20 Avqust 23:24
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat Laureatı Niyazinin anadan olmasının 112 illiyinə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə muzeydə təşkil olunan "Açıq qapı günü"ndə ziyarətçilər və tədbir iştirakçıları "Niyazi-112" sərgisi ilə tanış olublar.

Tədbir Ümummilli Lider Heydər Əliyevin maestro Niyazi haqqında xatirələrinin videoyazısı ilə başlayıb.

Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov unudulmaz sənətkarın yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, milli dirijorluq məktəbinin formalaşması və onun böyük inkişaf yolu keçməsi bilavasitə Niyazinin adı ilə bağlıdır. Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində müstəsna xidmətlər göstərib.

Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Azər Dadaşov Niyazi haqqında xatirələrini bölüşüb, fortepianoda "Sumqayıt" kantatasından və "Qızıldan" mahnısından fraqment ifa edib. O, həmçinin musiqi əsərlərindən ibarət kitabını muzeyə hədiyyə edib.

Tədbirdə digər çıxış edənlər Niyazinin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri kimi fəaliyyət göstərdiyini vurğulayıblar.

Diqqətə çatdırılıb ki, Niyazi yaradıcılığına, şəxsiyyətinə Ulu Öndər Heydər Əliyevin də böyük qayğı və diqqəti olub.

Bəstəkar Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr verib. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.

Tədbirdə Niyazi haqqında görkəmli musiqi xadimlərinin xatirələri səsləndirilib və videoxatirələr nümayiş edilib. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülnaz İsmayılovanın ("Arzu" romansı) və digərlərinin ifalarında Niyazinin və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Konsert proqramının rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər