan çox qocalmışdı
düşünürdü anası köçər indi dünyadan
sağ qalmaz
atasının qatili olan adam
Mərdan Arazı qınayırdı
baxırdı sularına
başını bulayırdı...

gün gəldi
Qarabağda başladı savaşlar
buludlar yağmadı ta yağışlar
güllələr yağdı göydən
başını itirdi Mərdan...
ailəsin götürdü
Arazı vurub keçdi
güllələr Arazda
adamları biçdi...
qan gölünə döndü Araz
Həmin vaxt Həcərin iki oğlu
Arazın sahilindəydi
bu taydan o taya keçənləri
zülm əlindən qaçanları
görməyə gəlmişlərdi
sağ qalanlardan sordular
Mərdanı aradılar...
xoşbəxtlikdən tapdılar
sağ-salamat Mərdanı
qucaqladılar onu...
dedilər anamız ölüncə
adını sayıqladı
gecə-gündüz ağladı
bircə gün də qırmızı geymədi
elə qaralar bağladı...
gülən görmədik anamızı biz
səni tapacağımıza
qucaqlayacağımıza
söz vermişik biz...
Mərdan bacısının dərdini
anasıyla böləmmədi
anası yox idi artıq
dərdini anasına yükləyəmmədi...
anasının da dərdini
aldı çiyninə Mərdan
itirdiyi ata-anasının
gözünün ağı-qarası
bacısının
evinin, yuvasının
əvəzində tale ona
iki qardaş, bir bacı
vəd edirdi
dayanmışdılar önündə
açmışdılar qollarını
onların da saçlarını
daramışdı anası
eyni laylanı söyləmiş
onu oxşadığı kimi oxşamışdı
Mərdanın həsrətində olduğu əllərlə
toxunmuşdu onlara...
xəstələnəndə başları üstündə dayanmış
əlləriylə onlara corablar, canlıqlar toxumuşdu...

Həcər çox danışıbmış ondan
uşaqlıq əhvalatlarından...
Mərdan xatırlamırdı heç birini
itirmişdi uşaqlığını...
indi qəfildən tapmışdı
o unudulmuş uşaqlıq çağını...
indi albom kimi
vərəqləyirdi
açılırdı qarşısında
uşaqlığın səhifələri...
anası xatirələri
yollamışdı ona
qardaşlarından
unutmamışdı onu
anası heç bir zaman...
Mərdan çox qocalmışdı
beli bükülmüşdü
gözləri zəif görür
dişləri tökülmüşdü
ona uşaq Mərdandan danışırdılar
Mərdan baba deyirdi ona indi nəvələri
o balaca, o şıltaq Mərdan
nəvələri yaşdaydı
anasının xatirələrindəki Mərdan
yetim Mərdandan fərqliydi
bir başqaydı...
əlinə anasının şəkillərin verdilər
Mərdan anasını xatırlamağa çalışdı
o, anasının gənclik xəyalına
alışmışdı
şəkildən görünürdü ki,
illər dəyişibmiş anasın
tez ağarmışdı saçları
batmışdı dibə gözləri
hörükləri nazilmiş
çiyni bükülmüşdü...
anasının üstünə
illərin ağırlığı
tökülmüşdü...
amma Mərdan həmişə
onu cavan xatırlardı
əlbət, anası da elə
uşaq xatırlamışdı onu....
necə ki, Mərdan üçün
bacısının xəyalı
uşaq qalacaqdı hər vaxt,
hər zaman...
nə qədər ki, sağdı
Mərdan bacısına
bu laylanı çalacaqdı:
“laylay deyim yatasan
qızılgülə batasan
qızılgülün içində
şirin yuxu tapasan...”


Müəllif: