21 May 2015 18:13
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqlərinə start verilib.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu dəfə sənət ocağında dünya ədəbiyyatına, balacaların sevimli nağıl qəhrəmanı “Çəkməli pişik”ə müraciət olunub.

Məşhur əsərə yeni səhnə həyatı verən teatrın rejissoru Anar Məmmədov tamaşaya əlavə olunan yeni obrazlar və mətnlərlə nümunəni müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etmək istədiklərini deyib: “Yeni obrazlar tamaşanı daha çox açmağa xidmət edəcək. Çünki əsərdə bir neçə mövzu var və bütün bu mövzuların fonunda yaxşılıq naminə yalan danışmaq əsas yer tutur. Müəllifin əsərində bunu əsas götürməklə yalanın əslində pis vərdiş olduğunu və sadəcə zaman-zaman yaxşılığa xidmət etdiyini göstərməyə çalışmışıq. Sonda, təbii ki, qəhrəmanların dilindən yalanın yaxşı vərdiş olmadığı, yaxşılıq xatirənə olsa belə adətə çevrilməməyi təlqin olunur”.

Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli kukla tamaşası mövsümün sonunda balacaların ixtiyarına veriləcək.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Səhnə işində əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları ifa edəcək.

Tamaşa bu teatr mövsümünün sonunadək balaca teatrsevərlərin ixtiyarına veriləcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər