19 Sentyabr 2016 18:22
2 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün millət vəkili Fazil Mustafa saytımıza verdiyi müsahibədə yazıçı-publisist Taleh Şahsuvarlının Səfəvi İmperiyası ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib. O Şah İsmayıl Xətayi və Səfəvilər barədə mübahisəli mülahizələr səsləndirib.

Taleh Şahsuvarlı öz feysbuk səhifəsində Fazil Mustafanın bəzi fikirlərinə cavab verib. Teleqraf.com həmin statusu təqdim edir:

Dostlar, deputat Fazil Mustafanın Şah İsmayıla qarşı əsassız, qərəzli və əməvi zehniyyətinə dayanan hücumları davam edir. Bir neçə gün öncə Kəramət Böyükçölə verdiyim geniş müsahibədə səslənən tezislərin heç birinə hətta elmin, tarixin, fəlsəfənin yaxınlığından keçərək də cavab verə bilməyib. Müsahibəsində mənim irəli sürdüyüm bir neçə tezisi çarəsiz təsdiqləməsindən başqa heç bir məqamda sağlam yanaşma və arqumentasiya yoxdur. Odur ki, bu cür naşı və yarımçıq bir müsahibəyə reaksiya vermək istəmirəm. Lakin həmin müsahibədə bir məqam var ki, bu günə qədər heç bir ərəb xilafəti tarixçisi, fars şovinisti, erməni daşnakı tariximizin üzərinə bunca zəhər tökə bilməyib. Fazil Mustafa deyir: "Səfəviliyin ilkin mənbəyi Büveyhoğullarının ideoloji görüşləri ilə əlaqələndirilməlidir".

Əvvəla, Səfəvilərin adını götürdüyü Şeyx Səfinin Ərdəbilə əmir təyin olunaraq gəlmiş ilk babası Firuz şahın zamanında belə tarixdə "Büveyhoğulları" adlı bir dövlət əsrlərdir yox idi. Şah İsmayıl Səfəvilər xanədanını quranda isə Büveyhoğullarının sonuncu padşahının sümükləri çoxdan sürmə olmuş, o sülalənin dövranının qapanmasından təxminən beş yüz il keçmişdi. Bu beş yüz il ərzində Xorasan, Fars, Anadolu, Azərbaycan coğrafiyasında ancaq və ancaq türklər, moğollar hökmdarlıq etmişdi. Yarımminillik türk hakimiyyətindən sonra Səfəviləri 500 il öncə süqut etmiş bir sülalə ilə əlaqələndirmək ancaq Fazil Mustafa sayaq əməvi zehniyyətinin daşıyıcılarının ağlına gələr.

O, öz fikrini həm Büveyhoğulları, həm də Səfəvilərin Şiəliyi rəsmi ideologiya elan etməsi ilə əlaqələndirir. O zaman soruşuram: Olcaytu xaqan (1304-1316) şiəliyi rəsmən Hülakilərin (Elxanlılar) "dövlət dini/məzhəbi" elan etmişdi. Elxanlılar hansı yandan, aspektdən baxsan Səfəvilərə daha yaxın idi. O zaman nədən Şah İsmayıl Olcaytu xaqanla yox, Büveyhoğulları ilə əlaqələndirirsiniz, Fazil Mustafa? Bəlkə Olcaytu xaqan da “türk vücudu ilə düşünən fars” idi? Bu, nə saçmalıq???


Müəllif:

Oxşar xəbərlər