Əslən Çuxursəddən olan mühacir şair Ramiz Özler 21 mart 1920-ci ildə Gəncədə doğulub. Bəzi qaynaqlarda ailəsi ilə birlikdə 5 yaşında ikən İrəvandan Qarsa köçdüyü, 12 yaşında isə Iğdıra yerləşdiyi yazılıb. Atası Mirsəlim ağa, anası Zəhra xatundur. Iğdırlı tədqiqatçı Nizaməddin Onka görə ailəsi İrəvanın Küllücə kəndindən Gəncəyə köçüb. Bolşeviklərin Azərbaycanı işğalı, ardınca Gəncə dirənişinin qətlaimla bitməsindən sonra ailə şəhəri tərk edib. 1925-ci ildə Qarsa, daha sonra Iğdıra yerləşiblər. Altı il orada yaşadıqdan sonra Iğdırın 14 Kasım məhəlləsinə köçüblər. 1941-ci ildə orta məktəbi bitirən Ramiz bəzi dövlət işlərində çalışıb, daha sonra “Iğdır-Şaftalı Konservası” adı ilə istehsala başlayıb.
Şeirləri ilə yanaşı yerli mətbuatla da əməkdaşlıq edib, “Dil” qəzetində “Tanıdığım xalq şairləri” başlığı ilə silsilə yazılar qələmə alıb, “Aras” dərgisində şeirləri dərc edilib. Əsərlərini “Otaylı” təxəllüsü ilə yazıb. Bir oğlu, dörd qızı olub.
Ramiz bəy 30 oktyabr 1950-ci ildə Iğdırda ilk dərgi olan “Aras”ı çap edib.
Türkiyədə millətçi camiədə hörmət və rəğbət görən şairlə bağlı maraqlı hadisələrdən biri 1973-cü ildə saqqalından bozqurd şəkli çəkməsidir. Bu əsərini 2018-ci ilin Novruzunda gənc ülkücülərə hədiyyə edib. Həmin gün onun 100 yaşı tamam olmuşdu. MHP il başqanı Ersoy İçer, mərkəz ilçə başqanı Özcan Zorman, ülkü ocaqları başqanı Caner Ağrıdağ və idarə heyətinin üzvləri həmin gün onu evində ziyarət edərək ad gününü qeyd ediblər. Partiyadaşlarını bozqurd salamı ilə qarşılayan Ramiz Özler MHP-yə yenidən üzv olub və bildirib: “Yüz il də yaşasam, yenə davamdan vaz keçmərəm. 100 yaşımı tamamlayıb partiyama yenidən üzv olmaq mənim üçün yenidən doğulmaq hissi verdi”.
Ramiz Özler 18 may 2018-ci ildə vəfat edib. 4 oğul, 1 qız atası olan Özlərin 9 nəvəsi var. Iğdırda ülkü ocaqları başqanı olduğu 1970-ci illərdə Alparslan Türkeşlə münasibətdə olub, onunla məktublaşıb.
Vəfatı ilə bağlı çıxış edən MHP Mərkəz ilçə başqanı Özcan Zorman bildirib: “Ramiz dədə Iğdırın ən keçmiş ülkücülərindən idi. Mərhum Başbuğla olan yazışmaları və o günə aid bütün sənədləri indiyədək saxlayıbmış. Ziyarətimiz zamanı bizə saqqalından hazırladığı və çərçivələtdirdiyi bozqurd rəsmini hədiyyə etdi. Yaşına görə çox xəstə idi. Ölümü bizləri dərindən sarsıtdı. Ramiz dədədən bizə xatirə qalan bozqurdu dərnəyimizin ən gözəl yerində sərgiləyirik. O saqqallı bozqurd partiyamızın nişanəsi oldu”.
Azərbaycan Kültür Dərnəyinin çap etdiyi “Azerbaycan” dərgisində Ramiz Özler Otaylının bir neçə şeiri işıq üzü görüb.
Onun bəzi şeirlərini dilimizə uyğunlaşdırıb təqdim edirik:
***
Ölüncə məzar daşına
Qalmışam haqlar altında
Göy məni saxlar altında
Məni ayaqlar altında
Əzdirin, dostlar, əzdirin.
Nə kölgədə, nə də gündə
İstərəm öldüyüm gündə
Tabutum əllər üstündə
Gəzdirin, dostlar, gəzdirin.
Ramiz yurduna aşina
Duz bulamadı aşına
Ölüncə məzar daşına
Yazdırın, dostlar, yazdırın.
***
Gəldim
Ömrümün beş ili keçibdi burda
Altmış beş ildiki həsrətəm yurda
Umud bağlamışdım bilin bozqurda
Doğma vətənimi görməyə gəldim.
Üç dayım vardı, heç biri yoxdu
Bu nahaq dünyanın dərd-qəmi çoxdu
Bəd xəbər ürəyə sancılan oxdu
Soruşmayın nəyə, bəs nəyə gəldim.
Dayılarımdan oğul-qızlar qalıbdı
Öz yurdumu indi ellər alıbdı
Fələk bizi bu cür dərdə salıbdı
Həsrətin acısın silməyə gəldim.
Əzəldən yazılıb bəxtimiz qara
Hərəmiz gəlmişik özgə diyara
Yurd eşqi ürəkdə açıbdı yara
Sizinlə ağlayıb gülməyə gəldim.
Dilxoram, dilxorsan, dilxordu ölkə
Qəm günnüyün sonu şadlıqdı türkə
Nanəciblər necə göz qoyub mülkə
Qəlbən dərdinizi bölməyə gəldim.
Vətən üçün qurban olsun bu canım
Otaylı deyir ki, fədadır qanım
Allahım şad olsun Azərbaycanım
Doğulduğum Vətəndə ölməyə gəldim.
***
Sənin-mənimdi
Yaylaq sənin, bulaq sənin, dağ mənim
Qara sənin, sarı sənin, ağ mənim.
Bağman sənin, çiçək sənin, bağ mənim,
Bu gördüyün uca dağlar mənimdi.
Kaman sənin, telbə sənin, tar mənim,
Həya sənin, abır sənin, ar mənim,
Gəlin sənin, qız da sənin, yar mənim,
Çardaqlı, hasarlı bağlar mənimdi.
Balıq sənin, qarmaq sənin, tor mənim,
Kərə sənin, pendir sənin, şor mənim,
Bilək sənin, barmaq sənin, zor mənim,
Tuluqdakı sarı yağlar mənimdi.
Bardaq sənin, şəhər sənin, çay mənim,
Mənzil sənin, oxlar sənin, yay mənim,
Payız sənin, qış da sənin, yay mənim,
Bostanda kol atan tağlar mənimdi.
Ocaq sənin, odun sənin, köz mənim,
Kirpik sənin, qaş da sənin, göz mənim,
Otaylı der ki, kəlam-söz mənim,
Qaralar sənindi, ağlar mənimdi.