Teleqraf.com Murad Köhnəqalanın “ŞƏKİL DƏFTƏRİ” silsiləsindən yazdığı şeirləri təqdim edir:
***
Meşə yolu…
Yük altında
təkrar və dəyirmi
gileylənən araba səsi,
yorğun at iyi…
Bir araba zolaqlı qarpız
üstündə yaşıl qamış.
Fit çalır qoca bostançı
arabada
sərbəst vəzndə.
Gərdişdən də gözəl dolanır,
ax, bu taxta təkərlər.
Yaxşı, bəs
bu cırcırama niyə gizlənib?
sözündə həqiqət var, axı:
«Dəmiryolu öz dərsini
arabanın saldığı izdən köçürdüb».
***
Həyətdə
Gilas ağacının kölgəsində,
oturub kilimin üstündə,
qarğıdalı dənələyir bir gəlin.
Belinə şəllədiyi körpəsi yatıb,
yana əyilib başı…
(uşaq anasının ürəyigilə gedib.)
Ayaqları bir balaca
şəlləkdən çıxıb ancaq.
Sol ayağı corabsızdı uşağın –
Bunda insan əli yoxdu, fəqət,
bu Tanrının özünün
şəxsi əl işidi!
***
Qoca günbəz…
Ətəyində təzəcə göyərib otlar.
Ayaqyalın gəzsən
qanqala da rast gələrsən.
Bir… iki… üç…
üç kərpic düşüb bu küncdən ancaq.
Yerdə yoxdu –
otlar da and içir.
Göydə də yoxdu,
hanı, üç kərpic, hanı?
Ay camaat,
bu dünyanın üç kərpici çatışmır!..
***
Səkkiz ildən sonra
Dustaqlıqdan qayıdan kişi…
Qapısından girməmiş
həyətdəki tut ağacı
tanıdı onu
Taxta qapıdakı
paslı dəstək tanıdı onu.
Paltarasılan məftil tanıdı onu –
Bir uşaq paltarı böyümüşdü məftildə…
Su damırdı paltarlardan
Bir də o kişinin cod yanağından.
Yumruğunu ağzına tutub öskürürdü,
Tüstü püskürürdü…
1983