“Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətovun nəşi soyumamış, bu vəzifə uğrunda 44 günlük Vətən müharibəsinə bənzər bir mübarizə başlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu aktyor, Buğday rolu ilə məşhurlaşan Məhəmməd Verdizadə sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, ittifaqın sədrliyinə daha çox yaşlı nəsil iddia edir:
“Ən maraqlısı bilirsiz hansıdır, yaşı 73 və yuxarı olan şəxslərin namizədliyidir. Və mən düşünüb belə qənaətə gəlirəm ki, əcaba, bu ölüm qabağı vəzifədir ya. Əstəfürullah, Allah bu millətin qocasına da, cavanına da bildiyi qədər can sağlığı versin. Amma ümmətin içində öylələri var ki, dövlətin qalmayan vəzifələrini özü kimi qocaldıb, indi də son vəzifə kimi bu dərgaha gəlib Allahın əmrini gözləyib, Fəxri Xiyabanda bulunmaq istərlər.
Bisəbəb qorxmayıram, vəchi var: Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm qorxuram,
Qorxuram, qorxuram, qorxuram .
Allah Mirzə Ələkbər dahimizə rəhmət eləsin".
Qeyd edək ki, Məhəmməd Verdizadə Azərbaycan Teatr Xadimləri İttifaqında Aktyor laboratoriyasının rəhbəridir.
Ötən həftə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclasında yekdil qərarla ittifaqın növbəti konfransına qədər sədr səlahiyyətləri sədr müavini xalq artisti Hacı İsmayılova verilib.