““Azərbaycanfilm” kinostudiyasının forması dəyişilməli - “Azərbaycanfilm” Milli Kino Mərkəzi olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev deyib.
O qeyd edib ki, kino cameəsi məhz “Azərbaycanfilm” Milli Kino Mərkəzində cəmləşməlidir.
"Hələ sovetlərin dönəmində “Azərbaycanfilm” bazar iqtisadiyyatı qanunları ilə işləyirdi. O bəlkə də yeganə təşkilat idi ki, büdcədən maliyyələşdirilmirdi. Biz aylarla, həftələrlə maaş gözləyirdik. Ki, filmin istehsalatı qurtarsın, təhvil verilsin və ancaq ondan sonra pullar verilsin. O pullar göydən düşmürdü ki...Həmin sistem indi də mövcuddur. Dövlət film çəkmir deyəndə mən onu nəzərdə tuturam ki, “Azərbaycanfilm” kinostudiyası özü-özlüyündə istehsalat qurumudur. Biz Kinorejissorlar Gildiyası olaraq kinostudiyanın 100 illiyi ilə bağlı verdiyimiz təkliflər paketində də qeyd etmişdik ki, “Azərbaycanfilm” Milli Kino Mərkəzi olmalıdır. Ən böyük və müasir pavilyonlar orda tikilib, hamının istifadəsinə verilə bilər".
Onun sözlərinə görə, bu gün kino bürokratik çərçivədədir. Tendərlərin kino sənayesinə maneə törətdiyini bildirən Hüseyn Mehdiyev kino haqqında qanunun təkmilləşməli olduğunun vacibliyinə toxunub.