Dövlət Gənc Tamaşaçılar Teatrı dünən yeni 90-cı mövsümə start verib.
Teleqraf.com xəbər verir ki, bu münasibətlə keçirilən iclasda teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov çıxış edərək kollektivin yeni, yubiley mövsümünü təbrik edib. Bildirib ki, 90-cı mövsümdə teatrı böyük yeniliklər gözləyir. Eyni zamanda qarşıda duran vəzifələr haqqında məlumatı diqqətə çatdıran teatrın rəhbəri ilin sonunadək görüləcək işlər haqqında ətraflı məlumat verib.
Direktor mövsümdə yeni bir beynəlxalq layihənin həyata keçiriləcəyini vurğulayıb. Bakı Yunis Əmrə İnstitutu ilə birgə “Koroğlu” dastanının motivləri əsasında hazırlanacaq “Eşqi nigar” tamaşasının premyerası noyabrda nəzərdə tutulub. Eyni ayda digər premyera isə C.Sviftin “Qulliver Cırtdanlar ölkəsində” adlı tamaşa olacaq. İlin sonunda isə “Qar kraliçası” adlı tamaşa təhvil veriləcək.
Daha sonra M.Həmidov teatrın mövsüm ərzində qatılacağı beynəlxalq layihələr haqqında da məlumat verib. Sentyabrın 7-dən 14-dək kollektiv “Tuqanlıq” VI Beynəlxalq teatr festivalında iştirak edəcək.
Sentyabrın 1-6-sı tarixlərində kollektiv Kalmıkiya Respublikasında keçiriləcək “Uşaq və yeniyetmələr üçün” Beynəlxalq teatr festivalına dəvət alıb. Festivalda kollektiv Abdulla Şaiqin “Tıq-tıq” xanım tamaşası ilə çıxış edəcək.