Gələn ay Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu mühüm tədbirin ölkəmizdə keçirilməsi sənət adamlarını da sevindirir. Onlar da öz növbələrində hər bir azərbaycanlını “Bakı-2015" I Avropa Oyunlarında yaxından iştirak etməyə səsləyir, idmançılarımıza uğurlar arzu edirlər.
“Çox möhtəşəm hadisədir”
Xalq artisti Hacı İsmayılov: “Azərbaycanda, Bakıda İlk Avropa Oyunlarının keçirilməsi çox möhtəşəm bir hadisədir. Bu, heç də hər bir ölkəyə, hər bir respublikaya nəsib olmur. Bunun üçün çox böyük şərt, həvəs, istək lazımdır. Üstəlik dünya ölkələrinin də bunu istəməsi lazımdır. Bilirsiniz ki, Azərbaycanda idmana, mədəniyyətə, bütün sahələrə olan diqqət, qayğı öz bəhrəsini vermək üzrədir. Bütün bunların məntiqi davamı olaraq İlk Avropa Oyunlarının Bakıda keçirilməsi alqışlanmalıdır. Bunun üçün bünövrə olmalı idi. Məsələn, idmana, idmançılara olan qayğının nəticəsidir ki, Azərbaycan idmançıları dünya, Avropa çempionatlarında bayrağımızı yüksəklərdə dalğalandırırlar, himnimizi səsləndirirlər. Bu, çox böyük hadisədir. Bütün bunlar sübut etdi ki, doğurdan da Azərbaycanda idmana nə qədər böyük qayğı var. Tikilən bu idman sarayları, idman oyunları zalları dünyaya sübut etdi ki, Azərbaycanda böyük, möhtəşəm idman yarışı keçirmək olar. Ona görə yekdil razılıqla Azərbaycan İlk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu, həm inkişafdır, həm də böyük hörmətdir. Bütün dünyanın gözü Bakıda olacaq, bütün dünya Azərbaycanı seyr edəcək. Bunların içərisində Azərbaycanı sevənlər də var, sevməyənlər də var. Avropa Oyunları eyni zamanda turizmə də kömək edəcək. Gələn insanlar, idmançılar, qonaqlar Azərbaycanın, Bakının gözəlliklərini, xalqımızın qonaqpərvərliyini, sülhsevərliyini görüb ürəklərində deyəcəklər ki, bu diyara bir də gələk. İnanıram ki, Avropa Oyunlarından sonra da Bakıya güclü turist axını olacaq. Bu, çox mühüm, tarixi hadisəyə nəinki idmançılarımız, başqa sahələrin adamları da, eyni zamanda mədəniyyət xadimlərimiz öz töhfələrini verəcəklər. Onlar istər səhnədə, istərsə də konsert salonlarında öz məharətlərini göstərəcəklər. Mən idmançılarımıza qələbə arzu edirəm. Qalib olub, Azərbaycan himnini səsləndirsinlər ki, hamımız ayağa qalxaq”.
“Avropa Oyunları Azərbaycanın sabahıdır”
Xalq artisti Afaq Bəşirqızı: “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanın xarici dövlətlər tərəfindən bir daha tanınması və qəbul edilməsi deməkdir. Başqa sözlə, bu, Azərbaycanın sivil dövlət olmasının göstəricisidir.
Avropa Oyunları ilə maraqlanan çoxlu sayda turistlər Bakıya gələcək. Çox istəyirəm ki, onlar gəlib yaxından bizim tariximizlə, mədəniyyətimizlə tanış olsunlar, insanlığımıza, insana qarşı olan ünsiyyətimizə bələd olsunlar. Necə ki, bu qonaqpərvərliyi “Eurovision” yarışmasında gördülər. “Eurovision” iştirakçıları indiyə qədər də qalibin məhz Azərbaycandan olmasını istəyirlər ki, yenidən bura gələ bilsinlər.
Azərbaycan öz problemlərini kimlərinsə boynuna yükləmir, yaxud bu problemləri afişa şəklində dünyaya təqdim etmir. Azərbaycan öz millətinə, öz qüruruna, mentalitetinə xələl gətirən bir xalq deyil. Azərbaycan torpaqlarının 20 faizi işğal altında olsa da, sülh şəraitində belə ayda ən azı iki-üç dəfə ermənilər tərəfindən atılan güllələrə görə şəhid versə də yenə də öz dərdini özü çəkir və çəkəcək də. Heç kimə arxalanmırıq, özümüzdən başqa. Azərbaycan olub, olacaq. Çünki Azərbaycanı Tanrı sevir. Və Tanrı sevdiyi varlıqlar da məğlubedilməzdirlər. Dua edirəm ki, Avropa Oyunları gözəl şəraitdə, əmin-amanlıqla keçsin. Avropa Oyunları Azərbaycanın sabahıdır".
Nərmin