SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Almaszadənin 100 illik yubiley tədbiri keçiriləcək.
Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
2015-ci il martın 10-da Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Q.Almaszadənin anadan olmasının 100 illiyi tamam olur.
Milli rəqslərin mahir ifaçısı, görkəmli balerina Q.Almaszadə klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nailiyyətinə çevrilən təkrarolunmaz obrazlar yaradıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox əsərlərə yüksək məharətlə quruluş vermiş sənətkarın milli kadrların yetişdirilməsində fəaliyyəti də təqdirəlayiqdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qəmər Hacıağa qızı Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında" 4 fevral 2015-ci il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Q.Almaszadənin 100 illik yubiley tədbiri keçiriləcək.
Qeyd edək ki, 11 mart 2015-ci il saat 12:00-da Bakı Xoreoqrafiya Akademiyasında "Qəmər Almaszadə: "Qız qalası" və "Gülşən" baletləri" mövzusunda açıq dərslər, 12 mart 2015-ci il saat 12:00-da "Qəmər Almaszadə-100" elmi-praktik seminar və konsert, 12 aprel 2015-ci il saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Q.Almaszadənin 100 illiyinə həsr olunmuş Qala balet axşamı "Paxita" və "Şopeniana" və 6 may 2015-ci il saat 19:00-da Bakı Xoreoqrafiya Akademiyasının hesabat konserti keçiriləcək.