Azərbaycan Cümhuriyyətinin qurucularından, mühacirətdə Azərbaycanın istiqlal davasının əsas lideri Məhəmmədəmin Rəsulzadənin imzaladığı kitab tapılıb.
Teleqraf.com-un Türkiyə təmsilçisi Dilqəm Əhmədin İstanbulda əldə etdiyi kitab Koreyada vuruşan bir türk hərbçisinə imzalanıb.
Kitabı köhnə bir kitabçıdan satın alan Dilqəm Əhməd bildirdi ki, Rəsulzadə və digər mühacirlərlə bağlı ciddi mənbələrin izini tapıb: “Əldə etdiyim bu kitabı Rəsulzadə 23 noyabr 1951-ci ildə imzalayıb. İmzada belə yazılıb: “Kore kahramanlarımızdan Enver Kolana sevgilerimle. 23.XI.1951”. Daha sonra isə Rəsulzadənin imzası yer alır. Ankarada yaşayan türkiyəli tədqiqatçı dostumuz Ömər Özcan bəydən əldə etdiyimiz bilgilərə görə, Ənvər Kölan İrəvandan İğdıra yerləşən bir ailədə doğulub. Hərbçi olub, gənc yaşda vəfat edib. General-mayor, professor Necati Kölanın qardaşıdır. Necati Kölan 2011-ci ildə vəfat edib. Necati bəy GATA-da yüksək vəzifələr daşıyıb. Onun haqqında ayrıca məqalə yazacam”.
D.Əhməd uzun müddətdir mühacirətlə bağlı arxiv topladığını, Türkiyədə bir muzey açmaq fikrində olduğunu bildirdi: “Burada mühacirlərin nəslindən sağ olanlar var. Ötən ay Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlu ilə görüşdüm. Fikrim var ki, kimlər yaşayırsa, onlarla əlaqə saxlayım və bu görüşləri kitablaşdırım. Hörmətli millət vəkilimiz Qənirə Paşayeva “Varislər” adlı bir kitab yazmamı məsləhət görmüşdü, bu kitab üzərində artıq işə başlamışam. İstanbulda mühacirət arxivi ilə bağlı zəngin mənbə tapmışam. Bunları satın almaq üçün 1500 dollar civarında pul lazımdır. Türkiyədə fəaliyyət göstərən iş adamlarından xahiş edirəm ki, bu arxivləri əldə etməyimə kömək etsinlər ki, İstanbulda Azərbaycanla bağlı bir muzey yaradaq”.
Bəkir