Müğənni İlqar Muradov çəkiləcəyi filmdən danışıb.
“Azərbaycanfilm” kinostudiyasının istehsalı olacaq “Xeyirlə Şərin rəqsi” filmində baş rolda oynayacaq müğənni Teleqraf.com-a açıqlamasında bu çətin işin öhdəsindən gələcəyinə ümidlidir:
“Bir aydan çoxdur ki, mənə bu filmdə Dronqo obrazını canlandırmaq təklif olundu. Çingiz Abdullayevin məşhur Dronqo obrazı ilə çoxdan tanış idim. Dronqonun başına gələn müxtəlif hadisələrin əks olunduğu kitabları oxumuşam. Dronqo filmdə baş roldur və əlbəttə ki, heç vaxt filmə çəkilməyən biri kimi bu obrazı canlandırmaq çətin, eyni zamanda da məsuliyyətlidir. Onu da deyim ki, filmdə oynayıb-oynamayacağım bu yaxınlarda tam dəqiqləşəcək. Rejissor çox istəyir ki, bu rola məni çəksin. Və o inanır ki, rolumun öhdəsindən gələcəm. Artıq film üçün müəyyən məşqlər edirik”.
Məlumat üçün bildirək ki, Çingiz Abdullayevin “Quba kapriççosu” romanı əsasında çəkiləcək filmin rejissoru Yavər Rzayev, bəstəkar Siyavuş Kərimi, rəssam Rafiq Nəsirov, operator Nadir Mehdiyevdir.
Çəkilişləri Quba və Bakıda gerçəkləşəcək filmdə rolları Qurban İsmayılov, Fuad Osmanov, Münəvvər Əliyeva, Məbud Məhərrəmov və başqaları oynayacaq.
Nərmin