8 İyun 2022 16:24
4 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün doğum gününü qeyd edən əməkdar artist Firdovsi Atakişiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Firdovsi Atakişiyev 1970-ci il iyunun 7-də anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində Nəsir Sadıqzadənin kursunu bitirib. Həmin ildən bu günədək Səməd Vurğun adına Rus Dram Teatrında işləyir. Teatrın səhnəsində “Arzu tramvayı”nda Stenli Kovalski, “İblis”də Vasif, “12-ci gecə”də Orsina, “Karamazov qardaşları”nda Dmitri Karamazov, “Sənətkarın taleyi”ndə Hüseyn Ərəblinki və digər obrazlar yaradıb.

Eyni zamanda “Vahimə”, “İçərişəhər”, “Xeyirlə şərin rəqsi” və digər film və seriallarda rol alan aktyor televiziya kanallarında müxtəlif səpkili layihələrin aparıcısı olub.

28 oktyabr 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə, o cümlədən "Sənətkarın taleyi" tamaşasında canlandırdığı Ərəblinski obrazına görə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

“Ən böyük bəxşişim ailəmdir”

- Firdovsi bəy, sizi təbrik edirik. Doğum gününüzü necə keçirdiniz?

- Təşəkkür edirəm. Doğum günlərimi ailəmlə keçirməyi sevirəm. Neçə illər təsadüf elə gətirib ki, doğum günümdə tamaşa oynamışam. Təkcə son 5 ildə ilk dəfədir doğum günüm ikinci günə təsadüf edib. Bilirsiniz ki, teatrda tamaşalarımız əsasən cümə, şənbə, bazar günləri nümayiş olunur. Amma hər il ya tamaşa oynayırdım, ya da çəkilişdə olurdum.

"Laləli saray" serialının final çəkilişi mənim doğum günümə təsadüf etmişdi. Teatr səhnəsində isə doğum günümdə bir neçə dəfə "Karamazov qardaşları", "Sənətkarın taleyi"ni oynamışam.

Bu dəfə isə evdə - ailəmlə qeyd etdim.

- Doğum günü ilə bağlı həmsöhbət olduğum əksər sənət adamları həmin günü səhnədə tamaşaçı alqışı ilə qeyd etməyin zövqünün tamam ayrı olduğunu bildiriblər.

- Bəli, həqiqətən elədir.

- Həm də onu bilirəm ki, siz ailənizə dəyər verən sənət adamlarındansınız. Öncəliyiniz həmişə ailəniz olub...

- Mütləq. Mənim üçün hər şeydə ailəm birinci gəlir. Nə qədər sənətimi sevsəm də, ona qulluq etsəm də birinci varlığım, dəyərim, Allahın mənə verdiyi ən böyük bəxşiş ailəmdir.

- Hədiyyə ilə aranız necədir? Böyüyünə-kiçiyinə fikir verirsinizmi?

- Yox. Hədiyyə ürəkdən gələn şeydir. Kim necə hiss edir, elə də təqdim edir.

- İndiyə qədər sizə olunan hədiyyələrdən hansı yadınızda xüsusi qalıb?

- Gözəl hədiyyələr çox olub. Xüsusi olaraq hansınısa desəm, yalançı çıxaram.

“Şeytanı qəlbimdə vaxtında öldürməyi bacarmışam”

- Aktyorun ən böyük hədiyyəsi nədir?

- Bu sual nə qədər adi görünsə də, mənə görə çətin sualdır. İnsanın ambisiyası, kompleksi, eqosu bu məsələdə mühüm rol oynayır. Tamaşaçı məhəbbəti, sevgisi desəm banal, pafoslu səslənər. Bu həyatda istər aktyor, istər həkim ol, əsas məsələ həyatda lazımlı olmaqdır. İstər ailədə, istər sənət həyatında arzulanan olmalısan.

Əlbəttə, hər aktyor istəyər ki, ona hörmət etsinlər, dəyər versinlər, sevsinlər. Ona görə hərədə bir cürdür. Mənə gəlincə, gördüyüm işin kiminsə xoşuna gəldiyini bilmək məni sevindirir. Mən bir az bu mənada xəsisəm. Nəyinsə xətrinə, yaxud özüm istədiyim üçün heç vaxt artıq hərəkət etmirəm. Məndə konyuktura olmayıb, olmayacaq da. Ona görə məni beş nəfər istəyirsə, bu mənə kifayətdir. Kütlənin sevgisinə ehtiyacım yoxdur. Çünki özüm istədiyim insanların məni sevməsinə ehtiyacım var.

- Firdovsi bəy, sənətə yeni gələndə də bu cür düşünürdünüz?

- Bəli. Həmişə gözüm tox olub. Heç kəsə paxıllıq etməmişəm, həsəd aparmamışam. Düşünməmişəm ki, filankəsdə belə olub, amma məndə olmayıb. Mən sadəcə öz vaxtımı, öz dövrümü gözləmişəm. Demişəm ki, Allah mənim üçün çox gözəl qapı açıb. Və mən o yolla, qapıları aça-aça gedirəm.

Həmişə öz ulduzumun yanacağı anı gözləmişəm. Bu, oturub gözləmək anlamına gəlməsin. İntellektim, yaradıcılığım üzərində işləmişəm. Şəxsiyyətim üzərində işləmişəm. Mən şeytanı qəlbimdə vaxtında öldürməyi bacarmışam. Ona görə çox rahatam.

- Şans aktyorluqda nə dərəcədə vacibdir?

- Aktyorluq ümumiyyətlə bir missiyadır. Əsl aktyorların həyat missiyası aktyor olmaq, insanlara həyatın o biri tərəfini göstərmək, başqa obrazlar yaradaraq insanların özlərini özlərinə tanıtmaqdır. Bu mənim üçün əsasdır. Ona görə pis adamları, mənfi obrazları canlandırmaqdan qorxmuram. Niyə? Çünki mən kiməsə o rolla sözümü deyə bilirəm. O insan mənə baxanda aynaya baxmış kimi əksini görür.

“Tez-tez görünmək üçün rol arxasınca qaçmıram”

- Ən sevdiyiniz obrazınızın "Arzu tramvayı" tamaşasında Stenli Kovalski olduğunu deyirsiniz. Kovalskinin sizin üçün özəlliyi nədir?

- Kovalskini həddindən artıq çox sevirəm və ömrümün sonuna qədər ən çox sevdiyim obrazlardan biri olacaq. Çünki o obrazı tamaşaçı çox sevdi və mənə inandı.

- Biz sizi sonrakı illərdə bir çox səhnə əsərlərində, eləcə də “Sənətkarın taleyi” ndə, “Karamazov qardaşları”nda da gördük. Hər tamaşada siz fərqli bir insanla qarşımızda idiniz...

- Elə də olmalı idi. Çünki aktyor yeni obrazında o biri obrazını xatırladırsa, deməli, o, nə isə düz etməyib. Yeni bir obraz o birinə oxşamamalıdır.

- Bu ilki yaradıcılıq uğurlarınızı sizdən eşitmək istəyirəm.

- Bu il həyatımı yalnız ailəmə həsr etmişəm. Bu il mənim üçün ailə ilidir. Çəkilişlər üçün çox təkliflər gəldi. Amma qərara aldım ki, ailəmlə olmağım daha məsləhətlidir.

- Tamaşaçıları həsrətdə qoymaq istəyirsiniz...

- Tamaşaçını həsrətdə qoymaq yox, sadəcə tamaşaçının yaxşıya gözü öyrəşir, sonra artıq adiləşir. “Ata ocağı” serialında oynadığım Elman obrazı çox böyük rezonans doğurdu. Elmandan sonra ondan da üstün bir obraz olmalıdır. Hələliksə istədim o obraz tamaşaçının qəlbində yaşasın.

Bu barədə eqoistəm. Tez-tez görünmək üçün rol arxasınca qaçmıram. Mənim 20 yaşım yoxdur ki, o istəkdə olum. Artıq həyatımın və sənətimin elə bir dönəmindəyəm ki, seçim etmək iqtidarına sahibəm.

O seçimin mənə intiutiv olaraq köməyi dəyir.

Sezonun sonunda sevimli “Ata ocağı” komandası Elmanın qayıtmağını istəyirdi, sadəcə bəzi məişət, ailə işlərinə görə seriala dönə bilmədim. Amma ürəyim onlarladır.

- Tamaşaçı sizi indiyə qədər çox az serialda görüb. Çox seçici davranırsınız?

- Həmişə seçici davranıram. Çünki çox gec seriallara çəkilməyə başladım.

- Seriala çəkilməyə qərar verməyiniz çətin oldu, yoxsa?..

- Təkliflər olurdu. Sadəcə mən baş verənləri analiz edəndə o nəticəyə gəlirdim ki, hələ hazır deyil.

- Peşəkarlıq baxımından deyirsiniz?

- Xeyir. Mən heç kəsin xətrinə dəymək istəmirəm. O seriallar sadəlövh idi... Sənətdə sadəlövhlük qeyri-peşəkarlıq deməkdir. Ona görə vaxtımı gözləyirdim.

Serial bumu başlamamışdan öncə müsahibələrimdə dəfələrlə deyirdim ki, Azərbaycanda seriallar çəkilsə, aktyorların məşğulluğu üçün gözəl imkan olacaq.

Yeni başlayanda hər şey zəif addımladı. Sonra çəkilməyə başladım. İlk saqqızımı oğurlayan “Laləli saray” oldu, ardınca “Təhminə və Zaur”, “İdarə” serialı - oradakı obrazımı çox sevirəm. Və “Ata ocağı”. Bəzi aktyorlar deyir mən 25-30 seriallarda çəkilmişəm, amma baxırsan ki, heç bir serial yadda qalmır. Mənsə cəmi dörd serialda çəkilmişəm.

- “Ata ocağı” da daxil olmaqla serialda çəkilmək fiziki baxımdan sizi yormur ki?

- Ümumiyyətlə, məndə işə görə yorğunluq olmur. Hətta “Ata ocağı”nda çox çətin səhnənin çəkilişlərini edirdik: qəliz, psixoloji, fiziki baxımdan ağır səhnə idi. Gecədən səhərə qədər çəkiliş davam etdi və arada rejissorumuz Rüfət Şahbazov soruşdu ki, Firdovsi müəllim, yorulmamısınız. Dedim, mənə sonra yorulmağın nə olduğunu başa salarsan.

- Bu il teatr mövsümünü necə yekunlaşdıracaqsınız?

- “Sənətkarın taleyi” ilə. İyunun 10-da Hüseyn Ərəblinski ilə birlikdə səhnədə olacam. Kim baxmaq istəsə, buyurub gəlsin.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər