Xalq artisti, kinorejissor Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru olduğu “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” adlı film layihəsi Özbəkistanla müştərək istehsal oluna bilər.
Bu barədə Teleqraf.com-a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Bildirilib ki, Özbəkistanda 13-18 sentyabr tarixlərində keçirilən “İpək yolunun incisi” XIV Daşkənd Beynəlxalq Film Festivalında kinostudiyasının direktoru Nazim Hüseynov Azərbaycandan olan nümayəndə heyətindədir. Nümayəndə heyətində Vaqif Mustafayev, Ayaz Salayev də yer alır.
Festival çərçivəsində “Azərbaycanfilm” və “Özbəkfilm” kinostudiyaları nümayəndələrinin rəsmi görüşü keçirilib.
Görüşdə 2021-ci ildə iki ölkənin təmsilçiləri arasında kino sahəsində imzalanmış memorandumun nəticələrindən bəhs olunub. Memorandumda Xalq artisti, kinorejissor Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru olduğu “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” adlı film layihəsinin müştərək istehsal planı da yer alırdı.
Qeyd edək ki, hazırda filmin rejissor ssenarisi üzərində iş başlayıb.