Amsterdamın ən ucqar məhəlləsində bir qoca yaşayırdı, yaxından tanıyanlar onun rəssam olduğunu deyirdilər. Bir dəfə təsadüfən yolu burdan keçən rəsm əsərləri taciri bu qocanı görüb ayaq saxlamış və ardınca təəssüflə baxmışdı... Sevdikləri çoxdan onu tərk etmişdilər; yeganə oğlu Titus bir il əvvəl dünyasını dəyişmişdi, qızı Korneliyanın anası Hendrikye ondan 6 il əvvəl ömrünü ərinə bağışlamışdı. Birinci həyat yoldaşı da çoxdan idi ki, həyatda yox idi… Son avtoportretindəki Demokritə oxşayan qoca isə dünyanın faniliyinə istehzayla gülür və sanki hər şeyin puç və mənasız olduğunu demək istəyirdi... Bu qoca vaxtilə Niderlandın ən məşhur, ən dəbdə olan rəssamı Rembrandt idi.
Rembrandt Harment van Reyn 1606-cı ildə Leydendə doğulmuşdu. Atası dəyirmançı idi, külfət böyük olsa da, güzəranları yaxşı keçirdi. Ailənin sonbeşiyi olan Rembrantın gələcəyinə böyük ümidlər vardı; o, mütləq oxumalı, dövlət qulluqçusu olmalı, ata-anasına ahıl çağlarında gün ağlamalı idi. Ona görə 14 yaşı olanda onu Leyden universitetinə göndərirlər. Amma oğlan dərs öyrənmək əvəzinə cürbəcür şəkillər çəkir, cızma-qaralar edirdi. Bu, heç də dərsdən yayınmaq üçün bəhanə deyildi, sadəcə bu oğlanın fitri istedadı vardı və o, istəməsə, istəməsə də, özünü bu yolla ifadə edirdi. Oğlanın gələcəyinə ümid bağlayan ata-ana onu universitetdən çıxarıb bir rəssama şəyird verir. Rəssamlığın əlifbasını öyrənəndən sonra Rembrandt 3 il van Svarburxdan, 6 ay isə Lastmandan rəssamlıq dərsləri alır. Bu sənəti beləcə qarış-qarış fəth edir Rembrant və müstəqil, kamil ustaya çevrilir.
Gənc rəssam Leydenə qayıdır və öz işini qurur. Şəhərdə onun rəsmlərini çox bəyənirdilər, sifarişlərinin sayı-hesabı yox idi. Bu maraqlı gənc rəssamı Amsterdamda da görməyi arzulayırdılar. 1630-cu ildə Rembrandt paytaxta gəlir. Rəssamlıq üçün bəlkə də daha əlverişli zaman ola bilməzdi. Həmin illər Hollandiyanın qızıl dövrüydü, liman şəhəri olan Amsterdam gün-gündən çiçəklənirdi. Rəssamlara şəkil çəkdirmək isə dəb halını almışdı, xüsusilə özünü “elit” adlandıran zənginlər bir-birlərindən geri qalmaq istəmir, özlərinin və ailələrinin şəkillərini sifariş edirdilər.
Rembrandt rəsm əsərləri taciri Hendrik van Eylenburxun evində qalırdı, o, gənc rəssama himayədarlıq edir, portret sifarişlərini qəbul edirdi. Rembrantın üslubu sifarişçilərə xoş gəlirdi, çünki o, yalnız təsviri kətana köçürməklə qalmır, həm də ona öz təəssüratını əlavə edirdi. Rembrantın sənətini anlamayanlar da ona şəkil sifariş verirdi, çünki heç kim dəbdən geri qalmaq istəmirdi.
Rembrandta əsl şöhrəti isə “Doktor Tülpün anatomiya dərsi” əsəri gətirir. Bu əsərdə yenilik və orijinallıq vardı. Məsələn, rəssam, obrazları başqa tablolarda olduğu kimi sıraya düzməmişdi, onları orijinal kompozisiyada bir yerə cəmləmişdi. Personajlar anatomiya dərsinə diqqət kəsilmişdilər və hər birinin üzündə fərdi reaksiya vardı; kimi təəccüblənir, kimi təəssüflənir, kimi təlaş keçirirdi… Rembrandtın əsərləri insan psixologiyasının görünməyən tərəflərini açırdı. Rembrandt öz dövrünün dahi novatoru idi. Ona qədər insan psixologiyasını, insan təlaşını, hiss və həyəcanını belə çılpaqlığı ilə təsvir edən olmamışdı. Onun əsərlərindəki dramatizm tamaşaçıya xoş gəlirdi.
1634-cü ildə Rembrandt Hendrik var Eylenburxun qardaşı qızı, burqomistr qızı Saskiya van Eylenburxla evlənir, bu evlilik elit təbəqənin diqqətini çəkir, Rembrant ölkənin ən məşhur rəssamlarından birinə çevrilir.
1639-cu ildə Rembrandt həyat yoldaşı ilə Amsterdamda möhtəşəm bir ev alırlar. Amma təəssüf ki, evdə uşaq səsləri eşidilmirdi. Rembrandtın 3 övladı hələ kiçik ikən tələf olmuşdu. Hər şeyə rəğmən, Rembrandt həyat yoldaşını çox sevirdi, Saskiya onun ən sevimli modeli idi. Təsadüfi deyil ki, Rembrandtın bütün qadın obrazları Saskiyaya bənzəyir. Rembrandtın hislərini anlamaq üçün onun “Saskiya ilə avtoportret” əsərinə baxmaq kifayətdir. Bu tabloda belə bir təsvir var: Rəssam əsərə baxanların şərəfinə badə qaldırıb, öz sevinc və xoşbəxtliyini bölüşür.
Məşhur “Danaya” əsərinin modeli də Saskiya idi, nökər obrazında isə rəssam özünü çəkmişdi.
1641-ci ildə Rembrandtla Saskiyanın bir oğulları dünyaya gəlir, adını Titus qoyurlar. Rembrandtın işləri əvvəlki kimi yaxşı gedirdi, Niderlandın ən imkanlı adamları onun müştəriləri idi. 1642-ci ildə Rembrandt Amsterdam Atıcılar cəmiyyətindən nüfuzlu bir sifariş alır. O, kapitan Frans Banninq Kokun və leytenant Reytenburqun atıcı alayının təsvirini çəkməliydi. İş burasındadır ki, atıcılar- könüllülər dəstəsi idi, onlar Niderland şəhərlərində nizam-intizam yaradırdılar, elə buna görə də hollandların milli qüruru sayılırdılar.
Rembrandt dinamik bir səhnə düşünür, əslində, Hollandiya təsviri sənətinin hüdudlarından çıxaraq iki əsr irəli gedir. Bu əsərdə 19-cu əsrin bədii tapıntılarını sanki öncədən görüb hiss edir.
Sifarişçilər sadə bir tablo düşünmüşdülər, amma Rembrandt adi rəssam deyildi, həm də artıq təcrübə öz sözünü deyirdi. Bu, kiçik bir dram səhnəsi idi; təbilçi təbilini döyür, bayraqdar bayraq qaldırır, atıcılar muşket atırdılar. Kapitan Banninq isə işarə ilə alayını irəli səsləyirdi. Yalnız kapitanın və onun yanında addımlayan leytenantın üzləri aydın və işıqlı idi. O biri fiqurlar yarıqaranlıqda təsvir olunmuşdu və getdikcə dərinliklərə çəkilirdilər. Mürəkkəb simvollar, yozumsuz detallar əsəri əlçatmaz edirdi. Yaradıcılığının kamil dövrünə qədəm qoymuş rəssam bütün daxili azadlığını, fantaziyasını ortaya qoymuşdu.
Amma əsəri sifariş edən atıcılar bu mürəkkəbliyi anlamaq istəyindən uzaq idilər. Onlar başa düşə bilmirdilər, niyə onlar qaranlıqda təsvir olunub, simaları da demək olar ki, seçilmir. Halbuki “hamısı tabloya eyni qiymət ödəmişdilər”.
Amma kapitan Banninq də əsərdən narazı qalmışdı, hərçənd tabloda onun siması aydın seçilirdi və tamaşaçı baxan kimi dərhal anlayırdı ki, bu, həmin məşhur alayın başçısı kapitan Banninqdir. Rembrandtın novatorluq istəyi ona baha başa gəlir. Əsəri yenidən başqa rəssama sifariş verirlər. Varlı elit təbəqə isə Rembrandtdan üz döndərir. Yalnız çox az adam anlayırdı ki, bu, əsl sənət əsəridir.
Rembrandtın Niderland atıcılarını təsvir etdiyi həmin əsər hazırda “Gecə gözətçisi” adı ilə məşhurdur və Hollandiya təsviri sənətinin ən dəyərli incilərindən sayılır. Bəs niyə “Gecə gözətçisi”? Yəqin ki, Rembrandt özü də bu adı eşitsəydi, çox heyrətlənərdi. Onun dövründə tablo “Kapitan Banninqin atıcı alayı” adıyla tanınırdı. Məsələ burasındadır ki, yüzilliklər ərzində tablonun üst qatındakı lak rəngini dəyişir, kir və tozun altında isə bir az da tünd görünməyə başlayır. Yalnız 19-cu əsrdə tablonun üst qatı təmizləndikdən sonra əsl görüntü üzə çıxır. Amma ad elə eyni olaraq qalır.
Başıbəlalı “Gecə gözətçisindən”sonra Rembrandt uğursuzluğa düçar olur, sifarişlərinin sayı azalır, emalatxanada isə üç-dörd şagird qalır. Rembrandt anlayırdı ki, əslində məsələ nə yerdədir. Tamaşaçılar dəqiq təsvirə alışmışdılar, o isə bu mərhələni arxada qoyub yeni üslub yaratmışdı. Novatorluq həmişə çaşqınlıq yaradır. Hətta Rembrandtın şagirdlərindən biri onun köhnə üslubunu yaxşıca mənimsəyərək məşhurluqda ustadını da ötüb-keçmişdi. Amma bu, müvəqqəti məşhurluq idi. Əsl sənət yaradan Rembrandt bütün bunların fərqindəydi. Ona görə ruhdan düşmür, günlərin birində əvvəlki şöhrətini özünə qaytaracağına inanırdı.
1642-ci ildə, “Gecə gözətçisi” ərsəyə gəldikdən az sonra Saskiya dünyasını dəyişir. Rembrandt sevimli həyat yoldaşının ölümündən sarsılsa da, tezliklə özünü ələ alıb sənətinə qayıdır. Kətan və boyalar həyatındakı boşluğu doldurur. Rembrandt Saskiyanın xatirəsinə “David və İnofan” əsərini ərsəyə gətirir. Bu, bir-biriylə vidalaşan iki insanın təsviriydi. Tablonun rəngləri heç də sönük deyildi, əksinə, parlaq idi. Rəssam bəlkə də bununla demək istəyirdi ki, həyat və ölüm bir-birinə bağlıdır və gec-tez onlar o biri dünyada görüşəcəklər.
Həyat davam edir. 1646-cı ildə Rembrandt özündən 20 yaş kiçik Hendrikye Stoffelsə vurulur. Saskiyanın vəsiyyətnaməsinə görə, onlar evlənə bilməzdi, əks halda rəssam əmlakdan istifadə haqqını itirəcəkdi. Bir başqa mənbəyə görə, Saskiyanın xatirəsinə hörmət əlaməti olaraq Rembrandt özü evlənmək istəmirdi, baxmayaraq ki, 1654-cü ildə hətta onların bir qızları da (Korneliya) dünyaya gəlmişdi. Həddindən artıq dindar olan hollandlar bu ittifaqa pis baxır, onları qınayırdılar.
İllər keçdikcə, cəmiyyətin zövqləri dəyişir, hansısa rəssamlar iflasa uğrayır, hansısa rəssamlar isə dəbə gəlirdi. Rembrandtın işləri yaxşı getmirdi, üstəlik şıq yaşamağı sevdiyindən borcları üst-üstə qalanmışdı.
1656-cı ildə Rembrandt müflisləşdiyini elan edir. O, ən gözəl işlərini satışa çıxarır. Rembrandtın ticarətdə səriştəsi yox idi, üstəlik, ölkədə böhran hökm sürürdü, tabloların qiyməti yarıbayarı düşmüşdü. Rembrandt auksiondan gələn pulla borclarının yalnız bir qismini ödəyə bilir. Amma sələmçilər daha gözləmək istəmirdilər. Belə olduqda rəssamın evi-eşiyi, nəyi varsa satışa qoyulur. O özü isə Hendrikye, oğlu Titus, və qızı Korneliya ilə birgə şəhərin ucqar məhəllərindən birində ev kirayə edir.
Rembrandt əvvəlkitək usanmadan işləyir, sadə qocaların, məzlum insanların, komediya ustalarının təsvirini yaradırdı. Onun əsərlərində zənci obrazları da çox idi. Bəlkə də rəssam onların taleyində kimsənin görmək istəmədiyi ağrıları göstərmək istəyirdi. Amma elit təbəqə öz zəngin evlərində məzlum zəncilərin ağrılarını deyil, tanınmış adamların dəbdəbəli portretlərini görməyi arzulayırdı.
1660-cı illərdə ölkədə taun xəstəliyi yayılır. 1662-ci ildə amansız xəstəlik Hendrikyeni həyatdan aparır. 1668-ci ildə Rembrandtın sevimli oğlu Titus da dünyasını dəyişir. Mənəvi ağrılara baxmayaraq, Rembrandt yenə də işləyir, bir-birinin ardınca şedevrlər yaradırdı. Amma onu artıq heç kim anlamaq istəmirdi. İnsanların nəzərində o, kimsəyə gərək olmayan, ulduzu çoxdan sönmüş qoca Rembrant idi.
Rembrandtı iztirablı günlərində mənzərə rəsmləri cəlb edir. Bu əsərlərdə təbiət təlaşlı, buludlar qaş qabaqlı və tutqundur, külək isə çox şiddətli əsir. Sonralar o özü üçün yeni olan janrlar da kəşf edir. Natürmort və at portretləri (halbuki deyilənə görə, Rembrandt atları heç vaxt ram edə bilmirdi)
Rembrandt avtoportret yaratmağa çox həvəsli idi. Həyatı boyu o azı 80 dəfə özünü çəkmişdi. Bu tablolarda biz onun ömür yolunu izləyirik, onun zamanla necə dəyişdiyini, saçlarının gah uzandığını, gah qısaldığını, aydın baxışlarına necə duman çökdüyünü görürük. Bəzən Rembrandt mimikalarla da eksperiment edir, gah qəzəblənir, gah təəccüblənir, gah da sarsılır. Ya da özünü müxtəlif obrazlarda təsvir edir, gah dilənçi olur, gah da qocalıb əldən düşmüş müqəddəs Pavel. Daha çox isə bu tablolarda onu elə özü kimi-əlində palitra, kətan önündə dayanmış rəssam Rembrandt kimi görürük.
Hendrikye ilə Titusun ölümündən sonra o, özünü qədim filosof Demokritin obrazında təsvir edir. Şöhrətpərəst ümidlərin mənasızlığını görmüş və həyatın faniliyini anlamış bu adamın iti baxışları və acı təbəssümü əsəri unudulmaz edir.
1669-cu ildə böyük rəssam sonuncu avtoportretini çəkir. Yağışlı bir gündə pendir, çörək və şərabdan ibarət şam yeməyindən sonra xeyli öz şəklinə tamaşa edir. Gözləri yaşarır. Əlindəki şamı söndürüb yatağına uzanır və dərin yuxuya gedir. Rembrant bu yuxudan bir də oyanmır. Səhərisi gün böyük Rembrandt sadə bir mərasimlə dəfn edilir.
Sonrakı yüzilliklər Rembrandtın şöhrətini artırmır, əksinə, sənətşünaslar onu tənqid edir və sənətini “bayağı” adlandırırdılar. Yalnız 19-cu əsrdə Rembrandt yenidən kəşf olunur. Rəssamın Avropa muzeylərində saxlanılan əsərləri incələnərkən bu tabloların arxasında gizli qalmış böyük sənət dahisi üzə çıxır. İmpressionistlər və postimpressionistlər onun üsullarını təqlid etməyə başlayırlar. 1961-ci ildə Rembrandtın ölümündən 300 il sonra ABŞ-nın Nyu-York muzeyində “Homerin büstü” əsərinə 2 300 000 qiymət qoyulur. Bu dəyər o vaxta qədər heç bir tabloya verilməmişdi.
“Mən həyatımın 10 ilini verməyə razıyam, təki bu tablonun önündə 10 gün yemədən-içmədən oturub ona tamaşa edim”. Bu sözləri isə böyük Rembrandtın son illərdə çəkdiyi əsəri haqqında Vinsent van Qoq demişdi...
Günel Natiq