4 May 2015 14:05
2 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına sayılı günlər qalıb. Daha dəqiq desək, bizi mötəbər idman bayramından cəmi 39 gün ayırır. Ölkədəki bütün idman arenaları hazır vəziyyətə gətirilir, paytaxt Bakıdakı tikinti işləri tamamlanmaq üzrədir.

Artıq Bakı Olimpiya Stadionu “Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimini gözləyir. Hələ stadionda tikinti işləri gedən zaman Olimpiya Stadionundan fotoşəkillərlə tanış olmuş, hətta hazırlıq işləri başa çatandan sonra stadionun son görüntülərinin necə olacağına dair video çarxı izləmişdik. İndi isə stadion tam hazırdır və 68 min tamaşaçını qəbul edəcək bu məkanı görüntüləməyə icazə yoxdur.

Bizi Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) avtomobili müşayiət etsə də, mühafizə xidməti ətrafda çəkilişin qadağan olunduğunu söylədi. Bakı Olimpiya Stadionun səlahiyyətli şəxsini gözləyib, səbəbini özündən soruşmağı üstün tutduq.

Avropa Oyunları tamaşaçılarına sürpriz

Stadionun baş meneceri Konstantin Bortniçekin dediyinə görə, Bakı Olimpiya Stadionunun tam versiyası məhz iyunun 12-də açılışı günü tamaşaçılara sürpriz ediləcək. Bu səbəbdən də stadionun hazır vəziyyətinə dair fotoşəkillərin mediada işıqlandırılmasını istəmirlər.

Konstantin Bortniçek stadiondan reportaj hazırlamaq istədiyimizi görüb bizi əliboş qaytarmadı. O, stadiondakı son vəziyyət, hazırlıq işləri ilə bağlı suallarımızı cavablandırdı, hətta ətrafda çəkiliş aparmağa icazə də verdi.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun yalnız ətrafında kiçik tikinti işləri gedir, onun həndəvərində isə işlər tamamlanıb.

Bakı Olimpiya Stadionunun baş meneceri Konstantin Bortniçek eksklüziv olaraq “Gündəlik Teleqraf”ın suallarına cavabını təqdim edirik:

- “Bakı-2005” ilk Avropa Oyunlarının açılışına cəmi 39 gün qalıb. Hansı işlər artıq bitib, görülməyən işlər qalıbmı?
- “Bakı-2005” ilk Avropa Oyunlarına çox ciddi və yüksək səviyyədə hazırlıq gedir. Bu oyunları səbirsizliklə gözləyən tamaşaçılara sürpriz etmək istədiyimiz üçün iyunun 12-nə, yəni Oyunların açılışınadək Bakı Olimpiya Stadionunda heç bir çəkiliş etməyə icazə verilmir. Stadionun konstruksiya işləri tamamilə yekunlaşıb, hazırda struktur işləri plan üzrə açılışa qədər ardıcıllıqla gedir. Bir neçə gün sonra stadionda atletika üzrə sınaq yarışları keçirmək mümkün olacaq. Bakı Olimpiya Stadionu iyun ayında açılışa ideal şəkildə hazır olacaq.

“Heç bir işçi iş şəraitindən narazılıq etmir”

- Təxminən nə qədər işçi çalışır?
- Həm konstruksiya işləri, həm də stadionun daxilindəki tikinti işləri ilə bağlı 3 mindən çox şəxs çalışır. Hər kəsi əmin edirəm ki, işlər yüksək templə gedir və heç bir işçi iş şəraitindən narazılıq etmir. Hər kəs gördüyü işdən razıdır.

- Özünüz Soçi olimpiadasına hazırlıq üzrə Təşkilat Komitəsində çalışmışınız, kifayət qədər təcrübəli mütəxəssissiniz. Sizcə, ilk Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində olacaqmı?
- Bu Oyunların ilk özəlliyi ondadır ki, birinci Avropa Oyunları məhz Bakıda keçiriləcək. Dünyada müxtəlif Olimpiya Oyunları keçirilib. Amma “Bakı-2015” Olimpiya Oyunlarından çox fərqlənəcək. Eyni zamanda “Bakı-2015” ilk Avropa Oyunları həm də onunla yadda qalacaq ki, 15 ildən sonra da xatırlayanda deyiləcək: ilk Avropa oyunları Azərbaycanın paytaxtında keçirilib. Hər bir şeyin ilkini edəndə çətinliklər çox olur. Bakı tarixdə ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi yadda qalacaq. Hər bir şeyin öhdəsindən gəlmişik, çox möhtəşəm idman yarışı olacaq.

- Bu stadionun hansısa fərqləndirici özəlliyi varmı?
- Bakı Olimpiya Stadionu yeni üslubda tikilib. Bu, Avropada və dünyada ən müasir dizaynda tikilmiş stadiondur. Stadion həm Avropa Oyunlarını, həm də Oyunlardan sonra yerli yarışları keçirməyə imkan verəcək. Biz peşəkar komanda ilə, ABŞ, London və digər ölkələrdən gələn mütəxəssislərlə birgə çalışmışıq və əlimizdən gələni etmişik ki, İlk Avropa Oyunları çox yüksək səviyyədə baş tutsun. Müxtəlif millətlərdən olan nümayəndələrin iştirakı ilə möhtəşəm idman yarışı keçiriləcəyinə inanırıq.

“Həqiqətə uyğun olmayan məlumatları ciddiyə almaq lazım deyil”

- Yəqin, Bakı Olimpiya Stadionu ilə bağlı yayılan şayiələrdən məlumatlısınız...
- Dünyadakı bütün mötəbər yarışlar öncəsi, həm Soçi, həm də London Olimpiya Oyunlarından qabaq müxtəlif neqativ informasiyalar və şayiələr yayılıb. Həqiqətə uyğun olmayan məlumatları ciddiyə almaq lazım deyil. Hər kəsi əmin etmək istəyirəm ki, stadionda bütün işlər çox yüksək səviyyədə və dünya standartlarına cavab verən şəkildə davam edir. Stadion 60 mindən çox tamaşaçı və idmançını qəbul etməyə və açılışa tam hazırdır. Açılış şousunu çox həyəcanla gözləyirik. Doğrudur, 24 saat fasiləsiz olaraq çalışmaq çətin iş qrafiki olsa da, biz tam gücümüzlə hər şeyin yüksək səviyyədə alınacağına əminik.

Qeyd edək ki, təxminən 50 hektar ərazidə inşa olunan, 62 metr hündürlükdə və 6 mərtəbədən ibarət olan obyekt müasir tikinti üslubu ilə fərqlənir. Beynəlxalq standartlara tam cavab verən Bakı Olimpiya Stadionunun sahəsinə 4, tribunlara 26 qapıdan giriş nəzərdə tutulub. Təməli 2011-ci il iyunun 6-da Azərbaycan prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə qoyulan tikilidə müxtəlif funksiyalı tribunalar, qaçış zolaqları və digər infrastrukturlar yaradılıb. Dövlət başçısı metal gilizi rəmzi topun içərisinə qoyub. Prezident İ.Əliyev, FİFA və UEFA prezidentləri xatirə topunu imzalayıblar.

68 min tamaşaçı Oyunları izləyəcək

Ən müasir avadanlıqlardan və inşaat materiallarından istifadə olunan stadion 68 min 195 tamaşaçı tutumuna malikdir. Tikintisinə 2012-ci ilin dekabrında başlanılmış arenanın istismara hazırlığı ilə bağlı Akt imzalanıb və arena Gənclər və İdman Nazirliyinə təhvil verilib. Daxili sahəsi 120,830 kvadratmetr olan stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılır. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.

Bakı Olimpiya Stadionunun sifarişçisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, baş podratçısı Dövlət Neft Şirkəti (ARNDŞ), subpodratçı isə “Tekfen İnşaat və təsisat A.Ş” olub. Prosedura uyğun şəkildə layihə sənədləri hazırlanıb və müvafiq qaydada ekspertizadan keçirilib.

Stadionda əlil azarkeşlər də nəzərə alınıb. Arenada, həmçinin VVİP, VİP, CİP, media, hovuz və digər sektorlar da mövcuddur. Oturacaqlar açılıb-bağlanan olması ilə yanaşı, rəngləri ilə də diqqəti cəlb edir, daha çox mavi rəngə üstünlük verilib. Əsas meydandan başqa, əlavə stadion da inşa edilib ki, burada da oturacaqlar quraşdırılıb, bütün işlər tamamlanıb. Tikilinin 4-cü mərtəbəsi ali qonaqlara xidmət edəcək. Burada televizor, kreslo, kofe stolu ilə yanaşı, görüş keçirmək üçün dəyirmi masa da yerləşdirilib.

Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən Bakı Olimpiya Stadionu müasir idman qurğuları sırasında özünəməxsus yer tutur. Stadionda açılış və bağlanış mərasimləri ilə yanaşı, atletika yarışları da təşkil olunacaq. Komandalar arasında mübarizə iyunun 21-22-də olacaq.

Xatırlatma: Məhz bu arena Avropa Oyunlarının ardınca 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını və 3 il sonra futbol üzrə Avropa çempionatının oyunlarını da qəbul edəcək.

Nərgiz Ehlamqızı

Foto: Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər