15 Dekabr 2016 19:51
2 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İstanbulda Taksim Cümhuriyyət Sənət Qalereyasında bir sərgini izlədim.

Atatürk Kitabxanasının təşkil etdiyi “Havâdis Yüz yıl önce 1916” adlı sərgi Osmanlı dönəmini əks etdirirdi.

Sərgidə yüz il öncənin “Tasviri-i Efkar”, “Tanin”, “İkdam”, “Sabah” “Tercüman-ı Hakikat” kimi qəzetlərindən, “Hande”, “Servet-i Fünun”, “Donanma” və “Harp” məcmuələrindən, eləcə də “Illüstrated”, “Zeitung” kimi xarici mətbuatdan istifadə olunaraq möhtəşəm bir xülasə hazırlanmışdı.

Osmanlı xanədanlığının yüz il öncəki dönəminin hadisələrini əks etdirən foto və sənədlərin yayımlandığı sərgidə bir neçə material diqqətimi çəkdi. Özüm də kolleksioner olduğum üçün sərgidəki Osmanlı paşalarına aid fotolar, məktublar, Osmanlının da daxil olduğu İttifaq dövlətlərinin təbliğat materialları xüsusi marağıma səbəb oldu. Sərgidə 1916-cı ildə Osmanlı xanədanlığını və ordusunu idarə edənlərin fotoları, Dövləti-Aliyyənin mübarizə apardığı cəbhələrin xəritələri, dönəmə aid əlyazmalar, fotolar və s. də diqqətçəkən nüanslar idi.

Xüsusən, Atatürk kitabxanasının arxivində qorunan İttifaq Bayrağı (Osmanlı, Almaniya, Avstriya-Macarıstan imperiyaları və Bolqarıstan krallığı) yüz il öncənin siyasi qütbləşmələrini duymaq üçün önəmli idi.

Sərgini dolaşarkən Türkiyə vətəndaşlarının bir çoxundakı Osmanlı xəyalının, arzusunun hələ də niyə yaşadığını anlamağa çalışdım.

***

Yaşlı bir ziyarətçinin çox diqqətlə, heyrətlə bir fotonun altındakı yazını oxuduğunu görürəm. Necmettin Özçelikin kolleksiyasında olan fotoda əsir düşən ingilis əsgərləri Anadoluya aparılır. Vətəndaşın heyrətinə səbəb olan isə qalib türk əsgərlərinin piyada, əsir götürülən ingilis əsgərlərinin isə at üstündə olmasıdır. Bu, yenilən ordu nümayəndələrinə Osmanlının münasibətinin bir faktı idi.

İttifaq Bayrağının önündə foto çəkdirib Osmanlının yenildiyi bu ittifaqdan doğan dövlətlərin indi harada olduğunu düşünürəm. Almaniya, Avstriya, Macarıstan və Bolqarıstan bu gün yenə də başqa bir birlik – Avropa İttifaqı ətrafında bir aradadır. Türkiyə isə 50 ildir ki, bu birliyə daxil ola bilmir.

***

Modern dünyada tarix öyrənmənin bir çox vasitələri var.
Bu gün dünya kanallarında yayımlanan mühüm sənədli filmlər daha çox insanın bilgiləndirilməsinə səbəb olur.
Ona görə də vətəndaşlarda tarix şüurunun oyanması üçün mütləq şəkildə kitabların çapının üzərində dayanmaq olmaz.
Hazırlanan bir sənədli film 10-dan çox kitabdan daha təsirli ola bilir, daha geniş yayıla bilir.
Tarixlə bağlı sərgilər də bu baxımdan çox önəmlidir.
Bu ilin 28 mayında mühacirətlə bağlı kolleksiyamı sərgilədiyimdə marağın necə böyük olduğuna şahid olmuşdum.

***

Osmanlı dağıldımı?

Sərgi boyu bunu düşündüm. Türkiyənin bugünkü siyasi-hərbi gücü, bölgədə hegemon ölkə olmaq istəməsi, bir zamanlar Osmanlının ərazisi olan torpaqlarda bu gün 10-a yaxın gücün çarpmışması kimi səhnələr gözümün önünə gəldi.

Bu gün Türkiyənin sərhədində ABŞ, Rusiya, Avropa İttifaqı kimi supergüclər, İran, İraq kimi bölgə gücləri, İŞİD və onun kimi digər terror qruplaşmaları mübarizə aparır və Türkiyə bu qədər güclərin arasında nə edəcəyinin hesabını aparır.

Üstəlik İraqda Türkiyədən kömək gözləyən türkmanlar, Suriyada Türkiyənin göz yuma bilməyəcəyi müsəlmanların taleyi kimi məsələlər var. Və haqlı olaraq düşünürsən: Osmanlı dağılmasaydı, bunlar yaşanacaqdımı?

Bu sualın ətrafında düşünməyin gərəksizliyini elə o an da qəbul edirəm. Osmanlı dağılmalıydı, artıq tarix də, tale də bunu şərtləndirirdi. Daha az torpaq itkisi ilə nəticələnə bilərdimi? Bu barədə müzakirə aparmaq olar. Amma gerçəklik odur ki, Mustafa Kamal, Kazım Qarabəkir kimi paşalar olmasaydı, bu gün dağılan Osmanlının içindən çağdaş Türkiyə doğmazdı.

Mustafa Kamal Qurtuluş savaşının sərhədlərini çizərkən məsələlərə realist yanaşmışdı. Haqlı idi. Avropaya hökm etmə çağı artıq geridə qalmışdı. Varlıq və yoxluq məsələsi aktual idi. I Dünya Savaşı ilə təkcə imperiyalar dağılmırdı, həm də idarəçilik sistemləri çökürdü. Parlamentar respublika quruluşları, insan haqları məsələləri ön plana çıxırdı. Bunlardan da geridə qalmaq olmazdı. Əlbəttə, Mustafa Kamal paşa başına tac qoyub padşahın taxtında da otura bilərdi. Qurtuluş savaşını qazanan bir paşaya kim nə deyə bilərdi ki? TBMM-i ləğv edə, monarxiya çalışmalarına başlaya bilərdi. Amma dönəm o dönəm deyildi.

Mustafa Kamal Atatürk realistcəsinə lazım olan bütün addımları atdı. Amma keçmiş imperiyanın vətəndaşları şüurlarından keçmişin əzəmətini ata bilmədilər. Qalib Avropa dövlətləri ilə anlaşmaq onları məmnun etmirdi. Lozanna müqaviləsinin bu gün də müzakirə edilməsinin bir səbəbi də xanədanlıq keçmişidir.

***

7 il sonra Türkiyə Cümhuriyyətinin 100 yaşı olacaq. Amma hələ də Osmanlı həsrəti türk insanında yaşayır.
Əlbəttə, keçmişdə qurduğu dövlətlərə sahib çıxmaq, onu öyrənmək, təbliğ etmək vacib bir şeydir. Tarixdəki yanlışlıqları öyrənmək, dönəmin şərtlərini analiz etmək vacibdir. Fəqət möhtəşəm yüz illərdə ilişib qalmaq bir millətə ancaq zərər verə bilər. Çünki bu şanlı keçmiş təkcə türklərə xas olmayıb. Ona görə də keçmişə ilişib qalmaq, keçmişlə bu günün dəyərlərini qarşılaşdırmaq əsla olmaz. Necə ki, bu yaxınlarda Avrasiya tunelinin adı üçün Atatürk və Əbdülhəmid variantlarının təqdim edilməsi böyük yanlışlıq idi.

Sovet dönəmini yaşamış azərbaycanlılar Türkiyədəki dünyagörüşü özlərindəki kimi təsəvvür edirlər. Türkiyə şübhəsiz ki, laik dövlətdir, türk insanı necə?

Öncəliklə Türkiyə türkləri ilə biz türklər arasındakı bir ciddi fərqliliyi qəbul etməliyik. Bizdə azərbaycanlı (türk) kimliyi daha öncə gəlir. İnsanların dini kimliyi isə xüsusi əhəmiyyət daşımır. Amma Türkiyə insanı proseslərə öncəliklə müsəlman kimliyi pəncərəsindən baxır. Biz bunu qəbul etsək də, etməsək də belədir. Ta Səlcuqlar dönəmindən belədir. Türkiyədə MHP-nin timsalında yaradılan milliyyətçi qruplar da türk-islam sintezi əsasındadır. Nihal Atız məktəbini çıxsaq, millətçi kəsimlərdə də dini kimlik əhəmiyyət daşıyır.

***

Sərgidən çıxdıqdan sonra yekun qənaətə gəldim ki, Türkiyə insanı Atatürkü yenidən öyrənməlidir. Baxmayaraq ki, “Nutuk”u çap etməyən ciddi nəşriyyat qalmayıb, amma bəlkə də, oxunmayan kitablar arasında yer alır.

Atatürk devrimləri təəssüf ki, tamamlanmaq imkanı qazanmayıb. Atatürkdən sonra türk ordusu ilə idarəçilər arasındakı qarşıdurmaların kökündə də bu dayanır.

Türkiyənin Orta Asiyaya, Azərbaycana, Güney Azərbaycana, Kərkükə daha çox bağlanmamasının kökündə də bu problem yatır.

Türkiyədə Güney Azərbaycan məsələsi bilinmir.
Türkiyədə Qarabağ məsələsi ilə bağlı toplum arasında ciddi bilgi yoxdur.
Türkiyədə Orta Asiya ilə bağlı toplum içində təsəvvürlər olduqca azdır.

Rəsmilərin görüşməsi, toplantıların olması, iqtisadi-siyasi qərarların alınması sadəcə dövlətlərarası münasibətdir.

Toplumun bilgiləndirilməsi baxımından kifayət qədər çalışılmayıb.

Bütün bunların kökündə isə bir acı gerçəyin qəbul edilməməsi dayanır: Osmanlı dağılıb!

Dilqəm ƏHMƏD


Müəllif: