1 Aprel 2019 23:36
2 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamının bildiyi bir deyim var - “Kişi meymundan bir az fərqlənsə, bəsdir”. Azərbaycanda bu stereotipi qəbul etməyən kişilərin sayı yavaş-yavaş artmaqdadır. Öz xarici görünüşünə fikir verməklə, model kimi dəfilələrdə iştirak etməklə bu kişilər – Azərbaycanın metroseksualları cəmiyyətdə maskulinizm və kişi gözəlliyinə yanaşmanı dəyişdirməyə çalışırlar.

Azərbaycan kimi maskulin, mühafizəkar cəmiyyətdə metroseksual olmaq asan iş deyil. Xarici görünüşünün qayğısına qalan, dəbə uyğun geyimə və saç düzümünə meyl edən, qaşlarını səliqəyə salan kişiləri ya xoş qarşılamırlar, ya da başa düşmürlər.

“Biz baxımlı kişilərə metroseksual deyirik. Deyəndə gülürlər, gülməli gəlir, bu nə sözdü – soruşurlar”, 29 yaşlı model Nuru Əhmədov deyir.

“Sözün özünü belə cəmiyyət hələ qəbul etməyib. Qaldı, baxımlı kişi ola”, o, təəssüf keçirir.

Metroseksual kişilərlə bağlı cəmiyyətdə ən böyük stereotip onların gey olması barədədir, bu da ondan irəli gəlir ki, cəmiyyətdə “əsl kişi” anlayışı var və metroseksuallar bu anlayışa cavab verə bilmir, deyə gender aktivisti Gülnarə Mehdiyeva deyir.

O bildirir ki, cəmiyyətdəki “əsl kişi” konsepsiyasına görə, “kişi öz romantik və həssas tərəflərini gizlətməyə çalışır”, o deyir.

“[Ənənəvi Azərbaycan kişisi] özü üçün az şey satın alır [geyim, qulluq vasitələri]. Odur ki, reklamlarda, jurnallarda biz onlara az rast gəlirik. Metroseksuallar isə bu rolu tam şəkildə yerinə yetirmirlər. Onlar evlənməyə, uşaq sahibi olmağa və məişət qayğıları ilə yüklənməyə tələsmirlər. Öz vaxtlarını və resurslarını özlərinə sərf etməyi sevirlər”, Mehdiyeva əlavə edir.

Bu qəliblər onlara uyğun gəlməyən insanlar üçün əngələ çevrilir, 28 yaşlı metroseksual Amin Nəzərli belə düşünür.

“Bizim cəmiyyətin adətidir, onsuz da onlar bir şey çıxarıb ona pis baxacaqlar. Məsələn, lazerə gedənlərə pis baxırlar. Halbuki üzdəki artıq, səliqəsiz tüklərdən qurtulmağın nəyi pisdir ki? Vaxtilə yanlış təraş olunmanın nəticəsidir ki, bu gün bir çoxlarımızda üz tükləri az qala gözün içinə girir. Bunu səliqəyə salmaq üçün lazerdən yaxşı vasitə tanımıram. Ancaq cəmiyyət təbii buna da pis baxır. Hətta “kişi də üzünü aldırarmı?” – deyənlər olur” – deyə, Nəzərli bildirir.

Amin Nəzərli deyir ki, bunlar hamısı cəmiyyətdəki əsl kişi anlayışının onların üzərinə qoyduğu yükdən qaynaqlanır:

“Bizdə əsl kişi ailənin yükünü çiyinlərində daşıyan adama deyirlər. Biz bunun əksini demirik. Yenə ailəsinə baxsın, onları qorusun, çalışsın, onları yaxşı yaşatsın. Amma bununla yanaşı həm də baxımlı olsun. Özünə, görünüşünə fikir versin. Burada pis heç nə yoxdur. Ya da eyni zamanda baxımlı adamlara “heç qızlar belə etmir”, “bəlkə də geydir”, “bütün günü saçıyla-saqqalıyla oynayır, adını da kişi qoyub” və s. düşüncələri ilə yanaşmasınlar”.

Model Nuru Əhmədov isə bu məsələyə münasibətdə incə bir dəyişiklik hiss edir, lakin paytaxt Bakıda.

Məsələn, üzdəki artıq tükləri təmizləmək üçün lazerə getməkdən danışanda heç kəsin onu başa düşmədiyi vaxtları xatırlayır. İndi isə bu kimi digər xidmətlər də kişilər üçün təklif olunur.

Bundan başqa, metroseksual kişilərin meydana gəlməsi gözəllik industriyasına da təsir edib. Kişilər üçün xüsusi məhsullar, qulluq vasitələri, dəb aksessuarlarının istehsalı xeyli artdı. Buna müvafiq olaraq, gözəllik müsabiqələri də ərsəyə gəlməyə başlayıb.

Amin Nəzərli də razılaşır ki, yavaş-yavaş bu sahə inkişaf yoluna qədəm qoyur.

“Məncə, bütün bu təzyiqlər zaman keçdikcə aradan qalxacaq. Özünə baxmaq, təmiz olmaq və s. pis iş deyil”.

O düşünür ki, insanlar başqalarının fikri ilə oturub-durmamağı öyrənməlidirlər.

“Saçımı belə darasam valideynlərim nə deyər”, “bunu geyinsəm, universitetdə necə baxarlar” , “qırmızı geyinsəm, qonşular nə düşünər” düşüncələrindən qurtulmaq lazımdır”. Bunları boş verin.. Kim nə deyir, desin. Əsas olan sizin nə istədiyinizdir, sonda hamının gözü öyrəşəcək”.

Azərbaycanda gözəllik yarışlarının ortaya çıxması cəmiyyətdə metroseksuallar və kişi gözəlliyinin qəbul olunmasını daha da asanlaşdırıb.

Ölkədə keçirilən “Miss & Mister Grand Azerbaijan” yarışının rəhbəri və təsisçisi Elxan Paşayev deyir ki, gözəllik müsabiqəsinə müraciət edən kişilərin sayı gözlədiyindan qat-qat çox olub. Özü də keçmişdə model kimi fəaliyyət göstərmiş Paşayev hesab edir ki, müsabiqələr ölkədə modellik sahəsini, xüsusən də kişi modellərin inkişafına aparan yoldur.

O qeyd edir ki, bəzi azərbaycanlı modellərin populyarlığı çoxaldıqdan və yerli dizaynerlərlə işləməyə başladıqdan sonra ictimaiyyətdə kişi modelliyinə maraq artmağa başlayıb. Sənaye böyüdükcə gözəllik yarışları və modellik sahəsi yeni mərhələyə keçib.

Nuru Əhmədov gözəllik dəfiləsinə qatılmağa 6 il əvvəl qərar verib – dostlarının təkidi ilə. İştirak etdiyi müsabiqədə birinci yeri tutmağı isə onun bu sahəyə marağını artırıb. O qeyd edir ki, əksər insanlar model kimi fəaliyyət göstərməyi ciddi iş hesab etmir. Buna baxmayaraq, o öz işini sevir və əldə etdiyi nailiyyətlərə görədir ki, ailəsi də onun model kimi işləməyinə pis baxmır.

“Bizdə milli mentalitet deyilən bir şey var və bu, kişilərin üstünə gərəksiz xeyli yük yığır”, Əhmədov vurğulayır.

Onun fikrincə, əslində metroseksualların təqdim etidiyi şey heç də mürəkkəb deyil.

Məncə, hər bir kişi özünə baxmalıdır. Necə ki, qadınlar özlərinə baxır. Gündə bir dəfə duş qəbul etməli, saqqal saxlayan daim ona nəzarət etməli, dırnaqlara həftədə bir dəfə baxmaq vacibdir. Mənim saçlarım biraz uzundur, bərbərə tez-tez getmirəm. Amma azı ayda bir dəfə getmək lazımdır. Üzdəki istənilməyən tüklərin təmizlənməsi də normal haldır. Mən hər gün idmanla məşğul oluram, yeyib-içdiyimə diqqət edirəm. Əslində bunlar qeyri-adi şeylər deyil. Hamının etməsi lazımdır” –deyə, Əhmədov sadalayır.

Elxan Paşayev optimistdir – Azərbaycanda kişi gözlliyi ilə bağlı klişelərdən xeyli uzaqlaşmış gənclər onu gələcəyə pozitiv baxmağa sövq edir.

“Əvvəllər valideynlər övladlarının model olmasına isti baxmırdı. Ancaq indi çoxu övladını dəstəkləyir. Qınayan da ki, həmişə olur, modelliyi hamının normal qarşılaması mümkün deyil onsuz da”.
/chai-khana.org/


Müəllif: Teleqraf.com