Azərbaycanın elə aktyorları var ki, zaman-zaman əcnəbi rejissorları və film prodüserlərinin diqqət mərkəzində olub.
Teleqraf.com modern.az-a istinadən bu gün bizim üçün yad olan, dünən isə “doğma” sayılan SSRİ, habelə postsovet dönəmində ölkədən kənarda çəkilən filmlərdə rol almış azərbaycanlı aktyorların natamam siyahısını təqdim edir.
“Legioner” aktyor kimi əcnəbi filmlərə ən çox dəvət alan xalq artisti Tariyel Qasımovdur. O, beş keçmiş müttəfiq respublikanın kinostudiyasında çalışan yeganə azərbaycanlı aktyordur. O, “Mosfilm”, “Tacikfilm”, “Türkmənfilm”, “Özbəkfilm” , habelə Almaniyanın “DAFE” kinostudiyalarının dəvətini qəbul edib. Tacikistanda “Rüstəm və Söhrab”, Türkmənistanda “Qızıl rəngi ”, Özbəkistanda “Əlvida, yaşıl yay”, Rusiyada “Çilidə gecə”, Demokratik Almaniyada isə “Sonya raport verir ” filmlərində çəkilib.
Xarici filmlərə dəvət alan digər aktyor Fəxrəddin Manafovdur. O, əsasən müstəqillik illərində Rusiya kino və serial bazarının öncüllərindən təkliflər alıb. 2004-cü ildə “Əkizlər”, 2008-ci ildə “Silah ” bədii filmlərində, həmçinin “Qraf Krestovski” serialında rol alıb.
Rus seriyalında çəkilən daha bir aktyorumuz isə xalq artisti Fuad Poladovdur. O, “Rus tərcüməsi – Əbdü Salih” serialında əsas obrazlardan birini canlandırıb. Bundan əlavə, Türkiyənin ortaq türk dastanı olan Dədə Qorqud dastanının motivləri əsasında çəkdiyi “Dede Korkut hikayeleri” filminə də çıxış edib.
Mərhum aktyor Bəşir Səfəroğlu isə cəmi bir rola çəkilib. O, “Nəsrəddin Xocanın 12 məzarı” filmində Xacə Nəsrəddin obrazı ilə Orta Asiya kinosunda öz imzasını həkk edə bilib. 1966-cı ildə çəkilən film Molla Nəsrəddin və zaman maşınında səyahət mövzusunda rəngli fantaziyadır. Film mərhum xalq artistinə çox böyük uğur gətirib.
Azərbaycan kinosunda 70-ə yaxın obrazı canlandıran xalq artisti Rasim Balayev “Özbəkfilmin” 1977- 84-cü illərdə çəkdiyi “Alovlu yollar” filmində rol alıb. Bundan başqa, Türkiyədə də hələ 1980-ci illərdə çəkilən “İbrahim Gülşəni” filmində əsas mənfi obrazdır. Təsəvvüf aliminə həsr olunan filmdə R. Balayev xristian zalımın obrazını canlandırır.
Rus Dram teatrının aktyoru, bir çox sevilən filmlərin əsas qəhrəmanı olan xalq artisti Hacı Murad Yegizarov da bu siyahıdan kənara qalmayıb. O, Almaniyanın 2005-ci ildə lentə aldığı “Şpeyer və o” filmində polkovnik Raginski obrazını canlandırıb.
İki aktyorumuz da var ki, onlar epizodik obrazla yadda qalıblar. Ceyms Oldriçin hekayəsi əsasında çəkilən “Sonuncu düym” filmində aktyorlarımız Əliağa Ağayev və Müxlis Cənizadə rol alıblar. Filmdə səssiz qalan Ə. Ağayevdən fərqli olaraq M. Cənizadəni hamıya yaxşı tanış olan Sergey Yurski dublyaj edib.
Vaxtilə uşaqların sevimli aktyoru olan “Xoruz baba” - Hüseynağa Sadıqov “Ələddinin sehrli çırağı” filmindəki vəzir obrazını çox böyük ustalıqla canlandırıb.
Ən çox “Ulduz” filmindəki kolxoz sədri Qədir obrazı ilə xatırlanan Bahadur Əliyev SSRİ-Hindistanın birgə çəkdiyi "Əlibaba və 40 quldur” filmində quldurlardan birini oynayıb. Bahadur Əliyev özbəklərin sevimlin filmi olan “Şerəli və Aybərçin” filmində əsas obrazlardan birini canlandırıb.
Əjdər İbrahimbəyovun ekranlaşdırdığı (“Mosfilm”) “26-lar” filmində isə Ədil İsgəndərov, Müxlis Canızadə, Eldəniz Zeynalov, Məlik Dadaşov çəkilib.
“Dolu” filminin rejissoru Elxan Cəfərov SSRİ-nin "Əlahəzrət, hazır olun" filmində baş rolu oynayıb. "Artek"ə gələn şahzadəni məhz Azərbaycan aktyoru canlandırıb.
Aktyor Ələsgər Məmmədoğlu “Tehran-43” filmində rol alıb.
Xalq artisti Həmidə Ömərova 1993-cü ildə İranda çəkilən “Zendane Div” filmində Nuriyə obrazını canlandırıb. Aktrisa 2002-ci ildə Moskvanın NTV plyus telekanalının lentə aldığı “Dronqo” serialında Elmira rolunu da oynayıb.
Mehriban Xanlarova Türkiyədə rejissorların diqqətini cəlb edib. O, “Bizim Məhəllə” serialında Səda , “Cinlər və Pərilər”də isə Leyla rolunda çıxış edib.