“O gün bizim bərabər oynadığımız “Boy çiçəyi” tamaşasının axırıncı məşqi, axırıncı tamaşası idi. Çəkilişi Cavidan edirdi. Çəkib qurtarandan sonra dedi, Rada, həyatdır, hər şey ola bilər. İndi mən atamın hər anını lentə alıram. Ramiz müəllimin xəstəliyini mən onda bildim”.
Bunu Teleqraf.com-a tanınmış aktrisa Rada Nəsibova fevralın 20-də vəfat edən Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruzun vaxtilə “Boy çiçəyi” tamaşasının məşqi zamanı çəkilmiş görüntülərdən danışarkən deyib.
O acı xəbəri gecə eşitdiyini bildirib.
“Gecə saat 1-2 radələrində ayıldım, telefona baxanda gördüm ki, teatrın qrupuna hamı başsağlığı yazıb. Ondan sonra bir saat da gözümü yummadım. İnana bilmirdim. Biz onun yaxşı olacağına ümid edirdik. Ramiz müəllim çox yaxşı insan idi.
Sevilən, istedadlı, populyar aktyor olmaq mümkündür, amma kiçikdən böyüyə hamının sevimlisi olmaq hər adama nəsib olmur. Ramiz müəllim o adamlardan idi.
Yadımdadır, bir problemim var idi, ona zəng vurdum, dedim, Ramiz müəllim, ancaq sizə ürək edib zəng elədim, bir işdə mənə köməyiniz lazımdır. Dedi, yaxşı ki, mənə zəng etmisən. Aramızdakı yaş fərqinə baxmadan yanıma gəldi və o işdə mənə çox kömək oldu. Bu barədə də heç vaxt heç yerdə danışmadı. Mənsə ona təşəkkür üçün öyünürdüm ki, Ramiz müəllim bir işdə mənə dəstək olub. O deyirdi, belə eləmə, Rada”.
Aktrisanın sözlərinə görə, aktyor arıqlayandan sonra teatrdan da uzaq düşüb:
“Teatra nə vaxt gəlsək onun gülər üzünü görərdik. Elə bir insan yox idi ki, Ramiz müəllimi görəndə qollarını açıb onu bağrına basmasın. Bufetdə oturanda hamı onun başına toplaşırdı.
Arıqlığını hiss edən kimi teatra gəlmədi. Amma nə vaxt zəng eləsəydik, həyat eşqi ilə cavab verərdi. Biz ona ümid verməkdən, o bizə ümid verirdi”.