“Sovetski” kimi tanınan Bakının Yasamal rayonunda köhnə evlərin sökülməsi ətrafında narazılıq fonunda youtube-da bu məhəlləyə həsr olunan mahnı səsləndi.
Bakının Bayıl qəsəbəsində doğulan Eyyub Yaqubov “Sovetski”yə aid mahnı oxudu: “Vidi-fasonu olsa da yevropeyski, ürəklərdə yaşayacaqdı Sovetski. Sökülür köhnə evlər, məhv olur xatirələr, sovet dönəmi bitir bu şəhərdə”.
Eyyub Yaqubov da köhnə Bakının nostalgiyası ilə yaşayan müğənnilərdəndir. Bakının arxitekturasının saxlanmasının tərəfdarı olan sənətçi Sovetski tam sökülmədən bu məhəlləni klipində əbədiləşdirmək niyyətindədir.
Bu yaxınlarda Eyyub Yaqubov barədə sosial şəbəkələrdə müzakirə açıldı. Ad və soyadı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla ilk baxışda eyni görünən Eyyub Yaqubovun kifayət qədər intelektual olduğu və ölkəmizin sosial və siyasi məsələləri barədə kifayət qədər sanballı fikirlər yürütdüyünü söyləyənlər oldu. Y.Eyyubovun Rusiyaya sanksiyaların tətbiqinin yolverilməz olduğu barədə fikirlərinin E.Yaqubovun daha maraqlı şərh edəcəyini dedilər.
Eyyub Yaqubovla qeyri-ənənəvi söhbət üçün telefon açdıq. “Sovetski”yə həsr olunan klip çəkilişi ilə bağlı sıx qrafik 2 həftədən sonra cəhdlərimizə imkan verdi.
““Sovetski”nin 1960-70-ci illərini əks etdirəcəyik”
Elə sənətçi özü söhbətə sözügedən mahnı ilə başladı: “”Sovetski” haqqında mahnını lentə yazmışıq. Artıq 1 aydan çoxdur ki, internetdə yayılıb, maraqlı reaksiyalar alırıq. Hazırda klipin çəkilişləri gedir. Klip “Sovetskinin küçələri, tinində çəkilir, o ab-havada çəkirik. Çalışırıq ki, 1960-70-ci illəri əks etdirək”.
“Köhnə məhəllə və evlərin sökülməsinə kədərlənirəm”
Müğənninin sözlərinə görə, klip 1 aydan sonra tamaşaçıların ixtiyarına buraxılacaq: “Mən Bayılda doğulmuşam, orada yaşamışam, amma Sovetski Bakının tərkib hissəsidir, mənim üçün elə mərkəzidir. Uşaqlığımız o məhəllələrlə bağlıdır. “Sovetski”dəki köhnə məhəllə və evlərin sökülməsinə kədərlənirəm. Bir tərəfdən də düşünürəm ki, bu proses bütün dünyada gedir. Köhnə evlərin yerinə təzə binalar tikilir, inkişaf gedir, bu da təbiidir. Amma düşünürəm ki, müəyyən binalar, küçələri tarix kimi saxlasaydılar yaxşı olardı. Bu, mənim şəxsi fikrimdir. Bakının arxitekturasını saxlamaq da lazımdır”.
Yaqub Eyyubovla onu səhv salanlar çoxdur
İctimai-siyasi proseslərlə bağlı xəbərləri televiziya və saytlardan izləyən Eyyub Yaqubovu baş nazirin müavini Yaqub Eyyubovla səhv salan jurnalistlər və vətəndaşlar da var: “Olub ki, səhvən mənə zəng ediblər. Mən xəbərləri efirdən, müxtəlif saytlardan oxuyuram. Dostlar var ki, maraqlanırlar, gəlib çatdırırlar. Amma siyasət mənə uzaqdır, bu sahə ilə bir o qədər maraqlanmıram. Sosial problemlərə gəlincə, məsələn “Sovetski”nin sökülməsi prosesini izləyirəm, əlbəttə kədərlənirəm. Bu məhəlləyə aid də mahnı oxumuşam, indi klip çəkirik, o küçələri klipimizdə olsa da, əbədiləşdirmək istəyirik”.
Azərbaycanın başqa ölkələrlə, o cümlədən Rusiya ilə münasibətinə isə E.Yaqubov şərh verməkdən imtina etdi və siyasət barədə siyasətçilərin daha yaxşı fikir yürədə biləcəyini dedi.
Nərgiz