Dünyanın nüfuzlu festivallarından olan Berlin Film Festivalında iştirak edən əməkdar artist Rasim Cəfər Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Sizin baş rolunu oynadığınız filmin bu il Berlin Film Festivalında dünya premyerası keçirildi. Festivaldan yenicə qayıtmısınız, öncə film və rolunuz barədə danışmağınızı istəyirəm.
- Filmimiz Berlin Film Festivalında “Alman kinosunun perspektivi” bölməsində yarışırdı. Bu festivalının əsas bölmələrindən biridir. Festivalda filmi yaradıcı heyət təmsil edirdi. Əksər aktyorlar Almaniyada yaşayır, Roza İbadova ilə mən kənardan dəvət olunmuşduq.
Film Türkiyənin ucqar ərazisində - Ağrı dağının ətəklərində yaşayan ailənin dramından bəhs edir. Mən Hasan adlı atanı canlandırıram. Ailənin Almaniyada yaşayan qızı oradakı müəmmalı avtomobil qəzasından sonra Türkiyəyə - valideynlərinin yanına gəlir. Hər şey də bundan sonra başlayır. Ailədə ata ilə qız, ərlə-arvad arasında olan qəribə münasibətlər gün üzünə çıxır. Bir sözlə, qızın gəlişiylə həyat alt-üst olur. Və bu ailəiçi münasibətlərin düzgün olmadığını göstərir.
Filmi türk əsilli alman rejissor Engin Kundağ çəkib. Baş rollarda Funda Rosenland, Mərvə Aksoy, mən və Əziz Çapkurt çəkilib.
Filmin adı bizim təbirimizcə desək “Ağrı dağı”dır. Amma onun “Ararat” kimi təqdim olunması mənim üçün gözlənilməz və böyük problemlərdən biri oldu.
- Sözünüzü kəsəcəm, sizinlə sonuncu söhbətimizdə filmin adının “Mərmərə” olduğunu demişdiniz.
- Əslində filmin ssenari mərhələsində adı “Bir qadın” idi, çəkiliş prosesində “Mərmərə” oldu, çünki onun çox kadrları Mərmərə hövzəsində çəkilməli idi, amma bəzi problemlərdən dolayı filmi Mərmərədə deyil, Ağrı dağının ətəyində - Iğdır, Qarsda çəkməli olduq. Ona görə də filmin adı “Ağrı dağı” ("Ararat") kimi təqdim olundu.
Bu barədə filmin rejissoru ilə də çox söhbətlərim olub. Dedim, sən də türksən, bu adın bizim üçün nə qədər məhrəm olduğunu yəqin anlayırsan. Niyə onu “Ararat” adlandırmısan? Dedi, abi, bu film alman filmidir, Avropanın da bütün ədəbiyyatlarında, xəritələrində o dağın adı Ararat kimi yazılır. Mən də internet üzərindən araşdırma apardım və məlum oldu ki, Ararat adı əslində “Bibliya”dan gəlmə addır.
Kitabda “Nuh peyğəmbər Ararat dağına çıxdı” ifadəsi işlənir. Avropalılar da həmin dağın bu dağ olduğunu deyir, səyyahlar öz xətirələrində onu Ararat kimi göstərirlər. Bu baxımdan Rusiya, Avropa xəritələrində dağın adı Ararat kimi təqdim olunur. Bunun ermənilərə heç bir aidiyyəti yoxdur. Bəzi alimlərin fikrincə, bu sözün etimologiyası Urartudan gəlir. Bir məqalədə rast gəldim ki, ermənilərin özləri belə o dağa Masis deyirmişlər. Sadəcə 19-cu əsrdən başlayaraq rusların, avropalıların mütamadi axınından sonra Ararat ortaya çıxıb.
Filmdə heç bir siyasi motiv yoxdur, dediyim kimi, ailə dramıdır. Dağ adının filmə verilməsi simvolikdir. Ailədaxili münasibətlərin uçurumu, bilinməməzliyi sanki hər an partlamağa hazır olan Ağrı dağına bənzəyir. Ağrı dağında vaxtilə vulkan olub və versiyaya görə, bu yenidən baş verə bilər.
- Siz “Torn” filmi ilə vaxtilə Kann Festivalına getmişdiniz. Berlin Film Festivalı barədə təəssüratlarınız maraqlıdır. Filminiz festivalda neçə dəfə nümayiş olundu?
-Festival çox möhtəşəm təşkil olunub. Bütün Berlin şəhəri festival ab-havasında idi. Hər addımbaşı festivalın plakatları ilə bəzənmişdi. Küçələrdə böyük monitorlarda Berlin Festivalından görüntülər, canlı yayımlar, reportajlar nümayiş olunurdu. Bütün Berlin 10 gün müddətində bu festivalla yaşayırdı.
Təqdimatlar da möhtəşəm keçirdi. Qızıl xalıdan keçmək, stendin qarşısında foto çəkdirmək, bir sözlə, hər şey çox təmtəraqlı idi. Bizim film üç dəfə göstərildi, hər nümayişdən sonra sual-cavab olurdu. Adətən, alman və ingilis dillərində danışırdılar. Mənə sual olanda Funda tərcümə edirdi.
İngilis dilində danışmaq, fikrimi izah etmək mənim üçün çətindir. Amma qarşıma məqsəd qoymuşam ki, ingilis dilini mükəmməlləşdirəcəm.
- Filmə tənqidçilərin, tamaşaçıların reaksiyaları necə idi?
- Birmənalı qarşılanmadı. Bir tənqidçi onu festivalın digər filmlərindən fərqləndirmişdi. Deyirdi, festivalın o filmlərini bir tərəfə, bunu digər tərəfə qoymaq lazımdır. Filmin kadrları uzundur və çox ağırdır. Az qala hər səhnəsi belədir.
Tamaşaçı baxımından, həddindən çox bəyənənlərlə yanaşı bəyənmədiyini, filmi izləyəndə sıxıldığını söyləyənlər də var idi. Filmdə bir səhnəni qeyd edim: stolarxası heç nə danışmadan beş dəqiqə yemək yeyirik. Bir xanım tamaşaçı dedi ki, o səhnədə çox sıxıldım, bu ailənin nə qədər gərgin və sıxıcı ailə olduğunu hiss etdim. Belə... Fikirlər müxtəlif idi. Hətta filmin adına görə tənqid edən türklər də oldu.
Festivalın açılış mərasimində yox, bağlanış mərasimində iştirak etmək şansım oldu. Kristin Stüart festivalda jürinin sədri idi. İranlı aktrisa Golşiftə Farahani festivalın jüri üzvü idi. Bu il Stiven Spilberqə festivalın xüsusi mükafatını verdilər.
Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Hər dəfə belə nüfuzlu festivallardan qayıdandan sonra insanın içi dolur. İstəyirsən mütamadi filmlərlə bu tip festivallarda iştirak edəsən.
- Kinoda şanslı aktyorlardan hesab olunursunuz. Amma xarici festivallarda mükafata layiq görülən filmlərinizi çox az tamaşaçı görüb. Səhv etmirəmsə, “Torn” və “Tabutçunun yelləncəyi” filmləri yaxın zamanlarda nümayiş olunacaq.
- Bəli, martın 7-də Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə "Azərbaycan" kinoteatrında Elmar İmanovun həmin filmləri nümayiş olunacaq.
“Tabutçunun yelləncəyi” çox festivallarda iştirak edib, mükafatlar qazanıb. Hətta Amerika Kino Akademiyasının “Ən yaxşı tələbə filmi” nominasiyasında mükafat alıb. “Torn” Kann Festivalında iştirak edib.
Hər iki film kifayət qədər uğurludur. Mənə dəfələrlə sual verirdilər ki, biz o filmlərə harada baxa bilərik? Sizin vasitənizlə deyirəm ki, kim o filmlərə baxmayıbsa, onlara martın 7-də saat 7-də "Azərbaycan" kinoteatrına dəvət edirəm. Şansı qaçırmasınlar.