7 May 2015 11:59
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbliğat materialları paylanılıb, ağacəkmə aksiyası keçirilib, tanıtım nişanları quraşdırılıb

"Bakı-2015" Olimpiya Oyunlarına sanılı günlər qalıb. Aidiyyəti qurumlar yarışa hazırlıqla bağlı gücləndirilmiş iş rejimində çalışır. Binəqədi rayonunda Olimpiya Oyunlarına hazırlığa hələ ötən ildən start verilib. Görülən işlərlə bağlı rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsindən məlumat aldıq.

Şöbədən Teleqraf.com-a bildirdilər ki, bu möhtəşəm tədbirə intensiv hazırlıq mərhələsində Binəqədi rayonu unikal təşəbbüslə çıxış edib. 2015-ci il İlk Avropa oyunlarına töhfə olaraq 1 iyul 2014-cü ildən etibarən rayon ərazisində mərhələli şəkildə "Təmiz Binəqədi" layihəsi başladıldı.

Məqsəd Olimpiya Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada həyata keçirmək, bu işlərə rayon ictimaiyyətini, geniş əhali kütləsini cəlb etmək olub.

"Təmiz Binəqədi" layihəsi ilə bağlı bu günədək rayon ərazisində çox işlər görülüb və bu fəaliyyət davam etdirilir. Ötən il iyul ayının 5-də layihənin təqdimatı və tədbir çərçivəsində 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı baş tutub. Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yaradılan "Təmiz Binəqədi layihəsi" bölməsində layihə haqqında məlumat, görülmüş işlər, keçirilmiş tədbirlər, mətbuatla əlaqələr və video-qalereya altbölmələri yaradılıb ki, bütün məlumatlar mütəmadi yerləşdirilir və yenilənir.

Həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin saytında Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar vaxtın geriyə hesablanması üçün saat quraşdırılıb. İcra Hakimiyyəti Aparatının qəbul monitorunda və infoköşklərdə layihə haqqında məlumatlar yerləşdirilir.

"Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə 30 min bildiriş, 1600 poster hazırlanıb, sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə paylanılıb.

Layihəyə könüllülər də qoşulub, qruplarla görüş keçirilib, 40 nəfər tərkibdə mobil könüllü qrupu yaradılıb. Sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi ilə əlaqədar könüllü gənclər tərəfindən videoçarxlar hazırlanıb.

Rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların istismarında olan nəqliyyat vasitələrinə, pərakəndə ticarət obyektləri, həmçinin digər təsərrüfat subyektlərinə poster və loqolar vurulub. Rayonun giriş hissəsində Avropa Oyunları loqosu quraşdırılıb.

Sentyabrda Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyinin və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun təşkilatçılığı ilə veloyürüş keçirilib.

Tədbir ekoloji mühitin qorunması ilə bağlı konfransla davam etdirilib. Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları dinlənilib.

İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun müxtəlif ərazilərində mütəmadi olaraq "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası həyata keçirilib.

İctimai rəyin öyrənilməsi üçün layihənin gedişinin, görülmüş tədbirlərin, həmçinin layihə ilə əlaqədar keçirilmiş aksiyalar haqqında məlumatların kütləvi informasiya vasitələrində, Binəqədi Rayon İcra Hakimiyyətinin saytında və sosial şəbəkələrdə işıqlandırılması daxildir.

Sonuncu ağacəkmə aksiyasında isə "Təmiz Binəqədi - təmiz ideya" yazı müsabiqəsinə təqdim olunan məqalə müəlliflərinin mükafatlandırılması olub. Mərasim zamanı təltif olunan KİV nümayəndələrinə həm də simvolik olaraq "Bakı-2015" ilk Avropa Oyunlarına bilet təqdim edilib.

İcra Hakimiyyətindən bildirirlər ki, bütün bunları nəzərə aldıqda "Təmiz Binəqədi" layihəsinin əhəmiyyətini və bu təqdirəlayiq aksiyanı dəstəkləməyin vacibliyini anlamaq o qədər də çətin deyil. Bu, həm də öz növbəsində Olimpiya Oyunlarına verilmiş bir dəstəkdir.

Son işlərdən biri kimi I Avropa Oyunlarına hazırlıqla bağlı bir ay əvvəl geniş tərkibli iclas keçirilib. Oyunlarının başlanmasına qısa müddət qaldığı üçün hazırlığın son mərhələsində fəaliyyətin intensivləşdirilməsinə ehtiyac yarandığı vurğulanıb. Buna görə də I Avropa Oyunlarına hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının 89 nömrəli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 244 və 263 nömrəli sərəncamları ilə hazırlanan və həyata keçirilən Tədbirlər Planının icrası ilə əlaqədar rayonda qərargah yaradılıb.

YAP Binəqədi rayon təşkilatının inzibati binasında fəaliyyət göstərən qərargahda qaynar telefon xətti fəaliyyət göstərir, məsul şəxslər tərəfindən görülən işlərin koordinasiyası təmin edilir.

I Avropa Oyunlarının təbliğ olunması ilə bağlı yerlərdə sakinlərlə səyyar görüşlər keçirilir, rayon ərazisində fləşmoblar, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə ictimai tədbirlər təşkili olunur.

Bundan başqa, digər qurumlarla, nazirliklərlə mütəmadi görüşlər keçirilir, Avropa Oyunlarının hazırlıq dövründə qarşıda duran vəzifələr müzakirə olunur. Ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə müzakirələr aparılır.

Paytaxtın vizual olaraq oyunlara hazırlığı da diqqətdən yayınmır. Hazırda Bakının məşhur simvolları - Qız Qalası, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Heydər Məscidi və sair unikal tikililərinin maketi rayon ərazisində quraşdırlıb. Ziya Bünyadov prospekti boyunca "Bakı -2015" I Avropa Oyunlarının tanıtım nişanları vurulub.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər