8 Dekabr 2022 15:25
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məşhur uşaq” rubrikası tanınmış sənətçilərin keçmiş xatirələrinə işıq tutur.

Bu dəfə Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev Teleqraf.com-la xatirələrini bölüşüb.

“Pəncərədən düşüb qaçıb, özüylə sinifin yarısını aparıb”

“Ailədə dörd uşaq olmuşuq, ən böyüyü mən idim. Çox nadinc, hiperaktiv, daim diqqət mərkəzində olmağı sevən uşağıydım.

Sumqayıtda 13 saylı məktəbdə oxumuşam. Orta məktəbdə yaxşı oxuyurdum, amma davranışdan iki alırdım. Hətta yadımdadır ki, birinci sinifdə dərsdən qaçdım, özümlə də sinif yoldaşlarımı aparmışdım. Gündəliyimdə yağlı iki yazmışdılar, hətta şərhi də vardı: “Pəncərədən düşüb qaçıb, özüylə sinifin yarısını aparıb”.

"Məktəbdə mənə paxıllıq edirdilər ki, niyə Elmanın ətrafına bu qədər qız toplaşır. Çünki ünsiyyətciləm. İnsanlara da olduğum kimi yanaşıram".

"Sənətə şöhrət üçün gəlmişəm"

"Birinci sinifə gedəndən qarşıma aktyor olmağı məqsəd qoymuşdum. Uşaq vaxtı sovet filmlərinə baxıb onları təqlid edirdim, hamı mənə baxıb gülürdü, bu, xoşuma gəlirdi. Diqqət mərkəzində olurdum. Evə qonaqlar gəlirdi, atam deyirdi, filan obrazı təqlid elə, mən də edirdim, hamı yeməyini saxlayıb mənə baxırdı. Deyirdim, nə gözəl sənətdir.

Etiraf edirəm ki, bu sənətə şöhrət üçün gəlmişəm. Seçilməkdən həzz alıram. Bəzi sənət dostlarımdan fərqli olaraq məni metroda, avtobusda, "Tarqovı"da görə bilərsiniz. İnsanların içərisində olmaq mənə həzz verir. Kimi məni görəndə Pantomima Teatrı yadına düşür, kimi Niyaz, kimi isə Fikrət deyə çağırır. Rollarımla məni çağıranda çox sevinirəm”.

“Sumqayıtda evimizin yanında "Oktyabr" klubu yerləşirdi. Ora tez-tez bizim sevimli aktyorumuz Siyavuş Aslan gəlib çay içərdi. Uşaqları yığıb ora aparırdım. Deyirdim, Siyavuş Aslan gəlir, gedək ona baxaq. İnanın, ona o qədər diqqətlə baxırdım ki... Maşından düşüb, o kluba gələnə qədər bütün hərəkətlərini izləyirdim, insanların ona sevgisini görürdüm. Heyran olurdum. Ona baxa- baxa fikirləşirdim ki, mən də aktyor olacam və hamı mənə baxacaq".

“İndiki Elman uşaq Elmana nə demək istəyərdi? Deyərdi, yaxşı ki, arzuna, qarşına qoyduğum məqsəd doğru irəlilədin və buna nail oldum. Hələ də bir yerdə dayanmamışam. Hələ də öyrənirəm. Bir pilləni qalxandan sonra növbəti pilləni qalxmaq barədə düşünürəm.

Seçdiyim, sevdiyim sənətdə uğurlar qazanmaq istəyirəm. Həm kinoda, həm də teatrda. Bu sənətə də kinonu sevib gəlmişəm. Elə alındı, teatrda işlədim və başa düşdüm ki, teatr incəsənətin əlifbasıdır. Teatr aktyorun daim formada qalması üçün vacib bir məkandır".

“Uşaqkən oyunlara marağım var idi. Yeddi şüşə, çilədi, domino oynamağı sevmişəm. Şahmat və nərd oynaya bilmirəm. Özümü dərk edəndən sonra bütün oyunlardan uzaqlaşdım. İndi vaxtım olan kimi şeir səsləndirib, montaj edərəm. Bilirəm ki, yaradıcılıqla məşğulam”.

“Valideynlərim həkim olmağımı istəyirdilər. Bir gün zəng eləyib atama dedim ki, bundan sonra bütün respublika məni həkim kimi tanıyacaq. Onda “Sayrışan işıqlar” serialında çəkilirdim və tamaşaçılar tərəfindən həm serial, həm də obrazım maraqla qarşılanmışdı”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər