24 Sentyabr 2016 18:17
1 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Bəsti Cəfərovanın qızı Fidan Cəfərova rejissorlarından biri olduğu “Araf” qısametrajlı filmini sentyabr ayının 27-də YARAT Müasir İncəsənət Mərkəzində təqdim edəcək.

15 dəqiqəlik ekran əsərinin mövzusu müharibədir. Filmdə müharibə dövründə ailənin yaşam tərzi, parçalanması və bir fərdin düşdüyü emosional vəziyyət əks olunur.

Fidan Cəfərova ekran əsərini Tofiq Rzayevlə birgə çəkib. Baş rolları xalq artisti Bəsti Cəfərova, əməkdar artist Sabir Məmmədov ifa ediblər.

Gənc rejissor Teleqraf.com-un film və digər mövzularla bağlı suallarını cavablandırıb.

-Niyə məhz müharibə mövzusuna müraciət etmək qərarına gəldiniz?

-Tofiq Rzayevlə məhz bu mövzuya toxunmağımızın xüsusi bir səbəbi yox idi. İdealarımız çox idi və bunlardan həm aktyorlar, həm bizim komanda üçün iş baxımından ən maraqlısını seçdiyimizi düşünürük.

-Filmin çəkilişləri harada aparılıb?

-Filmin çəkilişləri Bakı kəndlərinin birində aparılıb. Orda da bizi çox xoş qarşıladılar, nə dəstək lazım idisə verdilər. İşini sevən peşəkar insanlarla işlədiyimiz üçün prosesin özü də çox maraqlı keçdi.

-Ananız Bəsti xanımla işlədiyiniz ilk filminizdir?

-Bəsti xanımla ilk filmimdir.

-Çəkiliş zamanı siz daha çox onun məsləhətlərinə qulaq asırdınız, yoxsa o sizin?

-Tələbə kimi fəaliyyət göstərdiyim zamanlarda həmişə ona rol vermək arzumu sonraya saxlayırdım. Buna bir çox tutarlı səbəbim vardı: özümü hələ onunla işləmək üçün tam hazır hiss etmirdim, 35 illik təcrübənin altından hələ qalxa bilmərəm deyə yəqin bir az çəkinirdim ondan və ən əsas da onun simasını ən gözəl işlərim üçün qoruyub saxlamaq istəyirdim. 2015-ci ilin qışında Bəsti xanım məni qabaqlayıb Akademik Milli Dram Teatrında səhnəyə qoyduğu “Nağıllar aləmində” tamaşasında mənə rol verdi. İlk dəfə birlikdə işlədik və “ana” sözü “Bəsti xanım”la əvəz olundu. Evdən kənarda Bəsti xanım artıq mənim üçün kolleqaya çevrilir.

“Araf”-ı yazan ərəfədə o qayğıkeş, övladlarının qayğısını çəkən, duyğusal ana obrazının tam ona uyğun olduğunu gördüm və Tofiq Rzayevə bu rolu Bəsti xanıma verməyimizi təklif etdim. Çəkiliş zamanı o özü öncədən mənə dedi ki, siz necə desəniz, mən elə də oynayacam, burda rejissor sizsiniz. Tələbkarlıqla kaprizi ayıra bilənlər üçün Bəsti xanım çox tələbkardır və bu da işin keyfiyyətinə yönəlmiş çox gözəl xüsusiyyətdir. İş sistemi planlı şəkildə qurulsa hər şey çox sakit axarda davam edib, bitəcək.

-ADMİU-da təhsil aldığınızı bilirəm, çünki Oktay Mir Qasımla müsahibəmiz zamanı o demişdi ki, siz onun tələbəsi olmusunuz. Sonra bildiyim qədər təhsilinizi Türkiyədə davam etdirmisiniz. Doğrudur?

-Bəli, mən onun kursunda oxumuşam. Oktay müəllimə böyük hörmətimiz var, sağ olsun hər şeyə görə. O dönəmdə bizim kursa Oktay müəllimlə paralel mərhum kinorejissor professor Tofiq İsmayılov da dərs deyirdi. O insanın mənim bu sənətə qarşı sevgi və həvəsimə əvəzsiz tövfəsi var. Hələ ki, xaricdə təhsil almamışam ancaq 2017-ci ildə planımda təhsilimi daha üst pilləyə çıxarmaq üçün xaricə getmək var. Artıq buna hazırlığın başladığını da dəyə bilərəm. Getsəm də işlərimi getdiyim ölkədən davam etdirəcəm.

-Fidan xanım, Akademik Milli Dram Teatrında çalışırsınız. Teatrda tamaşa hazırlamağı düşünürsünüzmü?

-Yəqin hər birimizin özünü daha komfortlu hiss etdiyi sahə var. Məndə bu kino sahəsidir. Kamera arxasında çox rahatam. Ancaq nəzərə alsaq ki, uşaqlığım kulis arxasında keçib, bir gün tamaşa qoymaq təklifi alsam düşünmədən razılaşaram. Ora mənim üçün özəl olan bir məkandır.

-Onda belə başa düşdüm ki, teatrda daha çox tamaşalarda rol alırsınız. İndiyə qədər neçə tamaşada rol almısınız?

-Hazırda repertuarda üç tamaşam var. Xalq nağılları əsasında səhnəyə qoyulan “Nağıllar aləmində”, Erik-Emmanuel Şmittin “Müsyö İbrahim və Quran çiçəyi” ikihissəli dramı və E. de Filipponun pyesi əsasında hazırlanan “Slindr” tamaşası.

Nərmin Muradova


Müəllif: