22 Dekabr 2023 10:02
2 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Xalidə Quliyeva “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Xalidə xanım, 2023-cü il başa çatır. İli hansı duyğularla yola salırsınız: necə və nə ilə yadda qaldı?

- Bu il istər sağlamlıq, istər yaradıcılıq, istərsə də pis qonşularımız sayəsində qəribə bir il oldu. İnsanıq, təbii olaraq baş verən hadisələrdən təsirlənirik. Bu il qələbəmizin üçüncü ilini qeyd etdik. Mənim üçün ondan böyük bayram yoxdur. 44 gündə yaşadıqlarımız, qalib gəlməyimiz, bu il də Xankəndiyə qayıtmağımız hər bir azərbaycanlı üçün möhtəşəm tarixi hadisələr idi.

Yaradıcılığa gəlincə, elə bir yaş dövrü yaşayırıq ki, müəllimlərimizin bizə öyrətdiklərini və hər bir işimizdə səviyyəni qoruyub saxlamağa çalışırıq. Özünüz də görürsünüz, xüsusi nələrsə yazılmır. Seriallarda qaynana, nənə obrazları var, onlar da ümumi qələmə alınır. Bu fikirlərimi Həmidə Ömərovanın yaradıcılıq gecəsində də dedim.

Zemfira Sadıqova kimi aktrisamız var, ondan istifadə etmək lazımdır. Yaxud rəhmətlik Zərnigar Ağakişiyeva, Səfura İbrahimova ... Fakturasından tutmuş iç dünyasına qədər zəngin aktrisalarıydılar. Kaş onlar üçün obrazlar yazılaydı, ekranlaşdırılaydı. Bunlar tarixdə qalmalı idi.

Niyə xarici ölkələrin aktrisalarını indiyə kimi xatırlayırıq? Culyetta Mazinini, Anna Manyani, Sofi Loreni unuda bilmirik. Onların bacarıqlarını üzə çıxaracaq rollar yazılırdı. Bizdə isə belə bir ənənə yoxdur.

- Maraqlı bir mövzuya toxundunuz və bu, mənə Yeşilcamın aktrisalarından biri Selda Alkolun bu yaxınlarda səsləndirdiyi fikirlərini xatırlatdı. Deyirdi ki, o dövrdə bir çox aktrisaların arxasında çox böyük adlar dayanırdı. Məsələn, Memduh Ün olmasaydı Fatma Girik yaxşı aktrisa ola bilməzdi. Çünki Memduh Ün yazdığı bütün ssenarilərdə ən əhəmiyyətli rolu Fatma Girikə verdi.

- Bəli, belə faktlar var. Culyetta Mazininin yoldaşı Fellini olmasaydı, biz onu bu qədər tanıya bilməzdik. Əsasən də həyat yoldaşları bu sahədə olanda aktrisalar üçün böyük şans olur. Çalışırlar, yazırlar, çəkirlər və istedadlarını üzə çıxarırlar. Bizdə ümumi nəsə olub. Amma elə bir rejissor olmayıb ki, yalnız bir aktrisanı önə çəksin.

- Bu il sizə “ürəyinizdən tikan çıxaran” obraz təklifi oldumu?

- Xeyr. Lazım olan təkliflər gəlmir. Gənclərin çəkdikləri filmlərə baxıram. Özüm çəkilməsəm də maraqlanıram. Kinorejissorların halı lap acınacaqlıdır. Çünki bu gün kino çəkmək böyük fədakarlıqdır. Gənclərə maddi cəhətdən kömək etmək lazımdır ki, onlar film çəkə bilsinlər. Kino istedad, peşəkarlıq, səbr və pul tələb edir.

- Bu yaxınlarda sosial şəbəkədə çəkiliş meydançasından paylaşdığınız şəkillər diqqətimi çəkdi. Hətta birində Ramiz Həsənoğlu da var idi. Deyəsən yeni film gəlir...

- Bəli, bu yaxınlarda bayram əhval-ruhiyyəli televiziya filmində çəkildim. Sağ olsun, Ramiz Həsənoğlu məni belə bir proyektə dəvət etdi. Orda nənə rolundayam.

Bu gün vatsap həyatımızda çox mühüm rol oynayır. Yatsaq yuxumuza da girməzdi ki, nə vaxtsa dünyanın hansısa bucağında olan qohumunuzla görüntülü danışa bilərik.

Film barədə çox danışıb, hər şeyi açmaq istəmirəm, sadəcə onu deyim ki, tamaşaçılar filmi Yeni il ərəfəsində ekranlarda görə biləcək.

- Yeni ildən söhbət düşmüşkən, necə qarşılayacaqsınız?

- Ailəlikcə evdə...

- Həmin gün baxdığınız xüsusi film varmı?

- Vaxtilə “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminə baxırdıq. Amma zaman çox dəyişib. İndi daha çox konsertləri izləyirik. Bir də həmin gün evə dost-tanış yığılır, onlarla deyib gülürük, film isə televiziyada göstərilsə də baxan olmur.

Son illər maraqlı bir adətimiz var. Yeni ilin gəlişini həmin gün bir neçə dəfə qarşılayırıq. Nəvəm, oğlum Avropadadırlar. Ona görə görüntülü zəngləşib bir bizim saatla Yeni ili qarşılayırıq, bir də onların saatı ilə... Bizdən üç saat sonra orda yeni il qədəm qoyur.

- Xalidə xanım, xarici ölkədə yaşayarsınızmı?

- Mən Bakını dəhşət çox sevirəm. Xarici ölkələrə gedib gəzərəm, amma Bakıdan başqa yerdə daimi yaşaya bilmərəm. Harada olsam da bir müddət sonra Bakının küçələri, səs-küyü, hətta tıxacları ilə üçün darıxıram.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər