8 May 2014 15:15
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşası bərpa edilir. Dörd illik fasilədən sonra “Bankir adaxlı” tamaşasının ikinci bərpa işi xalq artisti Afaq Bəşirqızına həvalə olunub. Məlumat PressForum.az saytına Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən verilib.
Afaq Bəşirqızı tamaşasının ikinci bərpasının həm quruluş, həm yaradıcı heyətin tərkibi, həm də rol bölgüsü ilə fərqlənəcəyini bildirib: “Bankir adaxlı” tamaşası vaxtilə teatrın ən çox sevilən, anşlaqla keçən, seyrçi korluğu çəkməyən quruluşlarından biri olub. Seyrçilər yeni tamaşalarla yanaşı, retro tamaşalara baxmaq istəyirlər. Həm teatra, həm də birbaşa mənim özümə dəfələrlə istək zəngləri olub. Bərpa zərurətini yaradan digər faktor — mənim 2 illik fasilədən sonra yenidən səhnəyə qayıtmağımdır”.

Məlumatda bildirilir ki, premyerası mayın 24-nə planlaşdırılan tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeystri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.

“Bankir adaxlı” tamaşasının yeni yaradıcı tərkibində əməkdar artist Çingiz Əhmədov, aktyorlardan Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Möylə Mirzəliyev, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev iştirak edirlər.

Tamaşanın ilk premyerası 2000-ci il mayın 12-də rejissor Faiq Zöhrabovun quruluşunda olub. Həmin quruluşda xalq artisti Hacıbaba Bağırov (Atakişi), daha sonralar xalq artisti İlham Namiq Kamal, Xanım Qafarova (Məleykə), Gülcahan Salamova (Gülbikə), Ofelya Əfqanlı (Səmayə), Gülnar Salmanova (Maral), Lütfiyyə Səfərova (Ceyran), Fatma Mahmudova (Ağuçu), Novruz Qartal (Dilənçilər padşahı) və digər tanınmış sənətkarlar oynayıblar. /pressforum.az/


Müəllif: