Bu gün Nizami Kino Mərkəzində Mehmandarovlar nəslindən bəhs edən “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filminin premyerası olub.
Teleqraf.com xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, filmin yaradıcı heyəti, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Filmdə Qarabağın hökmdarı İbrahim Xəlil xanın mehmandarı Mirzə Əli bəy tərəfindən əsası qoyulmuş, daha sonra Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlardan bəhs edilir. Mehmandarovlar XX-XXI əsrlərdə Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıb. Filmin əsas qəhrəmanı Peterburq Tibb-Cərrahlıq Akademiyasının məzunu Əbdül Kərim bəy Mehmandarovun həkimlik fəaliyyəti ilə yanaşı ötən əsrin əvvəllərində Qarabağın və ümumilikdə Azərbaycanın tarixində əhəmiyyətli rol oynaması, eləcə də 1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil qaydada müqavimət göstərməsində, xalqın səfərbər edilməsində və Difai təşkilatının yaradılmasında müstəsna xidmətləri əksini tapır. Əsas süjet xətti onun və kadrda görünməyən daha bir personajın - Səsin apardığı söhbətlərdən ibarətdir.
Filmin çəkilişləri Bakıda və Şuşada aparılıb.
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.
Filmin rejissoru Yavər Rzayev, ssenari müəlllifləri Yavər Rzayev, Vasif Quliyev, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərli, montaj rejissoru Elşad Rəhimov, prodüseri Nazim Hüseynovdur.