AzTV-nin sədr müavini, tanınmış teleaparıcı Rafiq Həşimov Teleqraf.com-un suallarını cavablandırıb.
Rafiq Həşimovla söhbətimizə iş otağında mərhum xalq artisti Barat Şəkinskaya haqqında xatirəsi ilə başladıq.
"Mən “XX əsr”müəllif proqramı hazırlayırdım, Barat Şəkinskaya ilə sonuncu müsahibəni 1999-cu ilin yanvarın 10-da etdik, o isə ayın 13-də dünyasını dəyişdi. Veriliş yanvarın 14-də yayımlanmalı idi. Gecə ilə Barat Şəkinskaya haqqında nekroloq yazdım, efirə çıxdım. Həmin görüş məndə çox böyük təəssürat yaratmışdı. O, kişi kimi xarakterə sahib idi, 85 yaşı tamam olurdu, amma o qədər maraqlı, intellektual səviyyəli söhbət etmişdi... Həm də insan kimi həyat hadisələrinə münasibəti o qədər dəqiq və dəyərli idi ki, gecəylə kövrək halda haqqında nekroloq hazırladım. Söhbətimizdə belə bir məqam var idi, ona sual verdim: “Barat xanım, sizin bioqrafiyanızı vərəqləyəndə gördüm ki, üç dəfə ailə həyatı qurmusunuz. Teatr böyük kollektivdir, orada texniki heyət, rejissorlar, aktyorlar, rəssamlar və müxtəlif peşə adamları var. Amma siz hər dəfə rejissorla ailə həyatı qurmusunuz”.
Barat Şəkinskaya fikrini izah etməyə başladı ki, əməkdar artist fəxri adına layiq görüləndə teatrda on iki tamaşa oynayıb. Dedi ki, səhər saatlarında məşqə gedirsən, məşqdən sonra ev, evdən yenə teatra gəlirsən, saat yeddidə tamaşa başlayır, evə isə gecə saat birdə çatırsan. Barat xanım xalq artisti fəxri adına tez layiq görülüb və artıq teatrda iyirmi iki tamaşada oynayıb. Soruşdu ki, “Buna hansı kişi dözər?!” Əslində, aktyorluq, eləcə də jurnalistika o qədər asan deyil. Ona görə də həmişə tələbələrimə deyirəm ki, Allah sizə xoşbəxtlik qismət eləsin, həyatınız elə olsun ki, harmoniyanı qoruyub saxlaya biləsiniz. Çünki yaradıcılıq həyatı çətin bir həyat tərzidir. Eyni zamanda nəzərə alsaq ki, zamanımız da çox sürətlənib. Burada müəyyən problemlər ortaya çıxa bilir və seçim qarşısında qala bilərsən".
- Rafiq müəllim, diktor kimi tanınmısınız, yaradıcılığınızın sonrakı dövrlərində ssenarist, rejissor kimi də çalışmısınız. Sanki iş fəaliyyətinizdə illərdir axtarışdasınız. Bu axtarışın səbəbi nədir?
- 1987-ci ildə AzTV-də fəaliyyətimə texnik, videooperator, montajçı kimi başlamışam. Çünki 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun “Televiziya və Radio texnikası” fakültəsini bitirmişəm. 1990-cı ildə Azərbaycan Televiziyasına diktor müsabiqəsi elan olundu, bacım dedi ki, sən yaxşı danışırsan, bəlkə iştirak edəsən.
Müsabiqəyə qatıldım və 182 nəfərdən beşimiz - Dilarə Səlim, Kəmalə Əzizqızı, Etibar Rəhimov, Elşən Qələndərli və mən keçdik. Beləliklə, bu sahədə fəaliyyət göstərməyə başladıq.
Uşaqlıq illərində televiziyada buzüstü xokkey oyunlarını və kinofilmlərə baxmağı çox sevirdim. Həyat elə gətirdi ki, televiziyada texnik kimi işə düzəldim. 1991-92-ci illərdə müəyyən səbəblərə görə, iki dəfə işdən gedəsi oldum. Keçid dövrü idi, qarışıqlıq idi. Efirdə qeyri-etik ifadələr səslənə bilərdi. O zaman gücüm özümə çatırdı, ərizəmi yazıb işdən çıxırdım...
1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkədə bütün sahələrdə olduğu kimi televiziyada da stabillik dövrü başladı. Beləcə uzun bir yol keçdim. 1995-ci ildə “XX əsr” adlı müəllif proqramı hazırlamağa başladım. Proqram müxtəlif sənət adamları, şairlər, yazıçılar və bəstəkarlarla müsahibələr üzərində qurulurdu. Verilişin on altı sayı yayımlandı. Proqramı 1999-cu ilin sonunda bitirdim və əsr də dəyişdi. Deyim ki, o dövrün özünəməxsus texniki və digər çətinlikləri var idi.
- Nə kimi çətinliklər vardı?
- Üç-dörd il həftədə on dörd dəfə efirə çıxırdım. Hətta Valid Sənani, Allah rəhmət eləsin, məclislərin birində belə bir arzu bildirmişdi ki, “Rafiq, arzu edirəm, tamaşaçı sənin üçün darıxsın”. Efirdə çox olmağıma işarə edirdi. Ona görə ki, “Səhər” proqramının, “Xəbərlər” proqramının, dövlət tədbirlərinin aparıcısı idim.
“XX əsr” adlı müəllif proqramları hazırlayırdım, ssenari müəllifi kimi fəaliyyət göstərirdim, paralel filmlər çəkirdik. Filmləri Vəli Səyyadi, Elçin Musaoğlu ilə birgə çəkirdik. Ekran əsərləri ən müxtəlif, ağrılı mövzulara həsr olunub. Məsələn, ilk filmimizi 1995-ci ildə böyük bəstəkarımız Qara Qarayevin oğlu, bəstəkar Fərəc Qarayevə həsr etdik. Filmin adı “Valın üçüncü üzü”dür. Ssenarist kimi ilk təcrübəm idi. Vəli Səyyadi və mən ssenari müəllifləri, rejissor Elçin Musaoğlu...
1997-ci ildə ssenarim əsasında “Qum dənəsi” filmini çəkdik. 2000-ci ildə qaçqın şəhərciyindən uşaqlara həsr olunmuş “Günəş və bulud” filmini, 2006-cı ildə həmin filmin davamı olan “Qamış şəhərin yuxuları”nı çəkdik. Nə yaxşı ki, o filmləri çəkdik. Təəssüf ki, o dövrdən az film qalır, demək olar ki, yox dərəcəsindədir. Əsasən, bizim filmlərimizə müraciət edirlər və nə yaxşı ki, biz onu tarixin bir güzgüsü kimi çəkib saxlaya bildik.
Ondan sonra çoxlu filmlər ərsəyə gətirmişik. Biz filmləri çəkəndə o qədər ahəngdar mühit yaranırdı ki...Çox maraqlı üçlük idik. Məndən soruşurdular ki, “siz bu filmləri necə çəkirsiniz?” Onlara cavab verirdim ki, biz dostluq edə-edə film alınır. Yaxud oturub danışırıq, filmin ssenarisi hazır olur. Gənclik ehtirası ilə baş verənlərə yanaşma tərzimiz, ətrafımızda, dünyada baş verən hadisələr, oxuduğumuz kitablar, izlədiyimiz filmlər bizi sanki nəsə etməyə vadar edirdi. Münasibətimiz bu ab-havada yetişdi. Vəli Səyyadi filmlərdə həm rəssam, həm də ssenari müəllifi kimi iştirak edirdi. Onun özünün də rejissor kimi çox gözəl sənədli filmləri var.
- Bəs, rejissor kimi özünüzü nə zaman sınadınız?
- 2001-cü ildən AzTV-dən “Space” kanalına getdim və aparıcıların, müxbirlərin nitq mədəniyyəti ilə məşğul olurdum. Müəyyən vaxtdan sonra rejissor kimi sənədli film çəkilişlərinə başladım. 2011-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə şəhid Fuad Əsədova həsr olunmuş “Yarımçıq gündəlik” adlı film, 2013-cü ildə “Səttarın Azərbaycanı” adlı sənədli filmi çəkdik.
Ötən il isə görkəmli şairimiz Səlim Babullaoğlunun ssenarisi əsasında çəkdiyimiz “Sözün respressiyası” sənədli filmini bitirdik.
- Son filminiz “Sözün repressiyası” bu günlərdə təqdim olundu, bu filmin ideyası necə yarandı?
- Azərbaycan Yazıçılar Birliyinin dəhlizində Xalq yazıçısı Anarın sifarişi ilə hazırlanmış bir barelyef asılıb. Sənədli filmin ideyası oradan yarandı. Hər dəfə rəsm əsərini görürdük. Bir gün Səlim Babullaoğlu dedi ki, bəlkə belə bir film çəkək. Əbədiyyətə gedən o adamların üzünü insanlara tərəf çevirək. Beləcə sənədli filmin ideyası yarandı. Araşdırmağa başladıq və müxtəlif qurumlara, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin arxivinə, mərhum akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabına, digər mənbələrə müraciət etdik.
Çox sevindirici və əlamətdar məsələlərdən biri o oldu ki, Tağı Şahbazinin qızını Ukraynada tapdıq, onu sənədli filmə çəkdik. Atası repressiyaya məruz qalanda doqquz yaşındaydı, filmdə çıxış edəndə xanımın 92 yaşı var idi. Film iki il əvvəl çəkilib, pandemiyaya görə filmin tamamlanması bir az ləngidi. Nəhayət ki, keçən ilin yayında hazır oldu.
Bu il cənab Prezident İlham Əliyevin sərəcamına əsasən Əhməd Cavad, Hüseyn Cavidin yubileyləri qeyd olunur. Düşündük ki, filmi bu il təqdim etmək yerinə düşər.
- Sənədli filmlərin bəlli auditoriyası olur. Bəs, maliyyə məsələsini necə tənzimləyirsiniz?
- “Sözün represiyyası” sənədli filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib. Məsələn, əvvəllər qaçqın uşaqlar haqqında filmlər çəkəndə müəyyən dövlət qurumlarına müraciət edirdik. Qurumları dəqiq xatırlamıram, səhv etmirəmsə biri Gənclər və İdman Nazirliyi, biri isə Mədəniyyət Nazirliyi idi. Müraciət etdik, ideyanı verdik, onlar da maliyyələşdirdilər. Başqa filmlər də olur, bəzən hər hansı şəxs film sifariş edir. Onun da büdcəsini təqdim edirsən və s.
- Heç filmlərinizi festivallara təqdim etmisinizmi?
- Düzü, festivallara müraciət etməmişəm. Bəzən deyirlər ki, niyə işlərinizi populyarlaşdırmaqla məşğul olmursunuz. Həqiqətən də buna vaxtım yoxdur. Sosial şəbəkələrdən də istifadə etmirəm. İkinci bir tərəfdən də işimi təqdim edim, yayım - ay camaat, mən bunu etmişəm və sair - xasiyyətimə uyğun deyil. Fikirləşməmişəm də… Bəlkə də səhv edirəm, yaxud kimsə bu işlə məşğul olmalıdır.
- Texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi dövrdə sosial şəbəkələrdən istifadə etməməyinizin səbəbi nədir?
- Mənə edilən zənglərə, müraciətlərə çox məsuliyyətlə yanaşıram. Təkcə işlə əlaqədar vatsapdan istifadə edirəm. Kimsə mənə yazanda, özümü həmin şəxsə cavab yazmağa borclu bilirəm. Tutaq ki, feysbukda da kimsə yazdı, mütləq ona cavab verməliyəm axı. Sosial şəbəkəyə kütləvi yazıçılıq yeri kimi baxıram. Düşünürəm ki, feysbukda vaxtım çox gedər. O qədər yaxşı oxumalı kitablar və baxılmalı filmlər var. Həyatımın o vaxtıdır ki, onu da feysbukda keçirim?! Heyif deyil?..
Gün ərzində saat yarım mütaliəyə vaxt ayırıram, ruhum dincəlir. Şəhid və qazi qardaşlarımızın əsərləri, milli vətənpərvərlik layihələri üzərində işləyirəm. Görürsən ki, ilahi, necə istedadlı gənclərimiz, şairlərimiz var. Mən isə pis oxucu deyiləm. Yaxşı şeiri, nəsri digər mətnlərdən seçməyi bacarıram. Ehtiyat edirəm ki, birdən feysbuk səhifəsi açaram və çəkindiyim məsələlərlə üzləşərəm. Bəlkə də nə vaxtsa sosial şəbəkədən istifadə edəcəyəm...
- Yeri gəlmişkən, 1990-cı illərdə çəkdiyiniz filmlər yutub platformasında da azdır....
- Filmlərimizdə böyük bəstəkarların musiqisindən istifadə etmişik. Yutubun isə müəyyən qaydaları var ki, müəllif hüquqları məsələsinə görə yerləşdirməyə icazə vermirlər. Ona görə də son filmlərimdə artıq bəstəkara musiqi sifariş edərək tərtib edirəm.
- 44 günlük vətən müharibəsindən bəhs edən film çəkməyi düşünürsünüz?
- Əlbəttə ki, 44 günlük zəfərimizdən bəhs edən film çəkmək fikrim var. Bundan əlavə tariximizin ağrılı səhifələri, müxtəlif hekayətlərlə bağlı bədii film də çəkməyi düşünürük. 44 günlük müharibə çox ciddi tarixi hadisədir. Ona görə də keyfiyyətli və ciddi film ortaya çıxarmalıyıq. Mənə elə gəlir ki, gələcəkdə bir-birindən yaxşı işlər çəkiləcək. Bu, müəyyən vaxt tələb edir. Gözəl əsərin yaranması üçün ciddi rejissor və ssenari işi olmalıdır...
Azərbaycan radiosunda bir layihə həyata keçiririk. Qazi və şəhid şairlərimizin şeirlərini radioda səsləndiririk. Qazi şairlərimiz çox gözəl şeirlər yazıblar, hadisənin içindən qələmə alıblar. Bu şeirlər çox illər sonra da insanlara təsir edəcək.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, “əsas olan sözə necə münasibət göstərməyindir, mənim üçün bir senzura olub: təfəkkürün, ağlın qadağası”.
- Hər birimizin əhvalımızdan asılı olaraq beynimizdən yaxşı fikirlər də, pis fikirlər də keçə bilər. Bunun senzurası olmalıdır, yoxsa yox?! Ağlın senzurası olmalıdır, yəni nəyisə etmək olar, yaxud olmaz. Bunu yazı-pozuya, nitqə də aid etmək olar. Uşaqlara da auditoriyada deyirəm, söz bizdən canlıdır.
Biz bu dünyaya gəlib-gedirik, amma söz qalır. Sözün böyük enerjisi var, böyük gücə malikdir. Söz ilə müharibə etmək olar. Çox müharibələrin kökündə söz dayanır. Sözlə sevmək, yaxşı söz söyləmək də, nifrət etmək də olar. Ağlın, təfəkkürün senzurası deyəndə bunu nəzərdə tuturam.
- Səlim Babullaoğlu yubileyinizdə demişdi ki, Rafiq Həşimov həm də istedadlı aktyordur. Doğrudan belədir?..
- Əslində, uşaqlıqda aktyor olmaq istəmişəm. Bir dəfə filmə çəkilmişəm. Məni Elçin Musaoğlu ilə Vəli Səyyadi filmə dəvət etdilər, “P.S.” adlı bədii televiziya filmi idi. Ekran əsərində operator obrazını canlandırdım. O zaman 28 yaşım var idi. Sonradan filmə zövqlü bir adam baxanda məndən soruşmuşdu ki, “sən aktyor məktəbini Moskvada bitirmisən?”. Reaksiyası belə olmuşdu. Amma həmin filmlə “aktyorluq karyeram” bitdi. Filmlərdən təklif almadım və təklif olsaydı, bilmirəm necə yanaşardım, yəqin ki, “yox” deyərdim. Çünki diktorluq və aktyorluq fərqli sahələrdir.
- Diktor kimi sizə təqdim edilən mətnlərə dəyişiklik edirdiniz?
- Mən istənilən mətnə, sözə münasibət göstərirəm. Oxuduğum mətnlər içərisində ictimai-siyasi, bədii-publisistik mətnlər var idi. Şeirlər oxumurdum, hesab edirəm ki, bədii qiraətçi deyiləm. Amma yaxın günlərdə bir şeir xoşuma gəldi, Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri. Onu səsləndirmişəm.
Özümə tələbim böyükdür. Məsələn, film çəkməyə razılıq vermişəmsə, hesab etmişəm ki, bu filmin altına imza ata bilərəm. İctimai-siyasi, publisistik mətnlərin, bədii qiraətin hərəsinin öz intonasiyası var. Məsələn, “Sözün represiyyası” sənədli filmində bir neçə intonasiya var, bu, mənim mətnə münasibətimdir. Bu, diktor sənətinin xüsusiyyətidir. Ümumiyyətlə, hər bir mətn sanki qiraətçiyə diktə edir - “məni belə oxu!”.
- Yazıçı Anarın Azərbaycan Yazıçılar Birliyinə yenidən sədr seçilməsinə münasibətiniz necədir?
- Anar müəllim Azərbaycan Yazıçılar Birliyinə sədr seçilməli idi və nə yaxşı ki, seçildi.
- Axirətə inanırsınız?
- Belə bir yaxşı söz var, Allahı, ölümü unutma, sənə edilən pisliyi və etdiyin yaxşılıqları unut! Mən çox gənc yaşlarımdan başlayaraq hər gün ölüm haqqında düşünmüşəm və xatırlamışam. Ona görə də, bacardıqca yaxşılıq etməliyik. Əlbəttə, axirət dünyasına inanıram. Hər şey öncədən yazılıb. Bu haqda çoxlu kitablar var. Bir neçə il əvvəl müqəddəs “Quran”ımızı da səsləndirmişəm. Allaha şükür olsun ki, bunu mənə nəsib edib.
- Müsahibədən qabaq söhbətləşəndə gündəlik yazdığınızı qeyd etdiniz. Orada nələri qələmə alırsınız?
- Bəli, qırx ilə yaxındır ki, gündəlik yazıram. Həyatımda baş verən əlamətdar hadisələri, düşüncələrimi, oxuduğum kitablardan, mətnlərdən xoşuma gələn sətirləri qeyd edirəm.