21 May 2015 12:26
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-də Bakı şəhərindəki “Excelsior” otelində “Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAİEX seminarı” işə başlayıb.

Teleqraf.com-un məlumatına görə, Avropa Komissiyasının təşkil etdiyi seminar Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub.

Tədbirin əsas məqsədi 12 iyun 2015-ci ildə Bakı şəhərində başlanacaq Birinci Avropa Oyunları ərəfəsində böyük sərnişin axınının və yüklərin idarə olunması istiqamətində Azərbaycan Gömrük Xidmətinə dəstək verməkdir.

Seminarda əsasən - silahların müvəqqəti idxalı və rəsmiləşdirilməsi prosesi; xüsusi icazə tələb edilən mallar; kütləvi sərnişin axınının idarə edilməsi; idmançıların, məşqçilərin, şəxsi heyətin yüklərinin rəsmiləşdirilməsi prosesi; Oyunlar ərzində idmançıların gömrük-sərhəd buraxılış məntəqəsindən sürətli keçidinin təmin edilməsi; Oyunlar üçün gətirilən yüklərin rəsmiləşdirilməsi prosesi; sənədlərin sadələşdirilməsi; idmançılar və şəxsi heyət üçün gətirilən yüklərin sənəd çatışmazlığı halında hansı qaydada rəsmiləşdirilməsi; Oyunlar ərzində qadağan və məhdudiyyət qoyulmuş malların gömrük ərazisinə gətirilməsi və təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Seminarın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri xanım Malena Mard və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Məkanların İdarəetmə Direktoru Neil Carney iştirak ediblər.

TAİEX (Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramı üzrə texniki yardım və informasiya mübadiləsi aləti) seminarını Avstriya Maliyyə Nazirliyinin gömrük ekspertləri aparacaq.

Birinci iş günündə “Ehtiyaclar və maraqlar”, “Qanunvericilik (yük və səyahətçi)” və “İdman tədbirlərinin təşkili - Gömrük üçün tapşırıq” bölmələri üzrə məruzələr dinləniləcək.

Növbəti iş günündə isə “Hava limanı üzrə tələblər” mövzusunda məruzə dinləniləcək, eləcə də Bakı Hava Limanında təcrübi məşğələlər keçiriləcək. Seminar mayın 22-də başa çatacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər