Bu barədə Teleqraf.com-a “Mövlud Mövlud Mükafatı” hekayə müsabiqəsinin təşkilat komitəsinin sədri Aqşin Evən məlumat verib.
Bu gün müsabiqəyə əsər qəbulunun son günü olduğunu xatırladan Aqşin Evrənin sözlərinə görə, bu o demək deyil ki, müsabiqəyə 100 hekayə buraxılacaq: “Ola bilsin, onlardan bəziləri yarışmanın redaktə, korrektə və işarə sayı ilə bağlı bəzi şərtləri pozsun. Təşkilat komitəsi təqdim edilən əsərlər arasından yalnız müsabiqənin şərtlərinə cavab verən hekayələri seçir”.
Aqşin Evən bildirib ki, müsabiqəyə ədəbi mühitdə kifayət qədər tanınan imzalar da hekayə göndəriblər: “Onların arasında Mövludun dostları da var. Müsabiqəyə Güneydəki soydaşlarımız da böyük maraq göstərir. 10-dan çox güneyli yazıçımız müsabiqəyə hekayə göndərib”.
Münsiflər heyətində kimlərin yer alacağına gəlincə, Aqşin Evrən deyib ki, adlar mükafatlandırma günü bəlli olacaq: “O vaxta qədər bu barədə heç kimə informasiya verilməyəcək. Biz çalışırıq ki, müsabiqə maksimum dərəcədə obyektiv keçsin. Əminik ki, iştirakçılar Mövludun ruhuna hörmət olaraq müsabiqənin obyektiv keçməsinə zəmin yaradacaqlar.
Müsabiqə başa çatandan sonra yarışmaya təqdim olunmuş hekayəni heç bir halda sosial şəbəkələrdə və ya başqa yerdə yayımlamaq olmaz”.
Qeyd edək ki, bu gün Mövlud Mövludun doğum günüdür. O, 1989-cu ildə Qazax rayonunda doğulub. Gənc yazar bu il martın 16-da faciəli şəkildə dünyasını dəyişib.
Xatırladaq ki, müsabiqədə iştirak qaydaları və digər şərtlər aşağıdakı kimidir:
Şərtlər:
Müsabiqədə 40 yaşına qədər olan bütün yazarlar iştirak edə bilər. Hər bir müəllif müsabiqəyə yalnız 1 hekayə göndərə bilər. Hekayələrin həcmi 15 min işarədən çox olmamalıdır. Müsabiqəyə yalnız çap olunmamış hekayələr buraxılacaq. Hekayələr korrektə olunaraq göndərilməlidir. Həddən artıq korrektə səhvi olan mətnlər isə müsabiqəyə qəbul olunmayacaq. Müəlliflər öz mətnlərini [email protected] elektron ünvanına göndərməlidirlər. Hər bir müəllif mətnlə birlikdə şəxsiyyət vəsiqəsinin sürətini də göndərməlidir (şəxsiyyət vəsiqəsinin sürəti “word” faylının içində olmamaq şərti ilə). Müsabiqədə mövzu məhdudiyyəti yoxdur.
Mükafatlar:
“Mövlud Mövlud Hekayə Mükafatı” laureatı adını qazanan yazarlar pul və diplomla mükafatlandırılacaq:
I yer – 1000 manat
II yer – 700 manat
III yer – 500 manat
Müsabiqədə 10-luğa düşən əsərlər kitab halında işıq üzü görəcək və qaliblərin elan edildiyi tədbirdə təqdim ediləcək. Mətnlər münsiflərə müəlliflərin adı gizli saxlanılaraq təqdim olunacaq və münsiflərin, qaliblərin adları yalnız mükafatlandırma mərasimində açıqlanacaq. Mükafatlandırma mərasiminin sentyabr ayının sonlarında keçirilməsi planlaşdırılır.
Qaliblərin müəyyən olunması qaydası:
Münsiflər ayrı-ayrılıqda bütün əsərləri oxuyub, layiq bildikləri 10 hekayəni 10 ballıq sistemlə qiymətləndirəcək. Təşkilat Komitəsi ən çox bal almış hekayələri seçib 10-luğu, bundan sonra isə qalib üçlüyü müəyyən edəcək. Bundan sonra 10-luq Kult.az mədəniyyət portalında onlayn səsverməyə çıxarılacaq. Onlayn səsvermədə qalib olan 1 hekayə oxucuların seçimi kimi qiymətləndiriləcək və bunun münsiflərin seçiminə heç bir aidiyyəti olmayacaq. Onlayn səsvermənin qalibi də diplom, eləcə də planşet və ya mobil telefonla mükafatlandırılacaq. Ola bilər ki, onlayn səsvermənin qalibi münsiflərin seçdiyi 3 hekayədən biri olsun. Belə olan halda həmin hekayənin müəllifi həm münsif seçiminin, həm də onlayn səsvermənin qalibi kimi hər iki mükafatı alacaq.