11 İyul 19:22
2 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Kukla Teatrında Əməkdar artist, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir keçirilib.

Teatrdan Teleqraf.com-a bildirilib ki, bəstəkar və ifaçı kimi daim öz fərqliliyin nümayiş etdirən E.Seyidcahanın yubiley mərasimi teatrın foyesində bəstəkarın fortepianoda süitalarının ifası ilə başlayıb.

Bu qısa performansda ona sənət dostları –kamera kvarteti və bacısı Rasimə də dəstək veriblər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Firuzə İbadova, Gülzar Qurbanova, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva çıxış edərək bəstəkarı təbrik ediblər.

Tədbir bəstəkarın ən çox sevilən işlərindən biri - az qala bütün teatrsevərlərin və səhnə adamlarının himninə çevrilən “Mən aktyoram” adlı kompozisiya ilə davam edib.

Sonra E. Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm, Məngülüm” tamaşası da nümayiş olunub.

Xatırladaq ki, Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poeması əsasında hazırlanan tamaşa yeni səhnələşdirmədə “Şəngülüm, Məngülüm” kimi 2017-ci ildən teatrın repertuarındadır.

Teatrın baş rejissoru Anar Məmmədovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Ümumilikdə 12 mahnının yer aldığı tamaşanın ifaçısı Dövlət Kukla Teatrının istedadlı aktrisası Ülviyyə Əliyevadır.

Daha sonra E.Seyidcahan “Oyuq” Uşaq Studiyasının yetirmələri, Siyəzən rayon 1 nömrəli orta məktəbin şagirdi Mirhidayət Kazımov, həmçinin nəvəsi Səmərruhla dillər əzbəri olan mahnılarını ifa edib.

Sonda yubilyara teatrın rəssamları tərəfindən hazırlanmış öz kuklası hədiyyə olunub.

Yubiley gecəsinin təşkili və yaddaqalan hədiyyəyə görə təşəkkür edən E. Seyidcahan bu teatrla əlaqələrinin bundan sonra da davam edəcəyini və uşaqlar üçün musiqilər yazmağın onu çox sevindirdiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər