10 Noyabr 2019 16:58
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Vladimir vilayətində yaşayan azərbaycanlı Mikayıl Əhmədov müxtəlif xalqların milli geyimlərini təbliğ edən emalatxana yaradıb.

Teleqraf.com xəbər verir ki, “Komsomolskaya pravda” qəzetinin həmyerlimizə həsr olunmuş məqaləsində Mikayıl Əhmədovun “Narodnıy stil” (Milli üslub) yaradıcılıq emalatxanasının rəhbəri olduğu, onun millətlərarası dostluğun möhkəmləndirilməsi sahəsində layihələri Rusiyada Prezident qrantları aldığı bildirilir.

Hazırda həmyerlimiz milli geyimlərdən ibarət səyyar sərgi yaradaraq Rusiyanın regionlarını gəzir. Ekspozisiyada 43 millətin, o cümlədən Azərbaycan milli geyimləri nümayiş etdirilir. “Komsomolskaya pravda” qəzetinə müsahibəsində Mikayıl Əhmədov bildirib ki, Azərbaycan odlar yurdudur və milli geyimlərimizdə qızılı rənglər üstünlük təşkil edir. Onun kolleksiyasındakı Azərbaycan milli geyimləri atlas və ipəkdən hazırlanıb. Azərbaycan stendində aşıq geyimləri də təqdim olunur.

M.Əhmədovun fikrincə, milli geyimlər adi paltar deyil. Bu geyimlər millətin adət-ənənələri, mənəvi aləmi, məişəti barədə məlumat verir. Milli ayrı-seçkiliyin yaranmasının ailə tərbiyəsindən asılı olduğunu vurğulayan Mikayıl Əhmədov, uşaqların beynəlmiləl ruhda tərbiyə edilməsinin vacibliyini qeyd edir. Onun sözlərinə görə, əgər valideynlər insanlara milli mənsubiyyətinə görə dəyər verirlərsə, uşaq da bu nümunə əsasında tərbiyə alır.

2020-ci ildə həmyerlimizin təşkil etdiyi sərgi Volqaboyu regionlarda nümayiş etdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər