“Rəşid kimi adamlar pis yola daha tez gedər”
“Rəşid kimi adamlar ailəsini dolandırmaq üçün pis yola daha tez gedər. Biz sənət nümayiş etdirib, pul qazanırıq”. Bu sözləri Qorxmaz Əlili şəxsi “Facebook” səhifəsində tibb elmləri namizədi Rəşid Mahmudovun artistlər haqda səsləndirdiyi sərt fikirlərə münasibət bildirərkən yazıb.
Teleqraf.com xəbər verir ki, Qorxmaz Əlili R.Mahmudovun “artistin kişisi də, arvadı da pis yola gedən deməkdir” fikirlərinə etiraz səsini sosial şəbəkə vasitəsilə ucaldıb: “Əvvala Rəşid Mahmudov kimi savadsızlara çatdırım ki, qədimdə aktyorlara “lotu” deyiblər. Mütrüb isə oxuyanlara, musiqiçilərə, rəqqaslara deyirdilər. Amma ərəbcə qız paltarında rəqs edən oğlanlara mütrüb deyirlər. Artist isə latın dilində ifaçı deməkdir. Ona görə də musiqiçi, xanəndə, rəqqas, aktyor, rəssam, bəstəkar, dirijor, rejissor və s. sənət sahibləri ifaçıdırlar, yəni artistdirlər. Bu səbəbdən yuxarıda adı çəkilənlərə dövlət əməkdar və ya xalq artisti fəxri adı verir. Rəşid kimi adamlar ailəsini dolandırmaq üçün pis yola daha tez gedər. Biz sənət nümayiş etdirib, pul qazanırıq. Rüşvətlə dolanmırıq, dilənçilik etmirik. O ki qaldı, aktyorlara...Aktyorlar, müğənnilər, musiqiçilər olmasa ay Rəşid “müəllim” sənin toyun, ad günün, ümumiyyətlə həyatın qara gələr. Əgər bəyənmirsənsə bizi, onda həyatın qara gəlsin”.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov Publika.az-a açıqlamasında müğənnilər Təranə Qumralla həmkarı Nazəninin arasında yaşanan qalmaqala münasibət bildirərkən artistlər haqda sərt ifadələr səsləndirib:
“Mən efirdə artistlərlə mübahisə edəndə xalqım mənə deyir ki, axı sən nə üçün onlara baş qoşursan. Artist mütrif deməkdir. Yəni, artistin kişisi də, arvadı da pis yola gedən deməkdir. Mən onlara baş qoşmaq istəmirəm. Gərək onları televiziyada da göstərməsinlər. Çünki onlar bizim xalqın milli mentalitetinə uyğun olmayan adamlardır. Mən onlar haqqında fikir də söyləmək istəmirəm”.
Pərvin