1 Dekabr 2015 15:57
2 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə reportajımız Bakıxanov qəsəbəsindəki Məmmədyarov küçəsində yerləşən 12 saylı Bakı Peşə Liseyindən olacaq. Bu liseydə ağac üzərində bədii oymaçı və naxışçı, rabitə avadanlığının quraşdırıcısı, telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, mühasib, aviasiya cihazlarının təmiri üzrə çilingər-mexanik, aşpaz-qənnadıçı, şirniyyatçı ixtisaslarına yiyələnmək olar. Bizim məqsədimiz isə ağac üzərində bədii oyma ixtisası üzrə tədris emalatxanasındakı vəziyyəti öyrənməkdir.

“Başqa peşələrlə müqayisədə bu sənətin daha dərin xüsusiyyətləri var”

Ağac üzərində bədii oymaçı və naxışçı emalatxanasının yanındayıq. İçəri keçib Nizami müəllimlə söhbətləşirik:

- Bu sənət haqqında nə deyə bilərsiniz?
- Bizim sahə incəsənətin bir qoludur. Başqa peşələrlə müqayisədə ağac üzərində bədii oyma sənəti daha dərin xüsusiyyətləri özündə əks etdirir. Burda xırdalıqlar çoxdur. Yəni səbir tələb edən işdir. Təsəvvür edirsiniz, taxta parçası üzərində məsuliyyətli bir bədii sənət nümunəsi yaratmalıyıq. Bu həqiqətən də çox zəhmət tələb edir. Bunun üçün xüsusi bacarıq və istedad olmalıdır.

- Yəni insanın öz qabında da nəsə olmalıdır...

- Təbii ki, insanın öz qabında da olmalı və bunun üzərində işləyib püxtələşməlidir.

1500 manatlıq əl işi

Emalatxananın divarındakı taxtadan oyulmuş skripkalı adamın təsvirini görüb Nizami müəllimdən soruşuram:

– Bunu kim işləyib?
– Bu, mənim əl işimdir. Bir dəfə soruşdular ki, bunu satırammı, dedim, 1500 manata sataram.

Nizami müəllim yanındakı şagirdi göstərib sözünə davam edir:
– Səkkiz şagirdim var. Onlardan biri qızdır. Bax bu gördüyün buta təsviri mənə keçmiş şagirdimin yadigarıdır.
Nizami müəllim məni o biri emalatxanaya aparır. Deyir ki, burda sənə çoxlu əl işləri göstərəcəm.

“Bunların hər biri gərgin zəhmətin bəhrəsidir”

Söhbət eləyə-eləyə o biri otaqlara keçirik. İçərini bəzəyən sənət inciləri göz oxşayır. Nizami müəllim Qaçaq Nəbinin təsvirini göstərib deyir ki, bu cökə ağacından hazırlanıb. Maska təsvirinin isə fıstıq ağacından düzəldiyini deyir.

Nizami müəllim mənimlə söhbətini belə tamamlayır: “Bu əsərləri nəmişlikdən uzaqda saxlamalısan, su dəysə, çürüyər”.

Əl işlərinin fotolarını çəkirəm. Məlum olur ki, bunları şagird və müəllimlər hazırlayıb.

İçəridəki müəllimlər Koroğlu, xanəndə, tütək çalan kişi, ata və oğulun həyətdə ağac əkməsi, külük vuran adam, süvari, milli rəqs təsvirlərini göstərirlər.

Emalatxana işçisinin biri dəzgahı göstərib deyir ki, əsas məsələ burdan başlayır. Bu sahədə istedadın, bacarığın varsa, işin rəvan gedəcək.

Liseyin şagirdləri barədə soruşuram. Müəllimlər deyir ki, şagirdləri respublika daxilində keçirilən olimpiadalarda, peşə və rəsm müsabiqələrində uğurla çıxış edirlər. Onlar arasında bacarıqlı olanlar çoxdur”.

“Qoz, fıstıq, tut, alma ağacından daha keyfiyyətli əl işləri yaratmaq olur”

Söhbətimizi yekunlaşdırıb həyətə düşürük. Ağac üzərində oyma dekorativ-tətbiqi sənəti ilə məşğul olan Firuz dayı bunları deyir:
- Bu sənətin tarixi qədimlərə gedib çıxır. Qobustandakı daş üzərində cızılan rəsmlər buna misaldır. Məhz ağac üzərində oyma sənəti də başlanğıcını burdan götürür. Yəni insanlar bədii düşüncələrini daş üzərində cızmaqla, daha sonra isə ağac üzərində oymaqla ifadə edib. Sənə deyim ki, bu sənət üçün qoz, fıstıq, tut, alma ağacları daha yaxşıdır. Yəni bu ağaclarla daha keyfiyyətli əl işi yaratmaq olur.

Beləcə, dəmiryol stansiyası ilə üzbəüz olan bu Peşə Liseyinin ağac üzərində bədii oymaçı və naxışçı emalatxanasından ayrılırıq.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər