Mayın 9-da xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Minlərlə məcburi köçkün əllərində gül-çiçək və bayraqlar “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, məşəl estafetinin sevincini yaşamaq üçün qəsəbənin küçələrinə axışırdı.
Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında 320 ailəlik qəsəbədə xocavəndli məcburi köçkünlər tərəfindən böyük coşqu və alqış sədaları ilə qarşılandı. Alov estafetini Xocavənd rayonundan olan məşəlçi – sambo, döyüş sambosu, əlbəyaxa döyüş və jiu-jitsu üzrə dünya çempionu Bəxtiyar Abbasov qəbul etdi. Sonra 3,2 kilometr məsafədə məşəl yürüşü başlandı. On nəfər idmançı məşəli bir-birinə ötürərək qəsəbədəki Dövlət Bayrağı meydanına gəldi. Yol boyu düzülən xocavəndlilər məşəl estafeti iştirakçılarını hərarətlə qarşıladılar.
Alov estafetinin sonuncu iştirakçısı – qarışıq döyüş növləri və döyüş sambosu üzrə dünya çempionu Şəhriyar Abbasov məşəli səhnəyə qaldırdı. Minlərlə xocavəndlinin alqış sədaları göyə ucaldı. Səmaya sülh göyərçinləri və şarlar buraxıldı. Məşəlin alovu ilə yandırılan çırağı Salakətin kənd tam orta məktəbinin şagirdi Aytac Rüstəmli rayon ictimaiyyətinə təqdim etdi. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayonda saxlanılacaq. Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Dövlət Bayrağı meydanına toplaşan xocavəndlilərin çöhrəsində bayram əhval-ruhiyyəsi vardı. Salakətin kənd tap orta məktəbin müəllimi Telli Alıyeva dedi: “Bu gün birinci Avropa Oyunlarının məşəli Xoacvənd qəsəbəsində alovlanır. Bu, 20 ildən də artıq köçkün həyatı yaşayan xocavəndli məcburi köçkünlər üçün böyük hadisədir. Məşəlin qəsəbəmizə gəlməsi ilə xocavəndlilərin ürəyində heç vaxt sönməyən ümid məşəli daha da alovlandı. İnanırıq ki, belə möhtəşəm mərasimlər tezliklə hazırda erməni işğalı altında olan ata-baba torpaqlarımızda da keçiriləcək”.
Qəsəbə sakini Məhərrəm Nəsirov fikirlərini belə ifadə etdi: “80 yaşım var. Yaşadığım illər ərzində çox hadisələrin şahidi olmuşam. Ancaq bu gün yaşadığım sevinc və keçirdiyim qürur hissi bam-başqadır. İnanıram ki, irəlidə xalqımızı hələ çox-çox fərəh doğuracaq günlər gözləyir. Avropa Oyunlarının məşəlinin qəsəbəmizə də gəlməsi biz köçkünləri çox sevindirdi. Bu anı bizə bəxş etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Alqışların ucaldığı və məşəlin şəfəq saçdığı meydan insanların sabaha olan dərin inamını ifadə edirdi. Çox keçməz ki, bu gün Xocavənd qəsəbəsində şölələnən bu məşəl Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad ediləcək yurd yerlərində də alovlanar.