Teleqraf.com Dilqəm Əhmədin essesini təqdim edir:
Türkiyədə 1960-cı il hərbi çevrilişi Səməd Ağaoğlunun həyatında dönüş nöqtələrindən birinə çevrilir. İlk hekayələr kitabı hələ Demokrat Partiya hakimiyyətdə olduğu dönəmdə çap olunsa da, məhbəs həyatı onu memuar ədəbiyyatında mühüm simalardan biri edir. Çünki yaşadığı və yaşayacağı çox şeylər vardı. Üstəlik təkcə öz həyatını deyil, həm də atasının həyatını yaşatmalıydı.
... Səməd Ağaoğlu 1909-cu ilin 23 aprelində Bakıda doğulur. Atasının, Azərbaycan və Türkiyənin tanınmış fikir adamı, siyasətçisi Əhməd Ağaoğlunun Osmanlıya mühacirətə getməsi nəticəsində ilk təhsilini orada Beyazit Feyziyye məktəbində tamamlayır. 1926-cı ildə Ankara Liseyini, 1931-də Ankara Hüquq fakültəsini bitirir. Ardınca doktorluq müdafiəsi üçün Strasburqa yollanır. Sonralar orada yaşadığı günləri “Strasburq xatirələri” adlı kitabında yazır.
Səməd Ağaoğlu hekayəçi kimi böyük şöhrət qazanmasa da, tanınmış yazıçılar, siyasilər arasında keçən ömrü ona zəngin həyat yaşadır, yazmaq üçün olduqca geniş materiallar qazanır. Bunlardan isə məharətlə yararlana bilir. Atasının yarımçıq qalmış xatirələrini və atasının dostları haqqında “Atamdan xatirələr”, “Atamın dostları”, hökumətində təmsil olunduğu Adnan Menderes haqqında “Dostum Menderes”, “Mərmərədə bir ada”, siyasi həyat barədə “Aşina üzlər”, “Siyasi günlük”, SSRİ-yə səfəri ilə bağlı “Sovet Rusiya imperatorluğu” kimi əsərlər yazır. Həmçinin “Zürriyyət”, “Böyük ailə”, “Qatırın ölümü”, “Müəllim Qafur” kimi hekayələr kitabını, “Həyat bir macəra – uşaqlıq və gənclik xatirələri” adlı memuarını nəşr etdirir.
Əsas kitabları siyasət ətrafında olsa da, ədəbiyyatı heç zaman unutmur. “İlk köşə-ədəbiyyat xatirələri” adlı kitabında yazıçılıq fəaliyyətinə başlamasından, dönəmin məşhur yazıçıları ilə olan dostluğundan, məsafələrindən yazır.
Siyasət ona ədəbiyyata geniş vaxt sərf etməsinə imkan verməsə də, özünün də yazdığı kimi, heç zaman sənətdən ayrılmır, sənət həyəcanı hər zaman davam edir. Həm də siyasətin topluma xidmət edən bir sənət nöqtəsi olduğuna inananlardan idi.
Ona hekayələrinin mövzularına görə, Dostoyevskinin təsirində olduğu deyiləndə belə cavab verir: “Dostoyevski məncə dünyanın ən böyük roman yazarıdır. Roman yazanların hamısı onun təsiri altında olub. Onun özü isə Balzakın təsiri altında idi”.
Ağaoğlu türk nəsrinin ən güclüləri sırasında Səid Faiqi, Səbahəddin Əlini və Yaşar Kamalı qeyd edir. O zamanın gənc nəslindən isə Orxan Vəlini: “Orxan Vəli elə bir məktəbin qapısını açdı ki, özündən başqa heç kim bu qapıdan keçə bilmədi və yalnız qaldı”.
S.Ağaoğlunun ilk hekayələri “Hep gençlik”, “Varlık”, “Yücel”, “Şadırvan” adlı jurnallarda yayımlanır. “Hep gençlik” dərgisində yazarkən Ankara Hüquq fakültəsində tələbə idi. Jurnalının ilk sayını atası Əhməd Ağaoğluna göstərərkən, ondan belə cavab alır: “Yazını oxuyaraq “sən yazmısan” dedi. İnkar etdim. “Xeyr, sən yazmısan” deyə israr etdi və dedi: “Sənə nəsihətimdir, vaxtsız ötən xoruzu kəsərlər”.
Nazim Hikmətə qarşı
1929-cu il. Nazim Hikmət “Bütləri yıxırıq” adlı kampaniyaya başlayır. Dönəmin toxunulmaz hesab edilən yazıçılarına - Əbdülhaqq Həmid, Əhməd Haşim, Yəhya Kamal, M.Ə.Yurdakul və digər yazıçılara qarşı sərt yazılar yazır. Bu kampaniyaya görə Nazim xainlikdən bolşevikliyə qədər müxtəlif iddialarla suçlanır. Bu dönəmdə hələ ədəbiyyata ilk addımlarını atan Səməd Ağaoğlunun olduğu cəbhə Nazimə qarşı çıxır: “Həmin il Nazim Hikmət və bəzi dostları məşhur “Bütləri yıxırıq” bayrağını açaraq başda Namiq Kamal olmaqla tanınmış millətçilərə qarşı hücuma keçmişdilər. Gənc Türk Ədəbiyyat Birliyi olaraq qarşı çıxmağa qərar verdik və başlanğıc olaraq da Namiq Kamalı seçərək Türk Ocağında bir toplantı hazırladıq. Toplantının gününü və mövzusunu bildirən elanları üzvlərimiz Ankarananı küçə və prospektlərində xalqa payladı”.
Səbahəddin Əli ilə ilk görüş
S.Ağaoğlunun “İlk köşə-ədəbiyyat xatirələri” kitabında dönəmin bir çox yaşlı və gənc nəsil yazıçıları haqqında xatirələr toplanıb. Əhməd Həmdi Tanpınardan Orxan Vəliyə, Səbahəddin Əlidən Fazil Hüsnü Dağlarcaya qədər bir sıra tanınmışların yaşamından yarpaqlar verilib. Bu xatirələr arasında ən maraqlısı isə Səbahəddin Əli ilə bağlı olanlardır.
Ağaoğlu S.Əli ilə bağlı xatirələrinin 1934-cü ildən başladığını yazır. Dönəmin gənc ədəbiyyatçılarının toplaşdığı İstanbul Pasta salonunda dostları vasitəsilə tanış olur: “Bu tanışlıqdan bir neçə dəqiqə keçməmişdi ki, birdən mənə döndü və “tələbəlik xatirələrinizi oxuyuram. Bu qədər romantik olmaq nəyə lazımdır. Realist olun. Anadolunu, məmləkəti yazın” dedi. Tez-tez danışır, sözləri məndə danlaq təsiri göstərirdi. Bir az şaşırdım. O, bundan istifadə edərək üzərimə daha çox gəlməyə başladı”.
Lakin hər şeyə rəğmən Ağaoğlu ilk görüşün müsbət olduğunu yazır, hətta Səbahəddinə içki içməyi təklif edir. Sonuncunun cavabı isə yenə politik olur: “Bir burjuanın içkisini içmək, onu xərcə salmaq mənə zövq verər”.
Məşhurluq üçün taxılan maska
Ağaoğluna görə, Səbahəddində şəxsiyyətin ikiləşməsi var idi. Onun heç bir zaman həqiqi kommunist olmadığını yazır: “Hekayə və romanlarındakı Səbahəddinlə gerçək Səbahəddin arasında dağlar qədər fərq vardı. Hekayələrində xalq adamı, şəxsiyyət, insanpərvər olan Səbahəddin Əli həyatda ən mükəmməl bir burjua tipi idi. Pul xərcləyər, şıq geyinər, əla siqaretlər çəkər, bahalı restoranlarda qarnını doyurardı. Onu İkinci Dünya müharibəsi vaxtı zeytun yağı ticarəti ilə məşğul olarkən görəndə “maşallah, möhtəkir olmusan” dedim. “Nə edim, yaxşı kommunist ola bilmədik, barı yaxşı burjua olum” dedi”.
Ağaoğluna görə, Səbahəddin Əli kommunistliyi, sosialistliyi bir ideal, inandığı bir nizam olaraq deyil, cəmiyyətdə diqqət çəkmək, tanınmaq, məşhur olmaq üçün bir maska olaraq üzünə taxmışdı. Əsərlərindəki və gerçəkdəki rolunun hər ikisində səmimi idi. Lakin əsərlərinin qəhrəmanlarının ruhlarının dərinliyinə getməyi sevməzdi. Çünki dərinliyə getdikcə insanların bir-birindən necə fərqli olduğunu görür, bu isə insanlar arasında bərabərlik istəyən görüşü ilə ziddiyyət təşkil edirdi.
S.Ağaoğlu yazır ki, Səbahəddinin ona təsir göstərən ən yaxşı əsəri “Kuyucaklı Yusuf” idi: “O, bu romanda məhz özünün anlatmaq istəyib”.
Ağaoğluna görə, Səbahəddin həyatının ən yaxşı illərini bilərəkdən və ya bilməyərəkdən məmləkətdəki hakim siyasi ab-havanın alətinə çevirdi: “Ölkədə bu və ya digər səbəblərlə millətçi cərəyanlar və aşırı sağçılıq damğası ilə bir çox insanlar təqib edilərkən, Səbahəddin Əlini iqtidarın ən yüksək nümayəndələrinin yanında, süfrələrində gördüm...Üzünə gülürdülər. 1944-cü ildə bir gün Ankarada rastlaşdım. Şiddətli lütfkarlıq gördüyü zamanlar idi. Karpiç restoranından yanında bir neçə məşhur millət vəkili və məlum qəhqəhələri ilə gülərək çıxarkən məni gördü, yanıma gəldi və qulağıma əyilərək “axmaqlar indi üzümə gülürlər, bol-bol ikram edirlər. Sabah isə məni yenə həbsə göndərəcəklər” dedi.
- O zaman nə üçün onlara alət olursan?
- Çünki sizin kimi millətçilik əfsanələri ilə bu məmləkəti uçuruma götürənləri yenə özünü millətçi adlandıranların əli ilə vurmaq niyyətindəyəm. Mənim arzum budur.
Xeyr, Səbahəddin Əli bunu mənə qarşı olaraq söyləyirdi. Həqiqətdə isə tamamən təslim olmuşdu. Fəqət qüruru etirafına mane olurdu”.
Siyasi görüşləri arasında kəskin fərqlər olsa da, S.Ağaoğlu ilə Səbahəddin Əli arasında bəzən dostluq, bəzən isə məsafələr vardı. Ağaoğlunun yazdığına görə, dönəmin faşist sayılan baş naziri Şükrü Saracoğlu Səbahəddini himayə edirdi. Səbahəddin kiçik ticarətlə məşğul olur, məhbəsdə gördüyü acıları kapitalist yollarla azaltmağa çalışırdı: “Səbahəddinin sosial görüşlərinə ən az qatılan hər yöndən zərif olan xanımı idi. Bir də kiçik qızları var idi o vaxtlar. Bir gün ya onların, ya da bizim evdə ideoloji söhbətlər əsnasında dedim: “Bax, Səbahəddin. Bu mübarizəni biz millətçilər, sənə görə burjualar qazanacaq. Söz verirəm, əgər sən o zəfər günü həyatda olmasan, xanımın və qızın başları dara düşəndə yanıma gələ bilərlər. Mən fikir ayrılığı ilə, dostluğu və insanlığı bir-birinə qarışdırmaram”. Səbahəddin mənə cavab olaraq hər zaman dediyini təkrarladı: “Səməd, son zəfər bizim olacaq. Amma siz burjualardan arvadınız, uşaqlarınız da daxil olmaqla heç kimi sağ qoymayacağıq. Bizim idealımız yepyeni insanlardan bir cəmiyyət qurmaqdır”. Əllərini yenə ağzına apararaq güldü, güldü...”
Ağaoğlu başqa bir xatirəsində yazır: “Alman ordusunun məğlubiyyətləri başlayanda Ankarada Akba kitab evində qarşılaşdıq. Mənə “ruslar qazanmağa başladılar, buraya qədər gələcəklər. Səni və sənin kimiləri öldürəcəyik” dedi. Sükunətlə cavab verdim: “Səbahəddin, yaxşı bilirsən ki, onlar gələrlərsə, səni də kəsəcəklər. Girdikləri hər yerdə əvvəlcə özlərinə qapı açanları yox ediblər”. Üzü sapsarı oldu. “Bəli, bunu bilirəm, dedi, “fəqət əvvəla bizim əlimizlə sizi kəsəcəklər. Bu yolla heç olmasa, sizləri biz aradan götürmüş olacağıq”.
İllər keçir...Səbahəddin Əli öldürülür. Onun görüşləri qalib gəlmir. Səməd Ağaoğlu isə iqtidarda təmsil olunur. 1950-ci ildə bir gün Səbahəddinin xanımı Aliyə Əli ondan işlə bağlı kömək istəyir. S.Ağaoğlu isə Səbahəddinə verdiyi sözü tutur…