"Kitabsevərlər" qrupu yeni kitab nəşr etdirib. Teleqraf.com-un verdiyi xəbərə görə, qrupun çap etdirdiyi 13- cü kitab olan "Uzaqda ucalan dağlar" romanı XX əsrin əvvəlləri Azərbaycan rəssamlığının ən önəmli siması, mənzərə və portret janrları ustası Bəhruz Kəngərlinin qısa, lakin rəngarəng həyatına həsr olunub.
Əsərdə sentimental ömür yaşayan rəssamın yaratdığı yaddaqalan rəsmlərin bəzilərinin tarixçəsi təfərrüatı ilə təsvir edilib.
Yazıçı Tofiq Mahmudun zəngin yaradıcılıq yolunda son irihəcmli əsəri olan “Uzaqda ucalan dağlar” romanı həm də rəssam həyatından bəhs edən yeganə Azərbaycan romanıdır.
Həm bədii-estetik baxımdan, həm də Bəhruz Kəngərlinin həyatının öyrənilməsi baxımından önəmli olan bu əsərin yalnız arxivlərdə və köhnə kitabxana rəflərində qalmasını istəməyən "Kitabsevərlər" qrupu bu əsəri köhnə kiril əlifbasından yeni latın qrafikalı əlifbaya çevirərək nəşr etdirib.
Kitabın təqdimatı oktyabr ayının 23- də, saat 14-00- dan 17-00- dək Kitabevim.az Kitab Evində baş tutacaq.
Sevinc