İstanbulnamə 2
Sentyabrın 15-də - Bakının erməni və bolşevik işğalından azad edildiyi günün növbəti ildönümündə Bakıda hörmətli tədqiqatçı Atilla Oralın “Kitabevim” mağazasında Nuru paşa haqqında yazdığı kitabın təqdimatı oldu.
O tədbirdə iştirak edə, həmçinin müəllifin kitabı ilə hələ ki tanış ola bilməməyin üzüntüsü içində olsam da, Atilla bəyin verdiyi müsahibələrdən açıq görünürdü ki, kitab Nuru paşa haqqında indiyədək yazılmış ən mükəmməl əsərdir. Xüsusən, kitabda Nuru paşaya aid ilk dəfə yayımlanan materiallardan istifadə olunub, yeni fotoşəkillər, bəlgələr təqdim olunub, həmçinin 50 ildən çoxdur ki, müəmmalı şəkildə qalan Nuru paşanın məzar yeri haqqında yekun məlumatlar açıqlanıb.
Bütün bu araşdırmaları üçün Atilla bəyə bir Azərbaycan vətəndaşı olaraq təşəkkür edirəm.
***
Sentyabrın 22-si axşam saat 17-də Ədirnəqapı məzarlığına doğru yollandım. Məzarlığın qapılarından birindən daxil olub məzarı axtarmaq istədim. Lakin bunun mümkün olmayacağını görüb Məzarlıq idarəsinə getdim. Hava tədricən qaralmağa başladığı üçün idarədə təhlükəsizlik xidmətinin üzvlərindən başqa heç kim yox idi.
Azərbaycandan gəldiyimi, paşanın məzarını axtardığımı söylədim. Tez telefona sarılıb mənim üçün məlumat toplamağa başladılar. Məzarın yerini dəqiqləşdirdikdən sonra mühafizə xidmətinin üzvlərindən biri maşını ilə məni apara biləcəyini, özünün də paşanın məzarını ziyarət etmək istədiyini bildirdi. Bu addımına görə xeyli təşəkkür edib, bərpa edilmiş məzarla bağlı sentyabrın 28-də saat 15-də törən olacağını bildirdim.
... Nuru paşanın məzarı məzarlıqdakı yola çox yaxın yerdədir. Şair Mehmet Akif Ersoyun məzarına gedən yolun solunda yerləşir. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı məzarda Nuru Killigil paşa ilə birlikdə 21 kişi əbədi rahatlıq içindədir.
Məzarın üzərində həmin 22 şəxsin ismi və bu yazılar yazılıb:
“Ənvər paşanın qardaşı və Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın (Killigil) Sütlücədə qurduğu silah fabrikində 2 mart 1949-cu ildə meydana gələn partlayış nəticəsində özü ilə birlikdə 28 şəxs şəhid olub. Şəhid olanlardan 21 nəfər burada dəfn olunub”.
Nuru paşa ilə birlikdə dəfn olunanların adları isə belə yazılıb: Hamza Mısırlıoğlu, Hasan Karaner, Kenan Kuytu, Asım Eralp, Zekai İlkbahar, İbrahim Gün, Recep Demirer, İsmail Günay, Nuri Aydur, Yahya Altın, Adnan Tüllü, Osman Hantal, Hayrettin Gürel, Hasan Özkök, Mahmut Celal, Mısırlı, Dursun Kılıç, Mustafa Bengü, İbrahim Atalay, Haçik Eroğlu, İbrahim Göztepe.
Mələk kimi qarşılanan paşa
Nuru paşa 1889-cu ildə İstanbulda doğulub. 1909-cu ildə Hərbi Məktəbdən, 1911-ci ildə Hərbi Akademiyadan məzun olub. Müxtəlif yerlərdə (I Dünya muharibəsində Şimali Afrika cəbhəsində) hərbi vəzifəsini yerinə yetirib. 1918-ci ildə rütbəsi iki dəfə artırılaraq general-mayor olub. Çünki Ənvər paşanın Azərbaycanda və digər müsəlmanların, türklərin yaşadıqları yerlərdəki arzularını ancaq bu gənc və qabiliyyətli hərbçi həyata keçirə bilərdi. Nuru paşa həmçinin bir fərmanla padşah yavəri elan edilərək Qafqazda Osmanlı padşahının siyasətini təmsil etmə haqqı qazandırılır.
Xatırladaq ki, 1918-ci il iyunun 4-də Batumda Azərbaycan Cümhuriyyəti ilə Osmanlı arasında bağlanmış müqavilənin IV maddəsində deyilirdi ki, “ehtiyac olduğu təqdirdə Osmanlı hökuməti qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Cümhuriyyətinə silahlı qüvvələrlə yardım etməyi” öhdəsinə götürür.
Bu öhdəliyə uyğun olaraq Bakının işğaldan azad edilmə planı həyata keçirilir. Hələ bu müqavilədən öncə 22 mart 1918-ci ildə Osmanlı dovlətinin hərbi naziri Ənvər Paşa imzaladığı bir qərarla Qafqaz Ordusunun qurulması üçün göstəriş vermişdi, Nuru paşanı bölgəyə göndərmişdi.
Nuru Paşanın komandanlığındakı heyət 1918-ci ilin aprel və may aylarında Mosuldan cıxaraq Ravanduz, Savcabulak, Təbriz yolu ilə Azərbaycanın Zəngəzur bolgəsinə catdı. Nuru Paşa 25 may tarixində Gəncə şəhərində qərargahını qurdu.
M.Rəsulzadə yazırdı: “O zaman müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı goydən enmiş xilaskar bir mələk kimi qarşıladı”.
Beləliklə, Azərbaycandakı vəzifəsini yerinə yetirən Nuru paşanın Gəncədən Bakıya doğru hərəkətinə nəzər salanda aydın olur ki, o, təkcə Bakını deyil, əslində bütün Azərbaycanı xilas edib. Çünki Bakıya qədər gedən yolların əksəriyyətində bolşevik və daşnaklarla savaş aparılıb.
Nəhayət, 15 sentyabrda Bakı azad edilir.
Türkiyə I Dünya müharibəsindən məğlub olduqdan sonra Nuru paşa Azərbaycandan getməli olur. İngilislər onu Batum qalasına həbs etdiklərində Nəsib bəy Yusifbəyli və Nağı bəy Şeyxzamanlının da dəstəyi ilə zindandan azad edilir.
Nuru paşa yazıçı Cəlil Məhəmmədquluzadə ilə Qarabağın tanınmış qadını Həmidə xanım Cavanşirin də evində müsafir olub. Bu ailə Nuru paşanı çox hörmət və izzətlə qarşılayıb.
Sütlücə faciəsi
Sütlücədə baş verən faciəyə gəldikdə isə 1928-ci ildə Nuru Killigilin ordudan istefa ərizəsi qəbul olunur. O, 1929-cu ildə Cümhuriyyətin İstiqlal medalı ilə təltif olunur. Ankarada bir müddət ticarətlə məşğul olduqdan sonra – 1933-cü ildə İstanbulun Zeytunburnu ilçəsində (ilçə – Türkiyədə inzibati idarə vahididir) Dəmir Əşya Fabriki yaradır. Dəmir əşyalarla yanaşı, silah, mərmi, qaz maskaları istehsalı ilə də məşğul olur. 1938-ci ildə İstanbulun Sütlücə məhəlləsində digər bir əşya fabrikini də satın alan Nuru Killigil müxtəlif silah-sursat istehsalını daha da genişləndirir.
1946-cı ildə Zeytunburnundakı fabrikini bağlayaraq Sütlücədəkini işlədir, Müdafiə Nazirliyinə silah satır. Eyni zamanda xariclə silah alverinə başlayır. Fabrikdə Nuri Killigilin öz adına da tapança istehsal olunur. II Dünya müharibəsi başlayan zaman Nuru paşa yenidən türk dövlətlərinin bağımsızlığı savaşına qatılmaq istəyir. Türküstan alayının yaradılmasına dəstək olur, lakin Almaniyanın məğlubiyyətindən sonra yenidən gücünü silah ticarətinə verir. Xüsusən, Misir, Pakistan, Suriya kimi ölkələrə silah satır. Çünki Misir və Suriya həmin ərəfələrdə yeni yaradılmış İsrail dövləti ilə savaş halında idi, Pakistan isə Hindistandan ayrılaraq müstəqilliyini elan etmişdi. Bu dövlətlərə silah lazım idi. BMT isə Misir və Suriyaya silah satışını qadağan etmişdi. Lakin Nuru Killigil bu yasağa məhəl qoymurdu.
1949-cu il martın 1-də Nuru paşa Misirdən böyük həcmdə silah sifarişi alır. Lakin bir gün sonra Sütlücədəki Silah Fabrikində böyük partlayış baş verir. Silah anbarı havaya uçur. Ətrafdakı binalar yerlə-yeksan olur. Rəsmi sənədlərə görə, 27 nəfər həlak olur. Nuru paşanın cəsədi isə tikə-tikə olduğu üçün gec tapılır.
Atilla bəy bu barədə deyir:
“İndiyə qədərki kitab və məqalələrdə Nuri Paşanın meyitinin tapılmadığı və boş tabutun dəfn edildiyi yazılıb. Halbuki, məsələ o cür deyil. Bizim ənənəmizdə boş tabutu dəfn etmək yoxdur, xristianlarda vardır. Bilirsiniz ki, bizdə meyit kəfənə sarınıb torpağa dəfn edilir. Partlayışdan təxminən iki həftə sonra Nuri Paşanın meyiti tapılıb, ancaq meyitin bəzi bədən üzvləri, məsələn, başı olmayıb. Ancaq bütün ailə üzvləri və fabrikin işçiləri Nurinin meyitini tanıyıblar. Dəfn mərasimi keçirərək cənazə namazı qılmaq istəyiblər. Maraqlıdır ki, martın 26-da Türkiyə İsraili tanıyan ilk ölkə olub. Nuri Paşanın dəfn mərasiminin böyük mitinqə çevriləcəyindən ehtiyat edən hökumət dəfn mərasiminə icazə vermədiyi kimi, namazın qılınmasına da əngəl olub. İstanbul Müftiliyi Nuri Paşanın cənazə namazının qılınmaması üçün birbaşa fitva verib. Bu, çox önəmli məlumatdır, heç bir yerdə yoxdur".
Rəsmi raportda partlayışın laboratoriyada bəzi maddələrin qığılcıma səbəb olması ucbatından yarandığı göstərilir. Dönəmin qəzet manşetlərində rəsmi şəxslərin hadisə yerinə gəldiyi, parlamentdə müzakirələrin aparıldığı, amma bir çox məsələlər dövlət sirri kateqoriyasına daxil olduğuna görə cinayətkarların elan edilməməsi aydın olur. Yazılanlara görə, hələ partlayışdan ay yarım öncə Nuru paşa Yunanıstanda zəhərlənir. Bir müddət yaddaşını itirir, danışa bilmir.
Sonda Nuru paşanın məzarından çəkdiyimiz fotoları, onun həlak olması ilə bağlı arxivimizdəki qəzet materiallarını və Atilla bəyin kitabından bəzi fotoları təqdim edirik.
Dilqəm ƏHMƏD