19 Noyabr 21:39
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 19-da Heydər Əliyev Sarayında Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə “Gürcü əfsanəsi” adlı təntənəli qala-konsert keçirilib. Konsert proqramını Gürcüstanın 137 yaşlı "Erisioni" Dövlət Akademik Mahnı və Rəqs Ansamblı təqdim edib.

Teleqraf.com xəbər verir ki, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iki ölkə arasındakı əlaqələrdən danışaraq xalqlarımızı və ölkələrimizi çoxəsrlik dostluq, mehriban qonşuluq əlaqələri birləşdirdiyini deyib: “Çox şadam ki, bu gün biz Azərbaycanın paytaxtı Bakıda Gürcüstanla Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini birlikdə qeyd edirik. Ölkələrimiz arasındakı münasibətlərin uzun əsrlik tarixi kökləri var. Çox şadam ki, bu gün biz yenə birlikdə toplaşaraq, bu gözəl bayramı qeyd edirik”.

Daha sonra qarşılıqlı dəstək üzərində qurulan bu əlaqələrin region üçün həlledici amilə çevrildiyi vurğulayan səfir Z.Pataradze qeyd edib ki, strateji tərəfdaşlıq münasibətləri tədricən inkişaf edərək bölgəmizin simasını dəyişib, nəhəng enerji, infrastruktur və digər layihələr reallaşdırılıb. Gürcüstan və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dost və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini diqqətə çatdıran diplomat ikitərəfli strateji tərəfdaşlığımızın bundan sonra da uğurla davam edəcəyindən əminliyini ifadə edib. “Bu gün Gürcüstanın məşhur Milli Akademik Rəqs və Mahnı Ansamblı maraqlı konsert proqramı ilə çıxış edəcəklər. 1885-ci ildə yaradılmış “Erisioni” ansamblı təkcə Gürcüstanda deyil, həmçinin onun hüdudlarından kənarda da geniş şöhrət qazanıb. Ansambl konsertlərində milli geyimlərdə gürcü xalq mahnı və rəqsləri vasitəsilə ölkəsinin etnik-mədəni dəyərlərini nümayiş etdirir”, - deyə səfir bildirib.

Sonra təntənəli konsert proqramı təqdim olunub. Gürcüstanın “Erisioni” Dövlət Akademik Mahnı və Rəqs Ansamblı konsertdə qədim gürcü rəqsləri ilə tamaşaçıların qarşısına çıxıb.


Müəllif: Teleqraf.com