Teleqraf.com mərhum şair Ağa Laçınlının şeirlərini təqdim edir:
QAPINI AÇ
Qapını yüyrək aç mən qayıdanda,
Ay qədir bilənim, üzə gülənim.
Barı öz qapıma gəlib qonanda
Açar qabağıma yüyürsün mənim.
Qapılar önündə ürəyim yanıb,
Yolsuzlar daş olub yolu hörəndə.
Üzümə oxarta qapı qapanıb,
Qorxuram qapını bağlı görəndə.
Mənim xoşum gəlmir söz böyütməkdən,
Sözün də yalanı ölüb-itibdi.
Qapı qabağında boyun bükməkdən
Az qala boynum da əyri bitibdi.
Kürlük görə-görə kürküm od alır,
Arılıq öyrədir ad-sanı kirli.
Kəsib qapıları hay-haray salır
Büllura bürünən qızıl zəncirli.
Qapı qabağında qaraldı qanım,
Öyrəşə bilmədim düzü danmağa.
Öyrəşdi varlığım, günüm, gümanım
Qanmaz qapısında donub-durmağa.
Yoruldu, dirəndi diribaş dilək,
Dünyadan iriymiş keçilməz qoruq.
Ölüm kilidləri önə sərilcək
Asılı qalırıq, adsız oluruq.
Bağlıca qapılar bağrı çatladır,
Bəzən də ölümdən qaçıram birbaş.
Ərkim bir evimə, bir sənə çatır,
Qapını yüyrək aç, istəkli sirdaş.
1980
MAMAM KƏKLİYƏ
Üzünə baxmağa gəlmişəm ancaq,
Gəlmişəm evində doğmalıq duyum.
Tez süfrə bəzəmə, bir sözümə bax,
Dizini yastıq et – başımı qoyum.
Ta möhtac deyiləm yağlı tikənə,
Bir görüş acıyam, istəkli mama.
On taxta tumanı yellədib yenə,
Uyumuş ocağı çox qurdalama.
Bu dönə yanımdan uzağa getmə,
Gəl, ay ağbirçəyim, bir eşit məni.
Bu dönə uşağa quzu mələtmə,
Bu dönə çığırtma toyuq-cücəni.
Oturaq diz-dizə, ovunaq bir az,
Dayanaq üz-üzə, közərsin yaram.
Qorxma, bu ağrıdan ağlım azıxmaz,
Qorxma, bu sevincdən dəli olmaram.
Gəl yenə baş çəkək o qəbirliyə,
Darıxmış daşlara sığınaq orda.
Düzü, gümanlıyam sonku birliyə,
Azımız burdadı, çoxumuz gorda.
Perikən quşlarıq – pərən-pərənik,
Ay mama, dilləndi yaralı yaddaş.
Baxışı yol əkən yorulmaz ləlik
Bir sənsən, bir yurddu, bir ulu dam-daş.
O solğun gözündə gözləri gəzdim,
Nənənin-babanın işığı səndə.
Adını bir belə əziz bilməzdim,
Nəslin qoxusu var gül nəfəsində.
Eh, mənim taledən nə umacağım?
Demirəm süd dolu arxım olaydı.
Dərdə tüstü verən odum-ocağım,
Dərdi dəhrələyən arxam olaydı.
Demirəm qaynaşsın ballı arılar,
Duyğum da özümlə çox döyüşməsin.
İşığa yığışan qonaq-qaralar
Bizim qapımıza düşmür-düşməsin.
Qurdlar arxacı da qurudub axı,
Gözümə görünmür o erkəc təkə.
Bir də qızıl naxır, göydəmir ilxı
Kimi yarıtmışdı – məni də çəkə?!
Ən gözəl çağımdı görüşlü çağım,
Bitməz diləklərdən axı nə fayda?
Kaş elə sağala odşülək dağım,
Kaş elə gedənlər geri qayıda...
Közərib könlümün örtülü yası,
Qarışmaq istərəm umu-küsünə.
Gəl otur yanımda, atam bacısı,
Gəl otur sığınım bacı köksünə.
1980
* * *
Dərdimə dağ çəkdin, a doğma dağım,
Yadıma düşmədi qayğımın adı.
Çınqılı çığırdan yalın ayağım
Yonula-yonula heç ağrımadı.
Bərədə bəslənmiş nəzik nərgizim,
Uzun ayrılıqmı saraltdı səni?
Alın yazımız da oxşardı bizim
A yol bənövşəsi, selab süsəni.
Qürub boyalısan, a novruzgülü,
Qoxuna qarışdı qarın ağ buğu.
Kökün daş üstündə, canın üzgülü,
Sıxdı varlığını daş gobudluğu.
A təpə, çənindən çal papaq qoyam,
Tamahım yeriməz dünya malına.
Budağı budanmış alça koluyam,
Günəş can sarıya, calaq alına.
Döşə qorxu sərən silvi sıldırım,
Yolumun ağzında az dur, az şini.
Danıb qəlbimdəki çarpaz şırımı,
Yenidən başlaram qurd yerişini.
Havada oynayan havalı ürgə,
Gəmini gəmirmə, ağıllı gəzin.
Boyunu sevəndən çox ürkə-ürkə
Əlinə keçərsən qədirbilməzin.
A gözəl talada otlayan cüyür,
Tanı yol güdəni, bərə kəsəni.
Ovçun oyanmamış üstümə yüyür,
Ölümün gözündən gizlədim səni.
Batan gün, ömürün belə gödəkmi?
Sürüyüb apardın xoş çağlarımı.
A bulaq saflığı, a zirvə zəhmi,
Sizə tapşırıram uşaqlarımı...
A şehli çəmənə örtülən gecə,
Məni bələmisən yaz qoxusuna.
Üzümü üzünə qoyub beləcə,
Gedərəm illərin dev yuxusuna.
A meşə, nə yaxşı ev-eşiyin var,
Qulağım dincəlir sizə gələndə.
Sizə bir balaca ilişiyim var, –
O da olmayacaq sap üzüləndə.
Sən ağrı yoğurma, yurdum-sirdaşım,
Buyruğa baxaram söz uydurunca.
Farağat dayanan əsgər başdaşım
Çəkər keşiyini dünya durunca...
1981
QARI ÇİÇƏK BİLMİŞİK
Çölçüydük,
odunçuyduq,
karvançıydıq, kim idik...
Gedirdik güney-güney,
aşırdıq gədik-gədik.
Biz ürəklə gedirdik – ürək gümana bağlı,
Yayımız xoş üzlüydü, qışımız qaş-qabaqlı.
Qışımız titrədəndə bükülüb-büzüşürdük,
Boran qopan quzeydə qalın qara düşürdük.
Heç duymurduq –
gözümüz necə alacalandı,
Bizə elə gəlirdi, –
dünya birdən dolandı,
bu qış yaza calandı.
Biz üşünüb, düşünüb – ağarırdıq ağappaq,
Qarda çiçək görürdük – tar üstündə göy yarpaq.
Yoldaşın bir toxtağı –
süzüb tufanlı dağı,
süzüb donan uşağı
hay salırdı çaparaq.
Biz şenliyə çatırdıq quru qar yağa-yağa,
Özümüzü verirdik köz süfrəli ocağa.
Gördüyümüz o qışlar şükürlüymüş, ötənmiş,
Dərdin polad güclüsü dəmir canda bitənmiş.
Aylar, illər dolanıb – ayrı qara düşmüşük,
Soyuqluğun içində yanğılara düşmüşük.
Bələnmişik günlərin qayğısızlıq qarına,
Çaparımız olmayıb varlığımız qoruna.
Ancaq dilək buyurub – biz yenə də getmişik,
Qarçiçəyi olmuşuq – qar altında bitmişik.
Bəlkə ovsunlanmışıq?..
Ya bir anlam var bunda, –
dünyanın qar düzünə könüllü sərilmişik!
Həyatın adam udan,
baş qatan, baş ovudan
qasırğalı qoynunda
qarı çiçək bilmişik!
1981
OCAQ DAŞI
Bürünmür qazanın, sacın ətrinə,
Qalıb yurd yerində, qəhərlənib o.
Tənha qəbir kimi allah xətrinə
Vəhşi gül-çiçəklə çəpərlənib o.
Az qalıb üstünü qar qəlbiləyə,
Hopur bərkliyinə nəmişli külək.
Təskinlik gətirib lal qəribliyə
Səhrada görünən insan izi tək.
Susub aşağılar, donub qəlbilər,
Qorxur taleyinin boz payızından.
Elə yuxalıb ki, ovula bilər
Qırov darısından, duman tozundan.
Sinəsi çör-çöplə çarpaz əkilib,
Yamanca qaralıb o his köynəyi.
Üstündən bir sığal, bir əl çəkilib,
Kirimir istəyi, kəsmir göynəyi.
Tənha ocaq daşı! Nə deyim ondan?
Taleyi kömürdən qismət alıbdı.
Kim bilir, bəlkə də çox yandığından
Belə yaddan çıxıb, yurdda qalıbdı...
1981
SIXIN BİZİ
Dağ basdıqca belindən
su çavıdı – əlləşdi.
Su birdən süngüləşib,
daşı da deşdi-keçdi.
Su dağa güc göstərib,
qaya devlə güləşdi.
Su çıxıb qaranlıqdan
gümüşü bulaq oldu!
Yerin ağırlığını çiynindən atsın deyə
toxum torpağı dəldi,
baş qaldırdı, dikəldi.
Toxum boylanıb göyə,
kök atdı, budaq oldu!..
Sıxın bizi, bərk sıxın, –
bəlkə biz də dirçələk!
Bəlkə bir başa düşək,
sözləşək,
yola gələk.
Bəlkə bir təpərlənək,
tərpənək,
qurcalanaq.
Bəlkə bir acılanaq,
acıqlanaq,
calanaq!
Biz qapqara qullarıq – aclarıq, yoxsullarıq,
yığıb öz varımızı yağılara yollarıq.
Sıxın bizi, bərk sıxın!
Döyün bizi, bərk döyün!
Yıxın bizi, bərk yıxın!
Yeyin bizi, bərk yeyin!
Bəlkə bir mənliklənək,
qəlbilərə diklənək.
Toplayaq özümüzü,
göstərək gücümüzü!..