1 Mart 2017 14:24
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ben nice depremler gördüm

Kolay kolay yıkılmam
Her defasında kaybetsem
Yine de hiç üzülmem
Aslında bu kadar kırılgan değildim
Kendi yarattığım düşmanlara yenildim
Bir kayboldum sonra tekrar belirdim
Masallardaki gibi
Bir varmışım bir yokmuşum…

Sözləri və musiqisi türkiyəli sənətçi Sinan Qaynaqçıya aid olan “Bir Varmışım Bir Yokmuşum” adlı mahnı qısa zaman ərzində auditoriya tərəfindən maraqla qarşılandı, yutub kanalında 1 milyon dəfə izləndi.
Sinan Qaynaqçı Zeynəb Eylül Üçər və Hami Ünlü ilə birlikdə 2004-cü ildə yaratdıqları Pinhani qrupu ilə Türkiyədə rok musiqisini canlandırıb. Gitarada Akın Eldes, barabanda Cem Akselin ifası ilə qrup “İnandığın masallar” adlı ilk albomunu çıxarıb. Pinhani qrupu adının mənası kimi musiqi bazarında gizli-gizli irəliləməyə və böyük dinləyici ordusu toplamağa başlayıb. Qrupun “Kavak Yelleri” adlı reytinqli serialın mahnılarını ifa etməsi onu daha da məşhurlaşdırıb.

İlk albomda yer alan “Hele bi gel” və “Beni al” mahnılarını bu serialda səsləndirən qrup heç yanda yayımlamadıqları “Bir anda” və “Ne güzel güldün” musiqi parçalarını da məhz “Kavak Yelleri” vasitəsilə dinləyicilərə təqdim edib. Pinhaninin ilk mahnısı “İstanbulda” uzun müddət musiqi həvəskarlarının ən çox dinlənilən mahnı siyahısında öndə olub. “Hele bi gel” mahnısına çəkilmiş klip isə qrupun ilk klipidir. Pinhaninin özünəməxsus soft tərzi musiqisevərlərin daha da diqqətini çəkib. Son albom olan “Canlı Yayın” isə 2013-cü ildə çıxıb. İlk albomdan dərhal sonra qrup yüzə yaxın konsert verib. Pinhani qrupunun ikinci albomu 2008-ci ildə işıq üzü görüb. İzmir, Ankara, Antalya, İstanbul, Adana kimi böyük şəhərlərdə geniş tamaşaçı kütləsi qarşısında konsert verən qrup mahnılarını Anadolunun bütün şəhərlərində yaymağı hədəfləyib.
Bəstələdikləri musiqiləri dinləyicilərə ən asan üsulla çatdırmağı üstün tutan Pinhani ikinci albomunun mahnılarını da www.pinhani.com saytı vasitəsilə paylaşıb. Pinhani media ilə də müəyyən məsafə saxlayır.

Qrupu kimlər yaratdı?

Sinan Qaynaqçı: 1979-cu ildə dekabrın 25-də İstanbulda doğulub. Bir çox mahnıların söz və musiqi müəllifidir. Uşaqlığını Florya və Bakırköydə keçirib. 1998-ci ildə Çağaloğlu Anadolu liseyinin məzunu olub. Musiqiyə də elə bu liseydə başlayıb. Müxtəlif vaxtlarda gitara, fleyta və davul dərsləri alıb. Öz mahnılarını isə Pinhani qrupu ilə yaymağa başlayıb.

O, Pinhani qrupundan əvvəl Taksimdə Van Basten adlı həvəskar qrupla bir çox barda canlı musiqi ifa edib. Qrupdan ayrılandan sonra uzun illərdir dinləyicisi olduğu Akın Eldesə dayısı qızı Zeynəb Eylül Üçərlə birgə yazdığı mahnı parçasını dinlədib. Nəticədə 2005-ci ildə ilk albom üzərində işlərə başlanıb. Onu da qeyd edək ki, 2006-cı ildən Akın Eldes trioda bas gitar çalır.

İstedadlı musiqiçi Sinan Qaynaqçının mahnılarını Sərtab Erener başda olmaqla bir çox məşhurlar ifa ediblər.
Akın Eldes: Almaniyanın Frankfurt şəhərində doğulub. Musiqiyə ilk addımını mandolina və fleyta ilə başlayıb. Akının sağçı və solçu məsələlərinə qarışmasını istəməyən ailəsi ona gitara almayıb, bu səbəbdən o, liseydə gitara çalmaqla həvəsini öldürüb. E-5, Painted Bird, Asım Can Gündüz və Çapkınlar qruplarından sonra 1986-cı ildən 2000-ci ilədək “Bulutsuzluk Özlemi”ndə yer alıb. Akın Eldes Pinhaninin hər iki albomunda musiqi prodüseri və gitaraçı kimi çalışıb. Uzun müddətdir qrupun hər konsertində iştirak edib.

Bas gitar ifaçısı Zeynəb Eylül Üçer 1985-ci ildə İstanbulda doğulub. 1991-1997-ci illər arasında TRT İstanbul uşaq xorunda çıxış edib. Qohumu Sinanın məktəb illərində Zeynəbə bas gitar alması ilə o, musiqi həyatına başlayıb. İstanbul Dövlət Konservatoriyasında instrumental musiqi bölümündə tədris alır.

Pinhaninin davul ifaçısı Hami Ünlü 1985-ci ildə İstanbulda dünyaya gəlib. Musiqi həyatına Drum klubda start verib. Məktəb illərindən davula maraq göstərən Hami Ünlü Paris Konservatoriyasının caz bölümündə müəllim işləyən Filip Poussardın köməyi ilə cazın sirlərini öyrənib. 2006-cı ilin mayından Pinhaniyə qoşulub.
Gitaraçı Səlim Aydın isə 1981-ci ildə Ankarada doğulub. Məktəb illərində musiqiyə klassik gitara dərsləri ilə başlayıb. Liseyin musiqi qrupu ilə bir çox yarışlara qatılıb. Universitetdə oxuyanda isə Sinan Qaynaqçı ilə tanış olub və “Van Bastel”də yer almağa başlayıb. Pinhaninin ilk albomu hazırlananda Səlim Aydın xarici ölkədə olduğu üçün səsyazmalarda iştirak edə bilməyib. 2006-cı ildə Şərqi Anadoludakı qastrol səfəri zamanı əsgərlikdə olub. Səlim Aydın ilk konsertlərindən bəri Pinhani ilə birgə çalışır.

Pinhaninin çalışdığı musiqiçilərdən biri də davulçu Cem Akseldir. 1963-cü ildə Ankarada doğulan Cem Akselin caz və davula marağı orta məktəbdən başlayıb. Liseydə oxuyarkən musiqiyə həvəskar kimi yanaşan Aksel sonradan professional musiqinin ardınca gedib. İndiyədək 60-dan çox sənətçinin albom hazırlığında iştirak edib. Demək olar ki, Türkiyənin bütün caz ustaları ilə birgə çalışıb. Hazırda İstanbulda yaşayan Cem Aksel Bülent Ortaçgil və bir neçə caz ifaçısı ilə fərqli məkanlarda çalır. Pinhaninin hər iki albomunda davulçu kimi yer alıb. Fürsət düşdükcə, konsertlərdə də qrupu müşayiət edir.

Sinan Qaynaqçı birinci albomun təqdimatı zamanı ciddi dəstək görmədiklərini, öz məhdud imkanları ilə mahnılarını yaymağa çalışdıqlarını bildirib: “Musiqi çevrəsində də həmin dönəmdə dəstək görmədik. Nə musiqi dərgilərindən, nə də qəzetlərdən kifayət qədər maraq vardı. Bütün bunlarla yanaşı “İnandığı masallar”la böyük auditoriya kütləsi qazandıq. İlk albomumuz bizə geniş qapı açdı. Dinləyicilərin barəmizdə “Pinhani kimi musiqi bəstələyirlər, orijinal mahnıları var” düşünmələrini istəyirdik. Bu illər ərzində buna nə qədər nail ola bildiyimizi dinləyicilər deyə bilər”.

S.Qaynaqçı “Kavak yelleri” filminin mahnılarının ifasınadək Pinhaninin bəlli və az sayda insanlar tərəfindən tanındığını, bu serialdan sonra dinləyici auditoriyasının genişləndiyini söyləyib: “Əlbəttə bu, bizim konsertimizə gələn dinləyicilərin sayına da müsbət təsir göstərdi. Onu da qeyd etməliyəm ki, həmin serialdan öncə bizi dinləyən, konsertlərimizə gələn dinləyicilərimiz bizim üçün özəldir. Onları heç bir halda itirmək istəmirik. Çünki o cür dinləyicilər həmişə sənətçi ilə birlikdə addımlayır”.

“Sizi hələ də musiqi bəstələməyə həvəsləndirən nədir?” sualına Sinan Qaynaqçı belə cavab verib: “İrəli addımlayırıq, daha yaxşı işləməyə və mahnı oxumağa başlamışıq. Xüsusilə türkülər üzərində çalışanda istər-istəməz iş tempimiz dəyişdi. Bəziləri albom çıxarmaq istəyəndə mahnı yazdırmağa başlayırlar. Biz isə düşünürük ki, albom çıxarmaq üçün mahnı yazılmaz. O albomdan albom olmaz. Mahnılar ərsəyə gələndən sonra albom haqda düşünmək olar. Biz mahnılarını paylaşmağı xoşlayan musiqiçilərik. Heç vaxt musiqi ərsəyə gətirmək üçün tıxanıb qalmamışıq. Əlimizdə 5 albomluq mahnı var. İlk albomumuzu çıxaranda ikinci albomun 7 mahnısı əlimizdə hazır idi”.

“Xəyal etdiyiniz nöqtədəsiniz?”

Səlim Aydın: “Beynimizdə bəlli bir xəyal yox idi. İndiki halımızdan məmnunuq. Ən azı “mükafat alaq, bəzi yerlərdə bir nömrə olaq” kimi hədəfimiz yoxdur. Musiqi ilə məşğuluq və musiqi parçalarımızı insanlara çatdırırıq. Əsas hədəfimiz bu idi və bunu da bacardıq”.

Sinan Qaynaqçı isə hesab edir ki, ilk hədəf qalıcı olmaq olub: “Bunun üçün addım atdıq, iz qoymaq və davam etmək də vacib idi. 5 albom çıxarmışıq və bu, çox yaxşı nəticədir. Albomlarımızın hamısı eyni dərəcədə bəyənildi və sevildi. Hər yerdə konsert verə bilirik, düşündüyümüz hər şeyi gerçəkləşdirdik”.

Onun fikrincə, musiqi insanları sağaltmaq gücündədir: “Dinləyicilərimizdən biri yazmışdı ki, nə zaman depressiyada olsam, sizin mahnılarınızla ayağa qalxıram”. “Dön bak dünyaya” mahnısını atası vəfat edən dostum üçün yazmışdım, amma mahnıda bir kəlmə belə “ata” sözü yoxdur. Neçə insan “atamla küsmüşdüm, bu mahnını dinləyəndən sonra barışdım, atam dünyasını dəyişdi, bu mahnı mənə təskinlik verdi, ovutdu” yazdı. Deməli, hansısa formada hiss etdirməyi bacarmışıq”.

Hazırladı: Nərgiz


Müəllif:

Oxşar xəbərlər