28 Sentyabr 2023 11:24
2 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Park Cinemada “Mən burdayam, İlahi!” filminin premyerası olub.

Teleqraf.com xəbər verir ki, “CİNEART GROUP” kino şirkəti tərəfindən istehsal olunan filmin quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, operatoru Vasif Vəlizadədir.

Filmdə Rasim Cəfər, Aygün Əlipənahova, Leyli Vəliyeva, Ayşad Məmmədov, Günay Həsən, Nəsibə Eldarova çəkilib.

“Cineart Group”un təsisçisi və filmin ssenari müəllifi Nicat Dadaşov bildirib ki, filminin ideyası real hadisə əsasında formalaşıb: “Müharibə zamanı cəbhə xəttində baş verən hadisələrdən televiziya, sosial media vasitəsilə xəbər tuturdum. O dönəmdə bir sıra dramatik hekayələr eşitdim.

Şuşanın fəth olunmasında iştirak edən rütbəli zabitimiz yaralanıb, üç aydan sonra komadan ayılır və övladına- qızına sahib çıxmağa çalışır. Həmin xəbərdən təxminən bir il sonra sözügedən zabiti çətinliklə də olsa axtarıb tapdım, bir neçə dəfə görüşdüm, nəticədə bu film ərsəyə gəldi”.

Rejissor Qulu Əsgərovun sözlərinə görə, filmdə ağır döyüş səhnələrindən daha çox müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların həyata müqaviməti ön plana çəkilir.

"O, Qarabağ döyüşlərində şəhid oldu"

Filmdə baş qəhrəmanı canlandıran əməkdar artist Rasim Cəfər qeyd edib ki, film Vətən uğrunda canından keçən oğullarımıza, qazilərimizə töhfədir: "Bu bizim mənəvi borcumuzdur. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Biz hər şeyə görə onlara borcluyuq. Çox arzu edirəm ki, bizim torpaqlar bir daha müharibə, döyüş, qan-bəla görməsin, şəhid verməsin. Filmdə qəhrəmanın- mənim canlandırdığım obrazın adı Teymur Osmanlıdır. Teymur Osmanlı Qarabağ döyüşlərində şəhid olmuş şəhidimizin adıdır. Onun ailəsi bu gün bu zaldadır. Mən vətəndaş olaraq sizin və timsalınızda bütün şəhid ailələrinin qarşısında baş əyirəm".

"Heç bir rejissor müharibəni..."

Xüsusi Təyinatlıların ehtiyatda olan polkovnik –leytenantı Şəmşir Həziyev bildirib ki, filmdə göstərilən həyat hekayəsi ona yad deyil: "Mən müharibəyə gedəndə 86 kilo idim, qayıdanda isə 60 kilo... Yaralanmışdım, hospitalda müalicə aldım, evə gəldim, övladlarım yoldaşıma deyiblər ki, ata belə qalacaq, sağalmayacaq? Yəni demək istəyirəm ki, mən o həyatı yaşamışam və indi də yaşayıram. Hələ də normal ayaq üstə dura bilmirəm. Həmişə fikirləşirdim ki, heç bir rejissor müharibəni müharibə iştirakçısı kimi təsəvvür edə bilməz. Filmə baxanda sanki o günlərə geri döndüm, yaşadıqlarımı xatırladım, özümü saxlaya bilmədim və ağladım. Film mənə həqiqətən çox təsir etdi".

Qeyd edək ki, “Mən burdayam, İlahi!” filmi ölkənin bütün kinoteatrlarında nümayiş olunur.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər