“Əminliklə deyirəm ki, Azərbaycanda baş tutacaq “Bakı 2015” Avropa Oyunları bayram abu-havasında çox gözəl keçəcək. Həm vətəndaş, həm də sənət adamı kimi çox sevindirici haldır ki, belə bir mötəbər tədbir Azərbaycanda gerçəkləşəcək”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti, sevilən xanəndə Aygün Bayramova deyib. Avropa Oyunları ilə bağlı təəssüratlarını bizimlə bölüşən xanəndə sevdiyi idman növündən də danışıb: “Xatirinizdədirsə, bir neçə il bundan öncə “Eurovision” yarışması da ölkəmizdə təşkil olundu və biz bu işin öhdəsindən layiqincə gəldik. Həmin yarışma qısa müddətli idi, amma təsəvvür edin ki, “Bakı 2015” Avropa Oyunları 12-28 iyun tarixlərini əhatə edəcək və bu kifayət qədər uzun müddətdir. Düşünürəm ki, bu müddət ərzində ölkəmizə gələn idmançılar, qonaqlar, turistlər Azərbaycanda keçirilən Avropa Oyunlarından çox məmnun qalacaqlar. Bilirsiniz ki, Azərbaycan hər zaman qonaqpərvər, insansevər xalq olub. Belə mühüm tədbirlərdə isə xüsusilə…Sevinirəm ki, televiziya kanallarında, yazılı mediada Oyunlarla bağlı materiallar hazırlanır, geniş təbliğat aparılır. Mən bütün bunları çox yüksək qiymətləndirirəm. Eyni zamanda şəhərimizdə gedən abadlıq işləri, yolların təmiri bu Oyunlara tam hazırlıqlı olduğumuzun göstəricisidir. Mən Azərbaycan xalqını bu Oyunlarında yaxından iştirak etməyə, bilet alıb baxmağa çağırıram. Yeri gəlmişkən deyim ki, bütün oyunlara baxmağa gedə bilməsəm də, əksəriyyətinə gedəcəm. Basketbol, voleybol oyununu çox sevirəm, bununla yanaşı güləş, boks idman növünə də marağım var.
İdmançılarımıza uğur, qələbə, medallarımızın sayının çox olmasını arzulayıram. Demirəm ki, hamısı qızıl medal olsun, xeyir, amma ümumi medalların sayı çox olsun. Düşünürəm ki, bizim ölkədə keçirildiyinə görə bu, idmançılarına gözəl, uğurlu oyun nümayiş etdirmək üçün daha güclü motivasiya verir. Ona görə inanıram ki, qələbə bizimlədir”.
Nərmin